“Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” - YENİLƏNİB - FOTOLAR
Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, konfransın sponsoru “BP Azərbaycan” şirkətidir.
Bundan əlavə konfransda Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Gürcüstan Respublikasının sabiq xarici işlər naziri Tedo Caparidze, Ələt azad İqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və digər rəsmi nümayəndələr iştirak edib.
Konfransı giriş nitqi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev açıq elan edib.
Fərid Şəfiyev bildirib ki, 90-cı illərdə Azərbaycan vətəndaş müharibəsi ilə qarşı-qarşıya idi: "Ölkədə bu çətin məqamı Heydər Əliyev yatıra bildi. Ulu öndərin digər aktiv səylərindən biri də enerji sahəsində oldu. O, hakimiyyətə gəldikdən sonra Azərbaycan beynəlxalq təşkilatlarla işləməyə başladı. Eyni zamanda ölkənin xarici siyasəti formalaşmağa başladı. Deyə bilərik ki, Heydər Əliyev tərəfindən aparılan siyasət Azərbaycanın kimliyini müəyyən etməsinə şərait yaratdı".
Daha sonra isə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy çıxış edib.
O bildirib ki, Ulu öndər Heydər Əliyevin böyük potensiallı xarici siyasətindən danışmaq böyük bir şərəfdir: "Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı olub. Ulu öndər öz zamanının siyasətçiləri arasında tarixə düşüb.
Heydər Əliyev güclü Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olmuş şəxsdir. O bu prosesləri Azərbaycan çox çətin durumda olan zaman həyata keçirmişdi. Biz əminliklə deyə bilərik ki, Heydər Əliyevin unikal yanaşması xarici siaysətdə özünü əks etdirib. Ulu öndərin prioritetləri ölkəsinin milli maraqlarını beynəlxalq arenada qorumaqdan yan keçmirdi. Digər ölkələrlə yaxşı münasibətlər qurulması onun üçün çox önəmli idi. Heydər Əliyevin müxtəlif regional ölkələrlə qonşuluq münasibətləri elə güclü inkişaf edirdi ki, Azərbaycanın stabilliyi regionun stabilliyi ilə həmahəng olmuşdu. Həmçinin, Azərbaycan enerji təhlükəsizliyi məsələlərində də qərb təşkilatlarının etibarlı tərəfdaşı olmuşdur. Ulu öndərin uğurlu irsi cənab İlham Əliyev tərəfindən davam etdirilir".
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman isə konfransda iştirak etməkdən məmnunluq duyduğunu bildirib: " Bizi bura Heydər Əliyevin əziz xatirəsi toplayıb. Müxtəlif ölkələrdən bura qonaqlar gəliblər. Ulu öndər elə bir möhtəşəm insan idi ki, onun ondan çox kitabları, monoqrafiyaları yazılıb. Ona filmlər həsr olunub.
Onu da qeyd edim ki, Rusiyanın bütün televiziya kanallarında Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan filmlər nümayiş etdiriləcək.
Sirr deyil ki, hazırda mən də öz komandamla Heydər Əliyevə həsr edilmiş film üzərində işləyirik. Filmin adı “Liderin qəlbi” adlanır. Film ona görə çəkilir ki, Heydər Əliyev tarixdə unikal bir şəxsiyyətdir.
Azərbaycan çox şanslı ölkədir ki, Heydər Əliyev kimi liderə sahib olub. Heydər Əliyev o zamanlar mənə memar olmaq istəyindən danışırdı. O memar oldu. Ulu öndər öz ölkəsinin memarı oldu. Cənab İlham Əliyev isə o memarlığı uğurla davam etdirməkdədir".
Gürcüstan Respublikasının sabiq xarici işlər naziri Tedo Caparidze isə tez-tez Heydər Əliyevi dinləmək şərəfinə nail olduğu barədə danışıb: "Mən tez-tez Heydər Əliyevi dinləmək şərəfinə nail olmuşam. Ulu öndər siyasi bir irs idi. Ulu öndər Heydər Əliyevlə müzakirələrimizdən birində mənə dedi ki, “Sən məndən daha gəncsən. Biz iz daim iqtisadi əməkdaşlıqdan və inkişafdan danışırıq. Bu gələcək nəsillər üçün bir düsturdur. Amma bir şeyi unutma ki, Cənubi Qafqada iqtisadi çiçəklənmə, müstəqillik, bağımsızlıq bir-biri ilə bağlıdır. Bunların ayrı-ayrı irəliləməsi mümkün deyil”. Bu mənim üçün ulu öndər tərəfindən verilən çox önəmli bir ismarıc idi".
Ələt azad İqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov da öz çıxışında bu fikirləri səsləndirib: "Heydər Əliyev hakimiyyətə gələndə mənə, mənim övladlarıma, millətimə və vətənimə layiq olduğu heysiyyəti geri qaytardı. O vaxtı Azərbaycan parçalanıb məhv olurdu.
Mən Türkiyədə olanda bütün yollarda “Öncə vətən” yazıları olurdu. Vətənə inamı bizə Heydər Əliyev qaytardı. Bunu heç vaxt unutmaq olmaz. Bunları yaşamış insanlar hər zaman xatırlayır. Biz bu hadisələri övladlarımıza və gələcək nəsillərə çatdırmalıyıq".
Konfransı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev yekunlaşdırıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB