“Bu dəfəki yumruğumuz ölümcül olacaq” - QHT RƏSMİLƏRİ ARASINDA SORĞU
Bildiyimiz kimi, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu edib.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “11 aprel təxribatının bütün məsuliyyəti Ermənistanın və işğalçı dövləti Azərbaycanla sülh müqaviləsi imzalamağa qoymayan fitnəkar siyasi çevrələrin və dövlətlərin üzərindədir.
İşğalçı dövlətin bu cür təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir.
Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı təxribatlar aparır, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Açıq-aşkar görünür ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində məğlub olan, həmin ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan böyük zəfərlə bitən əks-həmlə əməliyyatından dərs çıxarmayıb. Ordusu darmadağın edilən Ermənistan mümkün olduğu qədər zaman qazanmaq və revanş götürmək niyyətindədir. Ermənistanın hərbi-siyasi elitasını buna həvəsləndirən İranın və Fransanın fitnəkar siyasətidir. Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənisan arasında imzalanmış Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında quru əlaqəsinin yaranmasına razılıq vermişdi. Lakin Ermənistandakı revanşist qüvvələr və İran dövləti Zəngəzur dəhlizinin aşılmasına mane olur. 11 aprel təxribatı ilə Ermənistan bir daha ikiüzlü siyasət yeritdiyini, sülhə sadiq olmadığını sübut etdi. Buna baxmayaraq Azərbaycan sülhə sadiqdir.
Biz Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını istəyirik. 30 il bölgədə sabitlik olmadı. Ərazilərimiz işğal altında qaldı, şəhər və kəndlərimiz yerlə bir edildi. İşğal dövründə Qarabağda geniş miqyaslı ekosid törədilib. Qiymətli filiz yataqları barbarcasına istismar edilib. Torpaqlarımız minalarla çirkləndirilib. Biz öncə o minaları təmizləməli, sonra geniş miqyaslı tikinti-quruculuq işlərini sürətləndirməliyik. Bizim onsuz da işimiz çoxdur. Bizə müharibə lazım deyil. Amma əgər ordusu sındırılmış düşmən revanş almaq istəyirsə, bunu görməyəcək. Azərbaycanın güclü ordusu var. Silahlı qüvvələrimiz modern silahlarla, texnika ilə təchiz edilib. İkinci Qarabağ savaşının qalibi bizik. Sülh danışıqları da bizim diktəmiz altında keçməlidir. Gec-tez Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu anlayacaq. Su tökməklə quyuda su olmaz. İranın 5-6 PUA-sı ilə revanşa ümid etmək cahillikdir. Azərbaycan ordusu düşməni dizə gətirəcək. Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşdiriləcək. Qarabağda yaşayan erməni vətəndaşlarımız Ermənistanla get-gəli sərhəd-keçid məntəqəsi vasitəsilə edəcəklər”.

"Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin sədri Niyaz Niftiyev: “Dünən sərhəddə baş verənlər bir daha göstərdi ki, müharibə bitməyib, sadəcə, atəşkəs əldə edilib. Bu artıq 2020-ci ilin noyabr sazişindən sonra ermənilərin 3-cü təxribatıdır. Artıq sülh sazişin imzalanmasından 3 ilə yaxın vaxt keçir, erməni tərəfi öhdəliklərin yerinə yetirilməsində tərəddüd etməkdədir. Bununla da vaxt qazanır, Fransanın təhriki ilə regiona Avropa İttifaqının mandatı ilə çoxsaylı müşahidəçi cəlb edir. İranın dəstəyi ilə Zəngəzur dəhlizinin açılması prosesini ləngidir. Rusiyanın bölgədə mövcud olan sülhmıramlı kontingentinin ağır tonnajlı yük maşınları ilə Xankəndinə silah-sursat daşıyır. Bu nə deməkdir? Əlbəttə ki, ciddi müharibə hazırlıqları var.
Düşünürəm ki, yekun sülh müqaviləsinin imzalanması yalnız növbəti irimiqyaslı müharibədəki qələbəmizdən sonra mümkündür.
Necə ola bilər ki, kapitulyasiyaya imza atan dövlət ötən müddətdə sürətlə silahlansın və müharibə ritorikası ilə danışsın. Deməli, ermənilərin təminatı var, proses də ona görə yubanır. Belə davam etsə, bir 30 il də işğal altında olan torpaqlarımız uğrunda “diplomatiyanın dili” ilə mübarizə aparacağıq.
Hazırda başqa yolumuz yoxdur, regionda vəziyyət bizim üçün gərgin olaraq qalmaqdadır. Rusiya və İran Ermənistanı sülhdən uzaqlaşdırır. Keçirilən Brüssel görüşləri, gözlənilən ABŞ danışıqları ermənilər üçün vaxt qazanmaq, bizim üçün isə vaxt itkisindəın başqa bir şey deyil”.

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru, siyasi şərhçi Elşad Məmmədli: “Hər dəfə sülh danışıqları ərəfəsində Ermənistan bu və digər formada təxribatlara əl atır. 2022-ci ilin avqust-sentyabr aylarında da biz bunu müşahidə etmişdik. Həmin vaxt sülh müqaviləsi üzrə müəyyən razılaşmaların olacağı gözlənilirdi, ancaq Ermənistan bundan boyun qaçırmaq üçün sərhəddə davamlı təxribatlara başladı. Nəticədə, 12-15 sentyabr hadisələri baş verdi və bununla da sülh danışıqları pozuldu. İndi də məlumatlar vardı ki, may ayında Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi olacaq. Ermənistan neçə gündür təxribatlara hazırlaşırdı, bunu həm Paşinyanın xaotik açıqlamaları, həm də düşmənin sərhəd boyunca qüvvələr cəmləşdirməyə başlaması deməyə əsas verirdi. Gözlənildiyi kimi, 11 apreldə bu təxribat baş verdi. Bu, həm də o vaxtda baş verdi ki, Azərbaycan 30 illik işğal dövründə müəyyən oluna bilməyən sərhədlərini gücləndirirdi. Yəni Laçın rayonunda Ermənistanla sərhəddə dəqiqləşdirmə aparırdıq, yeni postlarını qururduq və təbii ki, öz suveren ərazimizdə bunu edirdik.
Delimitasiyadan danışıldığı, Laçın yolunun başlanğıcında post quraşdırılması mərhələsində bu təxribatın baş verməsi həm də onu söyləməyə əsas verir ki, Ermənistan yenə də işğalçılıq siyasətindən əl çəkməyib və Azərbaycan torpaqlarını Ermənistan ərazisinə qatmaq kimi axmaq niyyətlərindən çəkilməyiblər.
Ermənistanı bu təxribatlara həm də bölgədə sülh olmasını istəməyən qüvvələr təhrik edə bilər. Bəllidir ki, Ermənistan hər zaman xarici təsir dairələrinin diktəsi ilə hərəkət edib. Bir neçə gün öncə Paşinyan Rusiya prezidenti ilə telefonla danışmışdı. Bunun ardınca Ermənistan sərhəddə təxribat törətdi. Həmçinin, Azərbaycan Laçın yolunun Ermənistanla sərhəd hissəsində post qoymaq planlarını icra etməyə başlayan kimi, İran generalları xain açıqlamalar verməyə başlamışdılar. Onlar gizlətmirdilər ki, ermənilərə dəstək verəcəklər. Ümumiyyətlə, İran Zəngəzur məsələsində məkrli bir mövqe tutub. Ehtimal etmək olar ki, İran İrəvanla bir müddət əvvəl hərbi müttəfiqlik haqda saziş imzaladığını bəhanə edərək, Zəngəzura hərbi qüvvələrini gətirməyə çalışsın.
Digər bir məqam isə odur ki, Ermənistan bu təxribatı törətməklə Avropa İttifaqın müşahidə missiyasına da guya daim təhdid, təhlükə altında olduqlarına dair “faktlar” verməyə çalışıb. Bütün hallarda Ermənistan bu təxribatı törətməklə hiyləgərcəsinə özünün yazıq, əzilən obrazını yaratmağa çalışıb, həm də xarici təsir dairələrinin də təhriki ilə sülh danışıqlarını pozmaq istəyib.
Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatına cavab verməyə, onların başını növbəti dəfə əzməyə daim hazırlıqlı vəziyyətdədir. Diplomatik masada da tamamən haqlı və üstün mövqedəyik. Bu baxımdan, Ermənistanla, habelə vasitəçilik təşəbbüsü ilə çıxış edənlərlə konkret danışmaq və məsələni açıq şəkildə bəyan etmək lazımdır. Əgər bu danışıqlar baş qatmaq, vaxt uzatmaq üçündürsə, Ermənistan sülh imzalamaq istəmirsə, bizə dünəndən lazım deyil. Bu halda bəyan edə bilərik ki, Qarabağdakı separatçı rejimin neytrallaşdırılması və sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki Ermənistan ordusunun qalıqlarını antiterror əməliyyatları keçirərək zərərsizləşdirilməsi an məsələsidir. Əgər ermənilər bu şəkildə təxribatları, pozuculuğu davam etdirərsə, bizim başqa yolumuz qalmır”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri: “Təəssüflər olsun ki, Ermənistanda işğalçı və terrorçu zehniyyət dəyişmir. Bu ölkədə hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq Ermənistan bölgə üçün təhlükə mənbəyi olaraq qalır. Dünən Köçəryanlar, Sarkisyanlar hansı dağıdıcı, terroçu, işğalçı xislətlə bu ölkəni idarə edirdisə, bu gün də Nikol Paşinyan və onun kukla, gah Şərqə, gah da Qərbə baxıb, əmr gözləyən komandası həmin xislətə əsaslanan siyasət həyata keçirir.
Aprelin 11-də Ermənistan tərəfindən törədilən növbəti təxribat da deyilənləri bir daha təsdiqlədi. Hər şey gün kimi aydındır. Bu ölkə, bu ölkənin siyasi və hərbi rəhbərliyi hər hansı sülh müqaviləsi imzalamaq fikrində deyil. Əksinə, bunlar uzaq-yaxın xarici havadarlarının təhrikedici bəyanatlarından şirnikləşərək, yenə müharibə ritorikasına üstünlük verirlər. Bir sözlə, mövcud Ermənistan hakimiyyətinin sülh danışılqları adı ilə sadəcə imitasiya etdiyi bütün çılpaqlığı ilə ortadadır. Belə olan halda isə onların başına daha bir “Dəmir yumruq” vurmaqdan başqa çıxış yolu qalmır. Amma onlar bilsin ki, budəfəki yumruğumuz ölümcül olacaq. Hesab edirəm ki, Ermənistanın bu cinayətkar addımları bir daha təkrarlanarsa, Azərbaycan Ordusu son nöqtəni qoymalı, bölgəyə əbədi sülhün gəlməsi üçün sülhəməcburetmə əməliyyatı keçirməlidir”.

"Cəmiyyətin İnkişafı Mərkəzi " İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “Bu gün Azərbaycan sərhədlərində Laçın rayonu ərazisində baş vermiş hadisə-silahlı qarşıdurma həm hiddət, həm də təəssüf hissi doğurur. Əslində, son zamanlar Fransanın proseslərə qeyri-obyektiv, ədalətsiz münasibətlərinədn və İranın-Azərbaycan münasibətlərində yaranmış gərginlikdən, ölkəmizə qarşı səsləndirilən qərəzli fikirlərdən, davranışlardan həvəslənən az qala ekstaza gələn Ermənistanın ritorikası, imkanlarına uyğun gəlməyən ambisyaları gec-tez bu cür təxribatları qaçılmaz edirdi.
Azərbaycan tərəfinin sərhədlərin demarkasiyası, sülh müqaviləsinin tezliklə bağlanmasının vacibliyi, reinteqrasiya və s. kimi çağırışlarını eşitməməzlikdən gələn, bərpa yenidənqurma işlərinə isə gözügötürməməzlik və xəbislik nümayiş etdirən Ermənistan məlum səbəblərdən, yalançı vədlərdən ruhlanaraq sanki özündə bir cəsarət tapmış, Azərbaycanın xoşniyyətli təkliflərini cavansız qoyur və sanki fürsət axtarırmış kimi görünürdü. Nəhayət Avropa İttifaqını missiyasının Ermənistann gəlişi isə bu ölkənin rəhbərliyini daha cəsarətləndirmiş, öz mənfur niyyətlərinə nail olmaq, “öz əsassız iddialarını gerçəkləşdirmək üçün zəmin yaratmış, ağalarının” tapşıqrılarını yerinə yetirmək üçün hərəkətə keçmək prosesini tezləşdirmişdi. Əslində, dünya üçün, ələxüsusda region üçün həssas və təhlükəli bir dövrdə, Azərbaycanın təklifləri, atdığı bütün addımlar həm hər iki dövlətin gələcəyi, vətəndaşların təhlükəsizliyi baxımından, həm də regionda sabitliyin, əmin-amanlığın bərqərar olması baxımından çox vacib və əhəmiyyətlidir. Ermənistan başa düşməlidir ki, Azərbaycan həm siyasi, həm iqtisadi, həm resurs və nəhayət hərbi cəhətdən özüdən dəflələr zəif olan tərəflə kifayət qədər mülayim davaranış sərgilməsi, yetərincə yumşaq təkliflər irəli sürməsi, artıq kifayət qədər uzun müddət səbr nümayiş etdirməsi, həm dövlətlərarası münasibət baxımından, həm diplomatiya və beynəlxalq müansibətlər baxımından unikal bir hal olmaqla yanaşı, həm də alicənablıq, nəciblik, “böyüklük” nümunəsidir. Ermənistan nəhayət ki, anlamalıdır ki, qisasçılığa və ifrat nasizmə köklənmiş bu cür məsuliyyətsiz, həyasız, fürsətcil, davranışları həm Ermənistan dövlətini, erməni xalqını daha böyük təhlükələrə sürükləyir, regionun yeni bir qarşıdurma ocağına çevrilməsinə səbəb olur. Elə bu gün, Ermənistanın təxribatı nəticəsində hər iki tərəfin itkilərinə səbəb olmuşdur. Qarşı tərəfdən itkilər çox olsa da ordumuz da şəhid vermişdir. Tökülən şəhid qanları yerdə qalmayacaq, Ermənistan törətdiyi cinayətlərə görə mütləq cavab verəcək. Allah şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun! Bizim işimiz haqq işidir!”.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev: “Bu il aprelin 11-də günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Gorus rayonu ərazisindən Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutulub. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin növbəti təxribatının qarşısı alınıb və düşmən qüvvələrinə xeyli sayda itkilər verdirilib. O cümlədən, Ermənistan ordusunun korpus komandiri də yaralanıb.
Qeyd etmək istəyirəm ki, bu qəfil yaranmış bir atışma olmayıb. Düşmənin xeyli müddətdir ki, sözügedən istiqamətdə hazırlıq işləri apardığı müşahidə edilirdi. Burada havadarlarının rolu da açıq hiss olunur. Ermənistanın istifadə etdiyi PUA-lar İran istehsalıdır. Silahlı münaqişənin ilk dəqiqələrindən də sərhəd boyu İran PUA-ları döyüşü müşahidə edərək müxtəlif KİV-lərdə tirajlayırdı.
İran nəyin bahasına olursa-olsun, Zəngəzur dəhlizinin açılmaması üçün səy göstərərək hər üsula əl atır. Eyni zamanda, Azərbaycanın nəinki güclənməsinə maneə törətməyə çalışır. Hətta son günlər göstərdi ki, dövlət çevrilişi həyata keçirmək üçün vətəndaşlarımızdan şəbəkələr yaradaraq səfirlik vasitəsi ilə idarə edirdi.
Bu olayların dünyada gedən proseslər və qardaş Türkiyədə seçkilərə hazırlıq gedən bir dövrdə baş verməsi yenə də İranın maraqlarına xidmət etdiyini göstərir. Amma İran rejimi unudur ki, Azərbaycan artıq 30 il öncəki kimi deyil. Azərbaycanın güclü, müasir silahlarla silahlanmış peşəkar ordusu var və düşmənə layiqli cavab verməyə qadirdir.
Fikrimcə, bu cür silahlı münaqişələr sülh sazişi imzalanana qədər dəfələrlə təkrarlanacaq. Bu səbəbdən də həm sərhəd boyu, həm də ölkə daxilində hər zaman ayıq-sayıq olmalıyıq.
Təəssüflə qeyd edirəm ki, bu münaqişədən biz də itkisiz çıxmadıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB