"Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil" - DEPUTAT ŞƏRH ETDİ
“2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Ermənistanı darmadağın etdi və düşmənin işğalçı ordusunu tarixi torpaqlarımızdan çıxartdı. Bu gün qürur mənbəyimiz olan üçrəngli bayrağımız o torpaqlarda şərəflə dalğalanır. Ermənistan 44 günlük müharibədən sonra anlamır ki, Azərbaycanın uğurlarının qarşısını heç kim ala bilməz. Həmin müharibə dövründə dünyanın nüfuzlu təşkilatları da, ermənipərəst dövlətlər də Azərbaycanın haqq məsələsi ilə bağlı xeyli təzyiq və təhdid etdilər. Amma onların hamısı boş şeydir. Çünki Azərbaycan ədalət üçün öz tarixi torpaqlarında vuruşdu və qalib oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, bundan sonra isə sülh müqaviləsi ilə bağlı Azərbaycanın dövlət başçısı birmənalı olaraq dünyaya, o cümlədən, Ermənistana bəyanat verib: “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün ilk gündən beş şərtini irəli sürüb. Bu şərtlərin hər biri həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Amma Ermənistan hər dəfə nəyisə bəhanə edərək sülh müqaviləsinin bağlanmasını uzadır. Bunlar onu göstərir ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil və nəyisə gözləyir. Azərbaycan tərəfi üçün müqavilə imzalansa daha yaxşı, amma imzalanmasa belə bizim itirəcəyimiz heç nə yoxdur. Azərbaycan güclü orduya, müasir silahlara, xalq və iqtidar birliyinə, ən əsası isə “dəmir yumruğ”a malikdir”.
Deputat sözlərinə davam edərək bildirib ki, ölkə başçısı İlham Əliyev də gecə-gündüz işğaldan azad olmuş torpaqlarda xariqələr yaradır: “Ona görə ki xalq 30 il ərzində əzab-əziyyət görüb, artıq onun əvəzində azad və gözəl torpaqlarımızı görsün. Bunun üçün azad olmuş torpaqlarımızda quruculuq işləri davam edir.
Azərbaycan Prezidenti, Ermənistan Baş Naziri, Avropa Şurasının prezidenti, Fransa və Almaniya dövlət başçılarının iştirak etdiyi Moldovadakı görüş onu göstərir ki, Qərb Ermənistanı müdafiə etmək iqtidarında deyil. Azərbaycan dövlətinin dünyaya mesajı məlumdur. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır. Əgər onlar Azərbaycan qanunları ilə yaşamaq istəyirlərsə, yaşasınlar. Çünki Azərbaycan demokratik bir dövlətdir. Amma əgər onlar separatçılıqla məşğul olacaqsa, onda bu torpaqlarda yaşamaq haqları yoxdur. Bu halda onlar demokratik bir dövlətin qanunları ilə müzakirə olunacaqlar. Azərbaycanın dövlət başçısı laçında bir daha bütün dünyaya bəyan etdi ki, dövlətimizin məramı bundan ibarətdir və hamı tərəfindən qəbul olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB