Azərbaycan - Tacikistan arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir ŞƏRH

Azərbaycan - Tacikistan arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir ŞƏRH

Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. Diplomatik münasibətlərinin əsası 1992-ci ildə qoyulmuş Azərbaycan və Tacikistan arasındakı əlaqələr son illərdə daha sürətlə inkişaf edir və bu gün ölkələrimiz arasında mövcud olan siyasi dialoq digər sahələrdə əməkdaşlğı inkişaf etdirmək üçün münbit şərait yaradır, iki ölkə arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

1997-ci ilin sonlarında Tehranda keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət başçılarının VIII Zirvə Görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tacikistan prezidenti Emoməli Rəhmanovla görüşü zamanı ümummilli lider bildirib: "Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcəkdir".

15 Mart 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı Azərbaycan ilə Tacikistan arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində bir sıra sənədlər, hökumətlər arası sazişlər imzalanıb, eyni zamanda prezidentlər iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. 13 avqust 2007-ci il tarixdə isə Tacikistan Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib.

Ulu öndər Heydər Əliyevin dəstəyi sayəsində tikilən taciklər üçün həyat əhəmiyyətli obyekt olan ümumi gücü 2.700 Mvt olan "Nurek" Su Elektrik Stansiyası paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işıqla təmin edir.

Cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri zamanı mətbuata bəyanat verən Prezident İlham Əliyev iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən danışarkən bildirdi ki, bu qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. 1990-cı illərin əvvəllərində həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Hər iki ölkədə ictimai-siyasi sabitlik pozulmuş, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. O zaman hər iki ölkənin liderləri - Tacikistanın Prezidenti Emoməli Rahmon, Azərbaycan Respublikasının prezidenti ulu öndər Heydər Əliyev öz ölkələrini yüksək inkişaf yoluna çıxarmaq üçün əllərindən gələni əsirgəmədilər və buna nail oldular.

Mətbuata bəyanatı zamanı Prezident cənab İlham Əliyev vurğuladı ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitliyin olmadığı yerdə nə investisiyalar, nə tərəqqi, nə də ki, insanların rahatlığı ola bilməz. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoymuş ölkələrdir. Hər iki ölkənin bugünkü uğurlu inkişafının arxasında məhz böyük liderlərin gərgin əməyi dayanır. Bu gün həm Tacikistanın, həm də Azərbaycanın sabit, davamlı inkişaf edən ölkələr olmasının əsasında müdrik rəhbərlərin xalqların milli maraqlarına əsaslanan siyasət yürütməsi dayanır.

Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında mövcud əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələnəcək. Səfərin nəticələrinə əsasən qısa zaman ərzində konkret addımlar atılacaq. Belə ki, nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair bütün tapşırıqlar yerinə yetiriləcək. Tacikistanın ölkəmizlə olan yaxın münasibətləri, həmçinin bu ölkədəki sabitlik mühiti əsas verir ki, Azərbaycan Tacikistanda investisiya layihələrini nəzərdən keçirsin və ölkəmiz ciddi formada buna hazırdır. Bütün sahələrdə konkret addımlar atmaq üçün bu il Tacikistanda hökumətlərarası komissiyanın növbəti iclası da keçiriləcəkdir.

Ümumiyyətlə, xalqlarımız arasında olan dostluq əlaqələri hər bir sahədə əlaqələrin yüksək səviyyədə olmasına şərait yaradır. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməlinin mövcud olması da bu deyilənlərin bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyəti, Tacikistanda isə Azərbaycan mədəniyyəti çox yüksək qiymətləndirilir. Mətbuata bəyanatında Prezident cənab İlham Əliyev ölkələrimiz arasında olan mədəni əlaqələrdən danışarkən qeyd etdi ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Eyni zamanda səfər zamanı ölkələrimiz arasında imzalanan çoxlu sayda sənədlər də Azərbaycan-Tacikistan münasibətlərinin yeni inkişaf mərhələsində hüquqi baza rolunu oynayacaq.

Günay Məmmədli

YAP Yasamal rayon təşkilatı “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə