"Sülh sazişinin imzalanması Ermənistan üçün böyük sarsıntılar vəd edir" - HƏRBİ-EKSPERT AÇIQLADI

"Sülh sazişinin imzalanması Ermənistan üçün böyük sarsıntılar vəd edir" - HƏRBİ-EKSPERT AÇIQLADI

"İlk dəfə deyil ki, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqların intensivləşdiyi bir vaxtda müxtəlif tipli təxribatlar törədir, atəşkəsi pozur və mühəndis qurğuların inşa edilməsini sürətləndirir". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, əslində Ermənistan sülh sazişi üzrə danışıqlara heç vaxt, nə müharibədən əvvəl, nə də sonra hazır olmayıb: "İndi isə çox yaxşı anlayır ki, mövcud şəraitdə sülh sazişinin imzalanması Ermənistan üçün böyük sarsıntılar vəd edir. Ermənistan tərəfi hər bir problemli məsələ üzrə ayrı-ayrılıqda sənəd imzalanmasını təklif etsə də, Azərbaycan vahid bir sənəd imzalanmasını istəyir və bunda da israr edir. Bu sənədlərin hər birinin ayrı-ayrılıqda belə Ermənistan tərəfindən imzalanması Ermənistanda hətta siyasi böhrana gətirib çıxara bilər. Bunu onlar yaxşı anlayır və prosesi mümkün qədər uzatmağa, heç olmasa Nikol Paşinyanın seçildiyi müddətin sonuna qədər hakimiyyətdə qalmasına çalışırlar".

Ədalət Verdiyev sözlərinə belə davam edib: "Düşünürəm ki, biz prosesləri bir-birindən bir qədər ayırmalıyıq. Yəni siyasi rəhbərlərimiz danışıqlar prosesinə davam etməli, diplomatlarımız alternativ həll variantlarını dəyərləndirməli, ordumuz da baş verən təxribatlara adekvat, təsirli və səmərəli cavab verməlidir. Lakin son zamanlar bu qədər danışıqlar prosesinin intensivləşməsindən istifadə edən Ermənistan ordusunun qalıqları kifayət qədər həm sərhəddə, həm də Qarabağın konturları daxilində təxribatlara yol verirlər. Bu isə Ermənistan üçün yaxşı heçnə vəd etmir. Erməni fərari ordusunun belə intensiv təxribatlar törətməsi onlar üçün 26 iyun Silahlı Qüvvələr Günümüzdə böyük ərazi və heyət itkiləri ilə nəticələnə bilər. Bunu da mütləq nəzərə alsınlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə