"Türk xalqı onu dünyada söz sahibi edən prezidentə səs verəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Türk xalqı onu dünyada söz sahibi edən prezidentə səs verəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Türkiyədəki seçkilər ümumiyyətlə, region üçün çox önəmli bir tarixdir. Türkiyə yeganə ölkələrdən biridir ki, həm NATO-nun üzvüdür, həm də Rusiya, Ukrayna və Qərb dövlətləri ilə yaxşı münasibəti var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, belə bir balanslaşdırılmış siyasət yürütmək hər liderə məxsus xüsusiyyət deyil: "Ancaq güclü liderlər bu cür siyasət yeridə bilər. Ona görə də mən hesab edirəm ki, türk xalqı onu beynəlxalq platformada söz sahibi edən prezidentə səs verəcəklər. İnanıram ki, onlar düşünərək addım atacaq. Bu, Türkiyə üçün əhəmiyyətli bir tarixdir. Türkiyənin gələcək lideri dövləti güclü edən şəxs olmasa, bu region üçün də böyük bir təəssüf hissi yaradacaq".

Politoloq sözlərinə davam edərək bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkədir: "Ona görə də Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclüdür. Bu gün Türkiyənin iştirakı olmadan hansısa böyük layihələrin həyata keçirilməsi mümkün deyil. Rəcəb Tayyib Ərdoğan heç bir dünya liderinin əldə edə bilmədiyi bir neçə uğurlu məqama nail olub. Rusiya-Ukrayna müharibəsi zamanı Taxıl dəhlizinin yaradılması Türkiyə liderinin təşəbbüsü və vasitəçiliyi ilə həyata keçirilib. Bütün bunları nəzərə alaraq Türkiyə daha da qüdrətli olmaq istəyirsə, Rəcəb Tayyib Ərdoğanı dəstəkləməlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə