"Azərbaycan gec olmadan belə təşkilatlarla bağlı ölçü götürməlidir" - SƏDR MÜNASİBƏT BİLDİRDİ
“Hər şeydən öncə bir məsələni daim nəzərə almaq lazımdır ki, harada yerləşməsindən asılı olmayaraq bir dövlətin təsis etdiyi humanitar məqsədli maliyyə qurumları mütləq şəkildə təmsil etdiyi dövlətin siyasətinə, onun geosiyasi maraqlarına xidmət edir. Məsələn, İrana məxsus olan “Xomeyni” İmdat Cəmiyyəti Azərbaycanda 1990-cı illərdə məcburi köçkünlərlə bağlı fəaliyyət göstərib. Bu cəmiyyət çətin vəziyyətdə olan insanların ehtiyaclarının qarşılanması ilə bağlı fəaliyyət göstərib. Amma sonrakı dövrdə üzə çıxan məsələlər onu deməyə imkan verir ki, bu cəmiyyət bir tərəfdən humanitar-sosial yönümlü fəaliyyət göstəribsə, digər tərəfdən ideoloji fəaliyyət göstərib. Ölkədə tərəfdar toplamağa və özünün yumşaq gücünün formalaşmasına çalışıb”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, eynilə, ABŞ-ın USAİD təşkilatının da məqsədi ilk baxışdan humanitar yönümlü görünsə də, yenə də təmsil etdiyi dövlətin maraqlarına xidmət edir: “Bu, istər Azərbaycanda, istərsə də dünyanın digər nöqtələrində davam etməkdədir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda bu missiyaya nə qədər ehtiyac olub-olmadığı nəzərdən keçirilməlidir. Çünki bir çox hallarda Amerikanın bəzi qurumları özlərini beynəlxalq təşkilat kimi göstərirlər. Nümunə olaraq deyə bilərəm ki, Türkiyədə ABŞ səfiri prezidentliyə namizəd olan müxalifət lideri ilə görüşüb. Halbuki bir diplomatik korpusun hansısa ölkədə fəaliyyəti həmin ölkənin dövlət qurumları ilə koordinasiya olunur. Göründüyü kimi, Amerikanın müəyyən diplomatları və qurumları bir çox hallarda bu sərhədləri aşaraq ölkənin daxili işlərinə qarışır. Bu qarışma müxtəlif formalarda həyata keçirilir. Bunlardan biri də təəssüf ki, USAİD-in fəaliyyətində özünü göstərir. Düşünürəm ki, çox gec olmadan Azərbaycanda da sərhədləri aşan fəaliyyətlərlə bağlı lazımi tədbirlər görülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB