"Türkiyə və Azərbaycanın dərdi də, sevinci də birdir" - DEPUTAT ŞƏRH ETDİ

“Türkiyədə keçirilən iki turdan ibarət gərgin prezident seçkiləri 28 may tarixində başa çatdı. Rəcəb Tayyib Ərdoğan və Türkiyədəki milliyətçilər qalib gəldilər. Heç kəsə sirr deyil ki, son 21 ildə Türkiyə çox fərqli inkişaf mərhələsi keçib. Hər şeydən öncə Türkiyə regional deyil, qlobal bir gücə çevrilib. Azərbaycanın haqq davasının, Qarabağ probleminin həllində də Türkiyə yaxından iştirak edib. Həmçinin, Azərbaycanın beynəlxalq layihələrinin reallaşması, enerji resurslarının dünya bazarlarına, o cümlədən, Avropaya çıxarılmasında Türkiyənin əvəzsiz rolu olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, son illərdə Türkiyə və Azərbaycan bir-birinə o qədər doğmalaşıb ki, artıq bu iki dövlətin dərdi də, sevinci də birdir: “Bütün proseslərdə Azərbaycan və Türkiyə birgə addımlayır. Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi ilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi daha da inkişaf edəcək. Bütün bunlarla yanaşı türk dünyasının birləşmə yolunda irəliləyişləri davam edəcək, Türk Dövlətləri Təşkilatı güclənəcək və növbəti beş il ərzində Azərbaycan-Türkiyə münasibətlərinin getdikcə daha çox inkişaf etməsi gözlənilir”.

Deputat sözlərinə davam edərək bildirib ki, bundan əlavə Qarabağda quruculuq və abadlıq işləri sürətlə davam edəcək: “Bu məsələdə yaxından iştirak edən türk şirkətləri daha da aktiv olacaq. O cümlədən, Türkiyədə zəlzələ nəticəsində evlərini itirmiş türk qardaşlarımızın ən qısa zamanda müasir tələblərə cavab verən evlərə köçürülməsi üçün Azərbaycanın da yaxından iştirakı davam etdiriləcək. Bir sözlə, növbəti beş ildə Türkiyə-Azərbaycan münasibətlərində inkişafın şahidi olacağıq. Regional və qlobal problemlərin həllində Türkiyə aktiv iştirakını davam etdirəcək. Qardaş dövlətin də vasitəçiliyi ilə Rusiya-Ukrayna probleminin aradan qalxması üçün səylərin şahidi olacağıq. Türkiyə iqtisadiyyatının güclənməsi üçün yeni addımların atılması müşahidə ediləcək, Zəngəzur dəhlizi açılacaq və Azərbaycandan Türkiyəyə avtomobil və dəmiryolları işə düşəcəkdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə