Ermənistan tərəfinin sonuncu təxribatı heç də təsadüfi deyildi və bu təxribatların kifayət qədər pərdəarxası məqamları var. Ermənistan tərəfinin məhz indi təxribat törətməsi bu qənaətə gəlməyə əsas verir və ermənilərin hədəfinin daha genişmiqyaslı olduğu zərrə qədər şübhə doğurmur. Ən azından vəziyyətdən namərdcəsinə istifadə etmək, Azərbaycanı təcavüzkar tərəf kimi göstərmək üçün hər yola əl atmaq kimi çirkin niyyət özünü göstərməkdədir, baxmayaraq ki, buna nail olunmadı və yenə də təcavüzkarların ermənilər olduğu bir daha öz təsdiqini tapdı.
Əvvəla, Ermənistanın son təxribatlarında birinci pərdəarxası məqam odur ki, ermənilər aranı qızışdırmaqla sərhədlərin delimitasiyasına mane olmaq fikrinə düşüblər. Çox güman ki, başda elə baş nazir Paşinyan olmaqla, onun komandası sərhədlərin bərpasından çox narahat olub. Onu da diqqətə çatdıraq ki, bu narahatlıq heç də torpaq məsələsi deyil, Ermənistan hakimiyyətinin daxili auditoriyaya hesabladığı addımıdır. Çünki Nikol və onun komandasının sərhədlərin bərpasına gözlərini döyərək baxmasına Ermənistan müxalifətinin gözlənilən özünəməxsus reaksiyası Vovayeviçin ən böyük qorxusudur və özünü bu təzyiqdən sığortalamaq üşün işğalçı ölkə hakimiyyəti bu təxribatlara rəvac vermiş oldu. “Laçın istiqamətində sərhədin 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 kilometr hissəsi mübahisəlidir”, deməsi təsdiq edir ki, təxribatlardan lap əvvəldən erməni baş nazirin xəbəri də olub, üstəlik, bu təxribatlarda Nikol Paşinyanın özünün barmağı da var.
Sonuncu erməni təxribatlarında daha bir məqam, 44 günlük müharibənin məntiqi sonluğundan, Ermənistanın məğlubiyyətindən sonra danışıqlar masasında olan razılaşmaları, yaxud şərtləri dağıtmaq niyyətidir. Bilirik ki, məğlubiyyətdən sonra Ermənistan tərəfi, şəxsən Nikol Paşinyan və onun hakimiyyət komandası danışıqlarda uduzmuş tərəf kimi çıxış edir və bu zaman Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyəti ortaya çıxır. Deməli, qarşı tərəf bundan, bu vəziyyətdən, məğlub durumda olaraq düşdüyü çarəsizlikdən yaxa qurtarmaq üçün indi hərbi eskalasiya barədə düşünüb və bunu Ermənistan üçün siyasi baxımdan lazım hesab edib. Ən azından Ermənistan tərəfi hesab edir ki, belə hərbi eskalasiya ilə üçtərəfli razılaşmada üzərinə götürdüyü öhdəliklərdən imtina etmək üçün bəhanə əldə edə bilər, halbuki rəsmi İrəvan bu fikirdə, bu gedişdə də yanılır.
Ermənistan tərəfinin törətdiyi sonuncu təxribatlarda daha bir məsələ də diqqəti cəlb etməyə bilməz və bu məsələ onların sərhəddə gətirdikləri Avropa İttifaqı missiyası ilə birbaşa əlaqəlidir. Əvvəla, ermənilər planlaşdırırlar ki, belə təxribatlarla guya Azərbaycanın “təcavüzkar” olması rəyini Avropa İttifaqı missiyasının hazırlayacağı hesabatda görə bilərlər. Bir sözlə, onlar Azərbaycana qarşı hansısa beynəlxalq təzyiqin olmasını arzu edirlər və buna çalışırlar. Lakin Laçın yolu məsələsini dünyaya yaydıqları və bununla ölkəmizə “təcavüzkar” kimi böhtan atmaq cəhdləri puç olduğu zaman gərək əmin olmalı idilər ki, əldən-ayaqdan getmələrinin heç bir mənası yoxdur. Görünür, erməni başı bunu dərk edə bilməyib, əks halda belə təxribat əməllərinə əl atılmaz, məsələnin doğru istiqamətdə həllinə can atılardı və bu doğru istiqamət də sözsüz ki, sülh müqaviləsinin imzalanmasından keçir, hansı ki, gec-tez bu qənaətə gəlməlidirlər. Fəqət nə qədər tez doğru yola, məntiqi qənaətə gəlsələr özləri üçün bir o qədər yaxşı olar.
İşğalçı ölkə belə təxribatlarla dünyanın diqqətini cəlb etməyə çalışır. Məqsəd də bir tərəfdən ondan ibarətdir ki, Avropa İttidaqının bölgədə guya vacib olduğu təəssüratı yaradılsın. Rusiyanın da, bütövlükdə KTMT-nin də dəstəyindən məhrum olduğu qənaətində olan Ermənistanın bölgəyə yeni iştirakçı cəlb etmək həvəsinə düşdüyü hər addımda görünür. Ələlxüsus, Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən Fransanın bölgəyə dəvət edilməsindən, cəlb edilməsindən ötrü ermənilər dəridən-qabıqdan çıxırlar. Nikol Paşinyan və onun komandası indi Fransaya yeganə himayədar kimi baxır və rusların himayəsindən əllərinin üzüldüyünü başa düşdükləri üçün, bu dəfə fransızların kölgəsinə sığınmaq arzusundadırlar.
Diqqətə çatdıraq ki, bu ilin may ayında Azərbaycan və Ermənistan arasında növbəti görüşün Vaşinqtonda keçiriləcəyi gözlənilir. Belə bir görüşün keçirilməsindən öncə rəsmi İrəvan məhz Vaşinqtonda da Azərbaycanın guya təcavüzkar obrazını yaratmaq istəyir və təxribatlar törətməklə yenə də böhtan kompaniyası başlatmaq niyyətindədir. Təbii ki, Qərb Ermənistanın müstəqil siyasət yeridə bilmədiyindən məharətlə istifadə edir və bu ölkə hakimiyyətini özü üçün marionet olaraq qəbul edir. Belə bir şəraitdə Qərbin demokratiya adı altında yağlı tikə vəd edərək, bölgədə Rusiyadan daha tez və yaxından iştirak etmək arzusunu da Ermənistan tərəfi yaxşı bilir və buna şərait yaratmaq üçün də təxribatlara rəvac verə bilər. Daha dəqiq desək, Ermənistan tərəfi Rusiya Sülhməramlı Kontingentinin, bütövlükdə Rusiyanın təhlükəsizliyin təmin olanmasında aciz və yararsız olması görüntüsü yaratmaqla Qərbi oyuna çəkmək istəyir. Təkcə Qərbi yox, bu hiyləgər siyasətlə elə Rusiyanı da qıcıqlandırmaq fikrinə düşən ermənilər bilirlər ki, ruslar Vaşinqtonda keçiriləcək görüşdən də öncə bu görüşün məhz özləri tərəfindən, öz ölkələrində reallaşdırmağa can atacaqlar. Bir sözlə, ermənilər Rusiya və Qərb arasında yenə də ikibaşlı oyunu özlərinə rəva bilirlər və danışıqlar masasında ən xırda divident müqabilində hər cür simasızlığa hazır olduqlarını bir daha göstərdilər.
Məsələ burasındadır ki, İran tərəfini də ermənilər öz hiyləgər oyunlarına alət olaraq istifadə etməkdədirlər və gah Rusiya, gah da Qərb yönümlü olmalarını nümayişkərnə şəkildə göstərməklə, bir növ bölgədə İranın kənarda qalması görüntüsü yaradaraq həmin ölkəni də qıcıqlandırır, aktiv şəkildə proseslərə qoşmağa çalışırlar. Bu gün Azərbaycanla, bütövlükdə İslam dünyası ölkələri ilə kəllə-kəlləyə gələn, ən azından münsibətləri heç də normal olmayan İran da görünür bu oyunlarda alət olmağı özünə rəva bilir və nəinki proseslərdə, hətta ermənilərin təxribatlarında iştirak etmək belə bu İslam ölkəsi üçün də məqbul hesab olunur. Deməli, Ermənistan artıq İranı öz oyununa cəlb edə bilib və o yekəlikdə bir ölkə alət olaraq istifadə edilir və son təxribatların bunun üçün də nəzərdə tutulduğu təkzib edilə bilməz.
Ermənistan tərəfi görür ki, Azərbaycan tərəfi ilk növbədə delimitasiya məsələlərini ön planda saxlayır və bu fikirdən bizi nəinki işğalçı ölkə, heç Rusiya da, Qərb də döndərmək imkanına, təsir gücünə malik deyil. Deməli, Ermənistan tərəfi bilir ki, növbəti danışıqlar zamanı Azərbaycan delimitasiya məsələlərini önə çəkəcək və son təxribatlarda bir məqsəd də diqqəti yayındırmaqla, bunun qarşısını almaqdır. Azərbaycanın delimitasiya komissiyasına rəhbər təyin etməsindən bir gün sonra Ermənistanın sərhəddə təxribatlar törətməsi heç də təsadüfi sayılmır və deyilənləri təsdiq edir. Təsdiq edir ki, görüşün kim tərəfindən və harada keçiriləcəyindən asılı olmayaraq, Azərbaycanın delimitasiya məsələsində israrlı olacağını indidən dərk edən ermənilər məhz delimitasiya məsələsindən diqqəti yayındırmaq üçün təxribatlar törətməyi, yanlış da olsa belə, yeganə çıxış yolu hesab edirlər. Buradan belə bir nəticə hasil olur ki, Ermənistan tərəfi bu təxribatlara çoxdan hazırlıq görür, çoxdan hazırlaşırmış. Məqsəd də həmişə olduğu kimi, heç də məsələnin doğru istiqamətdə həlli deyil, Avropa İttifaqından gəlmiş mülki missiyanı hərbi missiyaya çevirmək, Fransanın gəlib Azərbaycan sərhəddində dayanmasına nail olmaq, Qərbi oyuna çəkmək, Rusiyanı qıcıqlandırmaq və qızışdırmaq, İrandan da istifadə etməkdir ki, bununla nəyə isə nail olacaqlarını, ən azından prosesi uzadacaqlarını zənn edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB