Romada Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi qeyd olunub

Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Roma şəhərində 28 May – Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə İtaliyanın dövlət rəsmiləri, senator və deputatlar, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, işgüzar, mədəniyyət, akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qava çıxış ediblər.

R.Aslanov çıxışında Azərbaycanın Müstəqillik Gününün tarixindən danışıb, 105 il öncə - 1918-ci il mayın 28–də müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin, Xalq Cümhuriyyətinin yarandığını diqqətə çatdırıb. Bildirilib ki, 1991-ci ilin payızında bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlandı.

Diqqətə çatdırılıb ki, bu il xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edir.

Həmçinin bildirilib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, Azərbaycan regionun lider dövlətinə çevrilib, ərazi bütövlüyümüz bərpa olunub və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlər açılıb.

Azərbaycan ilə İtaliya arasında mövcud olan möhkəm iqtisadi əlaqələrdən də söz açılıb, İtaliyanın Azərbaycanın, Azərbaycanın isə Cənubi Qafqaz regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb. Qeyd olunub ki, çoxsaylı İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması layihələrinə cəlb olunub. Bu cür addımlar iki ölkə arasında möhkəm iqtisadi əlaqələrin mövcudluğunun bariz nümunəsidir. Həmçinin Cənub Qaz Dəhlizinin seqmentlərindən olan TAP boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanın İtaliya və Avropa üçün qaz təchizatında etibarlı tərəfdaşa çevrildiyi də diqqətə çatdırılıb.

Roma şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışının və Bakı şəhərində İtaliya-Azərbaycan Universitetinin yaradılmasının iki ölkə arasında humanitar sahədə əməkdaşlığa önəmli töhfə verəcəyi bildirilib.

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qava Müstəqillik Günü ilə bağlı İtaliya hökumətinin təbriklərini çatdırıb. Vannia Qava 2023-cü ilin ilk aylarında müdafiə naziri, ətraf mühit və enerji təhlükəsizliyi naziri, şirkətlər və “Made in Italy” nazirinin, xarici işlər nazirinin müavinin Azərbaycana çoxsaylı ikitərəfli səfərlərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, həmçinin Azərbaycanla İtaliya arasında əlaqələrin bundan sonra daha da genişləyəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyib.

Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin İtaliyaya səfərinə dair fotosərgi nümayiş olunub.

Sonda Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə