"Vahid müəllim tələyə düşən oğlan deyil. O nə edirsə, bunu bilərək edir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail İbrahimli deyib.
Deputat sözlərinə belə davam edib: "Bu, təsadüfi hadisə deyil. Vaxtilə də Vahid Əhmədov müsahibə vermiş, Azərbaycan parlamentini saxtakar adlandırmışdı. Elə o vaxt bu barədə iş görülsəydi, indi bunları müzakirə etməzdik.
O, bu gün özünü müzakirə obyektinə çevirib. Vahid Əhmədov özü-özünə sual verirmi ki, niyə belə oldu və mən niyə belə etdim? Vahid müəllim, hər gün əl verib görüşdüyünüz insanların heysiyyətinə toxunmaq haqqını sizə kim verir? Niyə bizim heysiyyətimizə toxunursunuz?
Biz bir məktəb olmalıyıq. Çünki gənclər də bizdən nümunə götürür. Vahid Əhmədov, sən dövlətinin necə yanındasan? Məgər Azərbaycan parlamenti bu dövlətin bir qolu deyil? Sən parlamenti saxtakar adlandırırsan. Adama deyərlər ki, bəyənmirsən, oturma da. Sənin vicdanın dözmürsə mandatını açıq şəkildə qoy və get.
Mənə elə gəlir ki, sizin maddi durumunuz bu gün Azərbaycanda hamıdan yaxşıdır. Statusunuz və vəzifəniz var. Adamdan soruşarlar ki, nə istəyirsən? Parlamentdə oturub belə hərəkət edən hər bir kəs cəzasını çəkməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB