“Viran edilən ərazilərimiz bir neçə ildən sonra cənnətə çevriləcək” - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan 44 günlük Vətən müharibəsində döyüş meydanında torpaqlarını erməni işğalından azad etdi. Müharibənin başa çatdığı 2,5 il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və Böyük Qayıdışın həyata keçirilməsinə başlanması ilə yadda qalır. Artıq Ağalı və Talış kəndləri öz sakinlərini qəbul edib. Onlar yaradılmış müasir həyat şəraitində öz doğma yurdlarında yaşamalarına davam edirlər. Demək olar ki, ermənilərin 30 ildə viran qoyduğu ərazilərdə kommunikasiyaların infrastrukturu yenidən qurulub başa çatmaq üzrədir. Artıq yeni yaşayış məntəqələrin tikintisinə başlanılır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Azər Badamov sözlərinə belə davam edib: “Dövlət başçımızın Ağdam, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına səfəri çərçivəsində yeni yaşayış məntəqələrin və sosial infrastrukrur layihələrin təməlləri atılmışdır. Qafqazın Xirosiması adlandırılan Ağdam şəhəri dövlət başçımızın xüsusi diqqəti sayəsində dünyanın ən gözəl və müasir şəhərinə çevrilməkdədir. Bu səfəri çərçivəsində də cənab Prezident Ağdam şəhərində yeni yaşayış məhəllələrin təməli atıldı. Digər rayon mərkəzlərində də müasir xəstəxanalar, məktəb binaları, inzibati binalar, Mədəniyyət evləri, Sənaye parkları və s. tikilməkdədir. Qubadlı rayonunda Xanlıq, Mahruzlu, Zilanlı, Cəbrayıl rayonun Şükürbəylıi və Horovlu kəndlərinin təməlləri qoyuldu.
Təbii ki, yeni layihələrin icrası üçün ərazilərin minalardan təmizlənməsi aparılır və bu çox çətin proses olduğundan tikinti-quruculuq işlərinin aparılması müəyyən zaman tələb edir. Amma minalardan təmizlənmiş ərazilərdə yeni yaşayış məntəqələri sürətlə ucaldılır. Bu il Laçına keçmiş qaçqınların qayıdışı təmin olunacaqdır. Ölkə başçımız mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olur və işlərin çox keyfiyyətlə və sürətlə icrası üçün tapşırıqlar verir. Məhz dövlət başçımızın yüksək diqqəti və nəzarəti sayəsində görülən işlərin icra olunmasında məsuliyyətlə yanaşmanı artırır.
Dövlət başçımızın uzaqgörən siyasəti, iradəsi, öz xalqına və vətəninə olan məhəbbəti Azərbaycanı bütövlükdə inkişafa qovuşdurur. Ölkəmizin iqtisadi gücü artdıqca vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində görülən tədbirlər genişlənir və Böyük Qayıdışın icrası prosesi sürətlə davam etdirilir.
Şəhərlərimiz və kəndlərimiz yenidən qurulduqca o ərazilər də öz doğma sakinlərini qarşılayacaq. Ermənistanın dağıdaraq viran qoyduğu ərazilərimiz bir neçə ildən sonra cənnətə çevriləcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB