Vaşinqton danışıqlarına görə ERMƏNİSTAN TƏLAŞ İÇİNDƏDİR - TƏHLİL

Vaşinqton danışıqlarına görə ERMƏNİSTAN TƏLAŞ İÇİNDƏDİR - TƏHLİL

Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundunun ilkin nəticələri hələ ictimaiyyətə məlum olmasa da bu danışıqlara görə İrəvanda yaranan təlaş barədə demək olar ki, hamı məlumatlıdır. Çünki məhz həmin danışıqlara görə erməni cəmiyyətində yaranan qalmaqal sözsüz ki, diqqətdən yayına bilməz.

İşğalçı ölkədə qalmaqalın yaranmasına səbəb məsələyə absurd və eyni zamanda məntiqsiz yanaşma hesab olunur. Vaşinqton danışıqlarında iştirak edən nümayəndə heyətinin tərkibində erməni müxalifətinin arzulamadığı bir nəfərin iştirakı bu ölkədə müzakirə mövzusuna çevrilib və hətta mənasız yerə ciddi şəkildə narazılıqla qarşılanıb. Daha dəqiq desək, Ermənistan nümayəndə heyətində Milli Məclisin vitse-spikeri Ruben Rubinyanın olması erməni müxalifətində əməlli-başlı qıcıq doğurub və Köçəryanın “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyanın bununla bağlı dediyi absurd fikirlər həmin ölkənin təlaş içində olduğunu təsdiq edir. Bəli, bilirik ki, Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə Ermənistanın xüsusi nümayəndəsidir, amma bu həmin təlaşın yaranması üçün əsas deyil axı. “Sual olunur ki, Ruben Rubinyan Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqton danışıqlarında hansı şəraitdə, hansı məqsədlə və hansı statusda iştirak edir? Ermənistan-Türkiyə münasibətləri Ermənistan-Azərbaycan danışıqlarına daxildirmi və bu iki məsələ bir-biri ilə bağlıdırmı?”, deyə Manukyan “odlu-alovlu” çıxış edib və görünür bir dəlinin bir quyuya atdığı daşı çıxarmağa yüz olmasa da, bircə ağıllı da tapılmayıb Ermənistanda.

Qeqam Manukyanın bu absurd açıqlamasında məntiqi olacaq heç nə yoxdur. Bu açıqlamada nəyin, hansı fikrin irəli sürüldüyünü, onun hansı məqsəd daşıdığını müəyyən etmək də asan deyil, amma Manukyan niyyətini, özünü nə qədər gizlətsə də çoldə qalan quyruğu onu ələ verir. “Ermənistan hakimiyyəti Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin “həll edilməsini” hansısa formada əlaqələndirirmi, daha doğrusu, Türkiyənin növbəti şərtinə tabe olurmu? Türklər 1991-92-ci illərdən bəyan edirdilər ki, Ermənistan-Azərbaycan münasibətləri “həll olunmayana” qədər Ermənistan-Türkiyə münasibətləri normallaşa bilməz və biz görürük ki, Ermənistan hakimiyyəti bir daha Türkiyənin tələblərinə boyun əydi”, deyən Manukyanın ardınca onun fraksiyadakı silahdaşı Artur Xaçatryan da absurd şəkildə öz yanaşmasını ortaya qoyub. Deməli, artıq işğalçı ölkədə bununla, məhz danışıqlarla bağlı bir təlaş var.

Danışıqlarla bağlı Ermənistandakı təlaş heç də anlaşılan deyil, çünki yanaşmaları məntiqdən çox uzaqdır. Sözsüz ki Vaşinqtondakı danışıqlardan sonra tərəflərin müəyyən bəyanat qəbul edə biləcəyi istisna edilmir. Bir halda ki, iki ölkə arasında danışıqlar gedir, deməli, müvafiq olaraq ikitərəfli münasibətlərə dair məsələlərdən danışılmalıdır. Yaxşı bəs ermənilərin Türkiyə ilə bağlı narahatlıqları nədən qaynaqlanır və nəyə görədir? Deyək ki, Türkiyənin Azərbaycana hipotetik olaraq hətta “lazım olmayan” çox sərt şərti olsa belə, bu, istənilən halda Ermənistan-Azərbaycan nizamlanması formatına uyğun olacaq. Eyni zamanda, axı Azərbaycan tərifi Türkiyənin yerinə nəsə imzalaya da bilməz. Bəli, biz bir xalqıq, amma nəzərə almaq lazımdır ki, eyni zamanda iki dövlətik. Belə olan halda isə erməni deputatlar ancaq Türkiyə ilə yaxından tanış olan və danışıq aparacaq birinin olacağına yalnız sevinməli idilər. Bir sözlə, erməni deputatlar Rubinyanın danışıqlarda iştirakını yalnız alqışlamalı olacaqları halda, buna ağız büzürlər.

Ola bilsin ki, Rubinyana “hücum edən”, nümayəndə heyətinin tərkibində olmasına narazı deputatlar onun Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı olmasına görə onu hədəfə alıblar və yəqin elə düşünürlər ki, Rubinyan Ermənistanın maraqlarına xəyanət edəcək. Yenə də absurd yanaşmadır, çünki Rubinyan, onların dili ilə desək, “xəyanətkar” hökumətin sifarişini yerinə yetirsə də, yetirməsə də, bu hökumətin öz nümayəndə heyətinin fərqli tərkibi ilə də “Türkiyə tələblərinə boyun əymək” şansı əlindən alınmır. Əksinə, Türkiyə ilə yaxından tanış olan şəxsin danışıqlarda iştirakı Ermənistanın mövqelərini gücləndirə bilər və bu məqam, həm də nümayəndə heyəti daxilində hansısa maraqların toqquşmasının ola biləcəyi hal sayılmır. Rubinyan həm Türkiyə, həm də Azərbaycanla danışıqlarda Ermənistan hakimiyyətini təmsil edir və müəyyən mənada Ermənistanın maraqlarını qorumalıdır. Opponentlərin məntiqindən belə çıxır ki, Ermənistanın baş naziri Azərbaycanla danışıqlar aparırsa, o zaman onun Türkiyə prezidenti ilə görüşməyə ya haqqı çatmır, ya da buna icazə verilmir və bu yanaşma özü belə həddindən artıq absurddur.

Ötən əsrin sonlarından, yəni Azərbaycan torpaqlarını ermənilərin işğal etməsindən sonra Türkiyə ilə münasibətlər, sərhədlərin açılması Ermənistan cəmiyyətində hər zaman müzakirə mövzusu olub və indi də bu mövzu öz aktuallığını qoruyub saxlayır. Ermənistan bütün vasitələrdən istifadə edərək, Türkiyə ilə sərhədləri açmağa hər zaman çalışdığı kimi, indi də bu məsələdə maraqlıdır və hansısa dövlətlərin belə bu məsələdə köməyindən istifadə etmək üçün əldən-ayaqdan gedir. Ona görə ki, quru sərhədlərinin açılması Ermənistan üçün, bu ölkənin xarici ticarətinin şaxələndirilməsi üçün olduqca vacib hesab olunur. Bunun əhəmiyyətini anlamaq üçün isə hansısa erməninin qeyri-adi ağıl sahibi olmasına da ehtiyac yoxdur. Çünki hər biri başa düşür ki, əvvəla hava yolu ilə yükdaşımaların həcmi çox azdır. Digər tərəfdən də axı hava yolu ilə olan daşımalar quru ilə, yerüstü yolla olan daşımalardan dəfələrlə çox baha başa gəlir həmin ölkəyə. Buradan belə bir nəticə hasil olur ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması Ermənistan üçün ən aktual məsələdir. Elə isə bu aktual məsələnin həlli üçün rəsmi İrəvan hansısa addımlar atırmı? Yaxud, Ermənistan tərəfi ümumiyyətlə, bu istiqamətdə sistemli bir həll yolunu tapıbmı, ya bu yolu tapmaq barədə düşünürmü?

Kommunikasiyaların açılması hər bir ölkə üçün, eləcə də Türkiyə üçün olduqca əhəmiyyətli, olduqca faydalıdır. Bu, Türkiyə tərəfi üçün də bəlli məsələdir və bunu hamı çox yaxşı başa düşür. Amma məsələ yalnız faydadan getmir. Türkiyə bir qardaş ölkə olaraq ilk növbədə Azərbaycanın maraqlarını da nəzərə alır. İlk növbədə Türkiyənin Azərbaycana prinsipial dəstəyi burada həlledici rol oynayır. Özünün strateji müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan bir ölkəyə Türkiyənın hansısa bir formada güzəştə gedəcəyi mümkünsüzdür. Bunu elə rəsmi İrəvan da yaxşı başa düşür. Yaxşı başa düşür ki, Azərbaycanın ərazi bütövlüyünü tanımadığı halda, sülh müqaviləsi imzalanmadığı halda Türkiyə ilə kommunikasiyalara ümid etməyə dəyməz. Bu baxımdan da Vaşinqton danışıqlarında həmin ölkənin Milli Məclisinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanın olması Ermənistanda müzakirə mövzusu olub, hətta erməni müxalifətini qıcıqlandırıb. Buradan belə bir nəticə çıxır ki, deməli, ermənilər nə Azərbaycanın ərazi bütövlüyünü tanımaq, nə də sülh sazişinə razılaşmaq fikrindədirlər, baxmayaraq ki, başqa çıxış yolları yoxdur və bunu baş nazir Nikol Paşinyan da rəsmi şəkildə etiraf edib. Amma görünən odur ki, erməni cəmiyyəti, xüsusilə də bu ölkənin müxalifəti onun bu etirafını da, mövqeyini də qəbul etməyib, heç hesaba belə almır. Bir sözlə, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndə olan Rubinyanın Vaşinqton danışıqlarında iştirakından ermənilər xoflanıblar və təlaş da buna görədir.

İndi erməni cəmiyyətinin keçirdiyi təlaş anlaşılır və belə məlum olur ki, nə danışıqlar, nə də hansısa nəticələrin əldə edilməsi, başda Köçəryanın “Ermənistan” bloku olmaqla, həmin ölkənin müxalifətini qətiyyən qane etmir, onlar buna qarşıdırlar və istər Azərbaycan, istərsə də Türkiyə ilə razılıqların əldə olunacağını məhz Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndə olan Rubinyanın Vaşinqton danışıqlarında şahidliyi ilə olmasını istəmirlər. Düzdür, bu düşüncə, bu yanaşma olduqca gülünc görünür və kimin harada olması, hansı danışıqlarda iştirak etməsi heç bir məna kəsb etmir, bu çox xırda detallardır. Amma diqqətin danışıqlar prosesinə deyil, xırda detallara yönəldilməsi təsdiq edir ki, Ermənistan cəmiyyətində inamsızlıq yaratmaq üçün istənilən bəhanəyə əl atılır və yenə də çirkin niyyətlərlə hansısa divident əldə etməyə mənasız şəkildə ümid edilir. Açıq-aşkar şəkildə görünür ki, Vaşinqton danışıqlarına görə Ermənistan cəmiyyəti təlaş içərisindədir və absurd yanaşmaları ilə axmaqlıqlarını, ağılsızlıqlarını növbəti dəfə ortaya qoyanlar əslində, ən çox Azərbaycanın üstünlüklərinə görə, danışıqlar prosesində qalib tərəf olaraq iştirakına, söz sahibi olmasına və diplomatik qələbələrinə görə narahatdırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə