Diplomatların Məkkəsi – BAXIŞ BUCAĞI

Diplomatların Məkkəsi – BAXIŞ BUCAĞI

Çin sürətlə geosiyasi çəki qazanır

Dünya siyasət burulğanında çapalayır, söz sahibi olan, dünyaya ağalıq eşqinə düşən iri dövlətlər bir-biri ilə didişirkən bunu necə sonuclandıracaqlarını heç düşünməyiblər. Rusiya-ABŞ, NATO-Rusiya, Şərq-Qərb, Şimal-Cənub, Avropa-Asiya, okeanın o tayı ilə bu tayı münaqişə həddindədirlər. Dünyanın ikiyə, yaxud üçə bölünmüş qütbünü bir masa ətrafında oturdacaq bir qüvvə də ortada yoxdur. BMT-nin beynəlxalq qurum kimi fəaliyyəti, təsir imkanları sıfır həddindədir. Bu gün beynəlxalq münasibətlərdə qəbul edilmiş qanun və qaydalar yox, güc önəmli rol oynayır. Kimin gücü varsa yaşamaq ümidi əldə edir, kimdə ki, bu yoxdur, onunku bir Allaha qalıb. Dünyanın nizamı-tərəzisi pozulub da deyə bilərik. Buna baxmayaraq vəziyyətin bu həddə gələcəyini hesablamaq imkanı olmayan iri dövlətlər sanki yuxudan ayılıblar, indi də danışıqlar üçün vasitəçi axtarışındadırlar.
Diqqət Rusiya-Qərb savaşında hələlik neytrallığını qoruya bilən Çinin üzərinə dikilib. Son vaxtlar həm Rusiya, həm Avropa ölkələri, həm Yaxın Şərq, həm də digər ölkələr Pekini ümid yeri bilib bura üz tuturlar. Bir sözlə, prezidentlər, beynəlxalq təşkilatların rəhbərləri, diplomat və siyasətçilər Pekini Məkkəyə çeviriblər. Bu şəhəri ziyarət edən zəvvarların – dövlət rəsmilərinin sayı hər gün artmaqdadır.

Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri Feysəl bin Fərhan və Hüseyn Əmir Abdullahianın ölkələr arasında diplomatik münasibətlərin bərpasına dair razılıq əldə etdikdən sonra ilk görüşü cümə axşamı Pekində baş tutub. Beləliklə, Ər-Riyad və Tehran danışıqlar üçün neytral platforma seçməklə yanaşı, onların barışmasında həlledici rol oynayan Çinə də xərac verdilər. Maraqlıdır ki, cümə axşamı Pekin dünya diplomatiyasının əsas mərkəzlərindən birinə çevrilib. Burada İran və Səudiyyə Ərəbistanı nümayəndə heyətləri ilə yanaşı, Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də qonaq olublar.

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Feysəl bin Fərhan və Hüseyn Əmir-Abdollahian çinli həmkarları Qin Qana vasitəçilik səylərinə görə minnətdarlıqlarını bildiriblər. Cümə axşamı baş tutan görüşdə iki ölkənin nümayəndə heyətləri 2016-cı ildə kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Bu illər ərzində ilk növbədə Oman və İraq kimi regional oyunçular tərəfindən Ər-Riyad və Tehranı barışdırmaq üçün çoxlu cəhdlər edilib. Lakin martın 10-da Pekində keçirilən danışıqlarda buna son qoyuldu.

O vaxtdan bəri Səudiyyə və İran nazirləri bir neçə dəfə telefonla danışıblar və Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səud İran prezidenti İbrahim Rəisi Ər-Riyada səfərə dəvət edib. Dəvətin qəbul edildiyi məlum olub. Səfərin tarixi hələlik məlum deyil, lakin iki ölkənin xarici işlər nazirlərinin görüşü bu hadisənin uzaqda olmadığını göstərir.

Pekində nazirlərin danışıqlarının yekunu üzrə imzalanmış birgə bəyanatda bir ay əvvəl nümayəndə heyətlərinin əldə etdiyi bütün razılaşmalar, o cümlədən iki köhnə sazişin - 2001-ci ilin aprelində təhlükəsizlik sahəsində əməkdaşlıq və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında sazişin aktivləşdirilməsi təsdiqlənib. Bundan əlavə, tərəflər Ər-Riyad və Tehranda səfirliklərin, Ciddə və Məşhəddə baş konsulluqların açılması, həmçinin iki ölkə arasında uçuşların bərpası üzərində işləmək niyyətindədirlər. Həmçinin rəsmi nümayəndə heyətlərinin və biznes nümayəndələrinin qarşılıqlı səfərləri gözlənilir. Belə ki, həftənin əvvəlində məlum olub ki, İran və Səudiyyə Ərəbistanı birgə ticarət palatasının yaradılması imkanlarını öyrənirlər. Tərəflər həmçinin regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə verən hər bir sahədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Və deməliyəm ki, bunlar boş sözlər deyil - Yaxın Şərq qonşu ölkələrdə gərginliyi azaltmaq üçün Tehranla Ər-Riyadın yaxınlaşmasını çox gözləyir. İlk növbədə Livan və Suriyada.

Səudiyyə Ərəbistanının “Əl-Şərq əl-Avsat” qəzetinin qeyd etdiyi kimi, “iki nazir üçün görüş yeri kimi Pekinin seçilməsi onun bu ölkələr arasında razılığın əldə olunmasında və onlar arasında qarşılıqlı əlaqənin asanlaşdırılmasındakı rolu ilə bağlıdır”. Beləliklə, indi çox az adam xarici işlər nazirlərinin Pekinə gəlişinə təəccüblənib. Amma bir ay əvvəl Çinin İran-Səudiyyə danışıqlarında iştirakı sensasiyaya çevrildi. Bu, Pekinin Ukrayna ilə bağlı sülh planının irəli sürülməsi ilə üst-üstə düşdü, bundan sonra Çinin qlobal geosiyasi arenada aparıcı oyunçulardan birinə çevrilmək istəyi və eyni zamanda qabiliyyəti özünü büruzə verdi. Bu, Qərbə də təsirsiz ötüşməyib.

Çin avropalı siyasətçilərin də ziyarət yerinə çevrilib. Mart ayında İspaniyanın baş naziri Pedro Sançes Pekinə səfər edib. Çin prezidenti Si Tsinpinlə görüşdə o, Rusiya-Ukrayna münaqişəsinə tezliklə son qoymağa və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlara çağırıb. Eyni məqsədlə Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen çərşənbə günü Pekinə uçub. “Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq sabitliyə zərbə vurdu. Mən bilirəm ki, Rusiyanı ağıla qaytarmaq və hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün sizə arxalana bilərəm”, – cənab Makron cümə axşamı Çin lideri ilə danışıqlarda deyib.

Xanım fon der Leyen hətta səfər ərəfəsində Çinin Ukrayna münaqişəsi kontekstində atacağı addımların ölkənin Avropa İttifaqı ilə gələcək münasibətlərini müəyyən edəcəyini vurğulamışdı. Aİ diplomatiyasının rəhbəri Josep Borrell jurnalistlərə gələn həftə Pekinə səfər edəcəyini deyib: “Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvünün qaydalara əsaslanan dünya nizamını müdafiə etməsini gözləyirik. Bu isə Çinin ədalətli dünyanı təbliğ etmək üçün mənəvi borcudur”.

Bu bəyanatlara şəxsən Çin prezidenti Si Cinpin prezident Makron və Ursula fon der Leyenlə görüşündə cavab verib. “Çin ardıcıl olaraq Aİ-ni çoxqütblü dünyanın müstəqil qütbü kimi qəbul edir və Aİ-ni strateji müstəqilliyini həyata keçirməkdə dəstəkləyir”, - Çin lideri bildirib. Onun sözlərinə görə, Pekin təkid edir ki, “Çin və Aİ arasında münasibətlər üçüncü tərəflərə yönəlməməli (yəni Rusiyaya qarşı), üçüncü şəxslərdən (ABŞ) asılı olmamalıdır və nəzarət altında olmamalıdır.

Eyni zamanda, Si Cinpin deyib ki, o, “Ukrayna böhranının ərzaq, enerji, maliyyə, nəqliyyat və digər sahələrdə yan təsirlərini idarə etmək, habelə Ukrayna böhranının dövlətə mənfi təsirini azaltmaq üçün Fransa ilə işləməyə hazırdır.

Belə, dünya gücləri istəsələr də, istəməsələr də Çini özlərinə ağsaqqal hesab edirlər. İqtisadi cəhətdən dünya liderliyinə yüksələn Pekin bu gün həm də siyasətdə söz sahibidir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə