"ABŞ Azərbaycanla münasibətləri dərinləşdirməyə çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ
"ABŞ prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubu ilk növbədə diplomatik qayda hesab olunsa da, dövlətlərarası münasibətlər baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, Bayden təbrik məktubunda Azərbaycanla bir sıra məsələlərdə, o cümlədən, terrorizmə qarşı mübarizədə, narkotiklərin yayılmasının qarşısının birgə alınmasında Bakı ilə Vaşinqton arasında tərəfdaşlıq səviyyəsinin yüksək olmasını məktubda qeyd etməsi səbəbiylə ABŞ-ın Azərbaycana olan etimadını dilə gətirib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, ən önəmlisi isə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin Amerikalı lider tərəfindən vurğulanması ölkəmizin beynəlxalq aləmə verdiyi töhfənin göstəricisi kimi dəyərləndirilə bilər: "Ümumiyyətlə, diqqət etsək son illər ABŞ postsovet məkanında əsas ağırlığını Ukrayna və Qafqazda hiss elətdirməyə başlayıb. Vaşinqton bölgə dövlətləri ilə fəal əməkdaşlığa can atmaqda maraqlı tərəf kimi görünür. Təbii ki, bunun da başlıca səbəbi Rusiyanın sözügedən dövlətlər üzərində təsir imkanlarını azaltmaqdan ibarətdir".
Politoloq sözlərinə davam edərək bildirib ki, bu baxımdan Amerika Birləşmiş Ştatları bütün mümkün vasitələrdən yararlanaraq bölgə dövlətləri ilə, o cümlədən də Azərbaycanla münasibətləri dərinləşdirmək və gücləndirmək istəyindədir: "Düşünürəm ki, ABŞ prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə 28 May Müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubu diplomatik etikaya söykənsə də, burada həm də iki dövlət arasında dayanıqlı münasibətlərə hesablanan siyasət var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB