Litvada 28 May – Müstəqillik Günü qeyd edilib

Azərbaycanın Litvadakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildiriblər ki, əvvəlcə Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Qəbulda Litvanın dövlət və hökumət rəsmiləri, o cümlədən xarici işlər nazirinin müavini Mantas Adomenas, Baş prokuror Nida Qrunskiene, Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkus, Litva Seyminin müxtəlif komitələrinin, o cümlədən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədrləri və üzvləri, həmin qrupun dəvəti ilə Litvada səfərdə olan Azərbaycan Milli Məclisinin Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Nəsib Məhəməliyev və üzvü Rasim Musabəyov, ictimai-siyasi xadimlər, Vilnüsdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli tatar və karaim icmalarının, Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlılar iştirak ediblər.

Səfir Tamerlan Qarayev tədbirdə çıxış edərək 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyətindən və onun fəaliyyətindən söz açıb. Mövcud olduğu iki ilə yaxın müddətdə atdığı mühüm addımlar və qəbul etdiyi tarixi qərarlarla tarixdə silinməz iz qoyan Cümhuriyyətin müstəqilliyinə 1920-ci ildə bolşevik işğalı ilə son qoyulduğu bildirilib.

Diplomat 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, həmin dövrdə Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərimizin 30 il sonra 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilməsindən danışıb.

Azərbaycan-Litva münasibətlərinin təməlinin hələ 1918-ci ildə qoyulduğunu vurğulayan T.Qarayev həmin dövrdə Cümhuriyyətin dövlət və hökumət qurumlarında yüksək vəzifələr tutan general M.Sulkeviç, Oqlred və Arslan (Leon) Kriçinski qardaşları və digərləri də daxil olmaqla Litva tatarlarının 22 nümayəndəsinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına töhfələr verdiyini bildirib.

Həmçinin Litvanın Aİ məkanında Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malik doqquz ölkədən biri olduğu bildirilib, son dövrlər ikitərəfli əlaqələrdə dinamikliyin müşahidə edildiyi vurğulanıb. Bu xüsusda Litva Prezidenti Gitanas Nausedanın ötən ilin mayında ölkəmizə, Azərbaycan Prezidenti İlham Əliyevin isə bir neçə gün əvvəl Litvaya səfərlərinin, eləcə də digər qarşılıqlı səfərlərin, bu il Vilnüsdə Hökumətlərarası Birgə Komissiyanın iclasının və nüfuzlu iş adamlarının iştirakı ilə keçirilən biznes forumun ikitərəfli əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.

Tədbirdə Litva dövləti adından əsas qonaq qismində çıxış edən xarici işlər nazirinin müavini M.Adomenas Litva-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrindən söz açıb, keçmiş SSRİ rəhbərliyinin müstəqilliyə can atan Azərbaycan və Litva xalqlarına qarşı 1990-ci il yanvarın 20-də və 1991-ci il yanvarın 13-də Bakıda və Vilnüsdə törətdiyi cinayətləri xatırladıb. Ölkəmizin Avropanın enerji təchizatında mühüm rolunu xüsusi vurğulayan nazir müavini Müstəqillik Günü münasibətilə Azərbaycan dövlətini və xalqını Litva dövləti adından təbriklərini çatdırıb.

Təntənəli tədbir Azərbaycana həsr olunmuş videoçarxların nümayişi və milli musiqimizin səsləndirilməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə