Avropa Parlamentinin qərəzli qətnaməsinə QHT rəsmilərinin BAXIŞI - SORĞU
Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Avropa Parlamentinin vaxtaşırı anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Bəs, görək QHT rəsmiləri AP-nin bu fəaliyyəti ilə bağlı nə düşünür. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.
“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli: “Avropa Parlamenti Qərbdəki, Avropadakı anti-Azərbaycan şəbəkəsinin əlində alət olan qurumlardan biri kimi xarakterizə olunur. Avropa Parlamenti hələ 2021-ci ilin 20 mayında “Ermənistan və Azərbaycan arasında sonuncu münaqişədən sonra hərbi əsirlər” adlı qətnamə qəbul etmişdi. Həmin qətnamə ilə tanışlıq zamanı bəlli olmuşdu ki, avroparlament ümumiyyətlə bölgədə mövcud olan reallıqları ya dərk etmir, ya da bunu qərəzli şəkildə təhrif edir. Hər iki variantda səbəb Avropa Parlamentinin anti-Azərbaycan şəbəkəsinin, xüsusən Sorosun maliyyələşdirdiyi gizli şəbəkənin əlində bir təzyiq vasitəsi kimi istifadə olunmasıdır.
Avropa Parlamenti həmin 2021-ci ildəki qətnaməni qəbul edərkən bəlli olmuşdu ki, sənəd birtərəfli qaydada, yalnız işğalçı ermənilərə və qərəzli, saxtakar erməni mediasına istinad edir. Açıq-aydın sezilirdi ki, bu sənəd birbaşa ermənipərəst adamların və ya erməni lobbisinin pullarının təsiri ilə yazılıb.
Avropa Parlamenti faktiki olaraq Vətən Müharibəsindən sonra Ermənistanın təxribatçı davranışlarını görmək istəmir. Azərbaycan birmənalı şəkildə sülh və əməkdaşlıq üçün təkliflər verir.
Prezident İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan bunu bəyan edib. Ancaq Avropa Parlamenti bu səmimi açıqlamalara qətiyyən istinad etmir, Ermənistanın pozuculuq əməllərini nəzərə almır, üstəlik gorbagor olmuş ATƏT-in Minsk Qrupunu diriltmək üçün canfəşanlıqlar edir. Bu həmin Avropa Parlamentidir ki, İkinci Qarabağ Müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın döyüş zonasından kənarda olan Gəncə, Tərtər, Bərdə, Goranboy, Mingəçevir və rayon və şəhərlərinin ballistik raketlərdən atəşə tutulmasına, bu zaman 100-dən çox dinc insanın qətlə yetirilməsinə kor oldu. Müharibədən sonra isə Ermənistanın davamlı olaraq törətdiyi təxribatlar, mina terroru, diversiyalar barədə faktları görməzdən gəldi.
Dəfələrlə belə faktlar səslənib ki, Avropa Parlamentində siyasi korrupsiya pik səviyyədədir. Yəni avroparlamentin üzvləri erməni lobbisinin təsiri altında, maddi maraqlarla çalışır və qərəzli qətnamələrə imza atırlar.
Bütün dünya bilir ki, Ermənistan 30 il ərazində Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayıb. Faktlarla sübut edilir ki, İkinci Qarabağ savaşından sonra Ermənistan sərhədlərin delimitasiyasından boyun qaçırır və təxribatlar törədir. Azərbaycan Prezidenti rəsmən bəyan edib ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Minsk Qrupu isə faktiki olaraq özünü buraxıb, fəaliyyəti yoxdur. Laçın yolunda isə heç bir blokada yoxdur və humanitar daşımalar, mülki şəxslərin istifadəsi üçün açıqdır. Laçın yolunda yalnız azərbaycanlı fəallar, QHT-lər ermənilərin törətdiyi ekoterrora qarşı etiraz aksiyası keçirirlər. Bütün bunlar hamıya aydındır. Avropa Parlamentində əslində bu reallıqları bilirlər. Ancaq reallıqları demək onların qərəzli missiyasına uyğun deyil. Ümumiyyətlə, Avropa coğrafiyasında çoxları istəmirlər ki, Cənubi Qafqaz regionunda Azərbaycan lider ölkə kimi daha da güclənsin. Bu onların uzaqmənzilli və məkrli siyasi planlarına uyğun deyil. Ancaq bütün bunlar əbəsdir.
Avropa Parlamentinin qərəzli siyasi bəyanatları bütövlükdə Avropanın Azərbaycana münasibəti kimi dəyərləndirilə bilməz. Bu qurum sadəcə ermənipərəst dairələrin ruporudur. Azərbaycan Avropa ilə enerji, təhlükəsizlik məsələləri üzrə tərəfdaşdır. Azərbaycanın enerji layihələri Avropa üçün çox mühümdür. Bu baxımdan Avropa Parlamenti kimi rupor qurumların qərəzli bəyanatları qətiyyən ölçü meyarı hesab edilməməlidir.
Qərəzli, anti-Azərbaycan şəbəkələr daim olacaq. Ancaq biz yalnız onları tənqid etməklə kifayətlənməməliiyk. Avropa Parlamentində, AŞPA-da, digər beynəlxalq təşkilatlarda ermənipərəst dairələri ifşa etmək üçün kontr-tədbirlər planlarımız da hazırlanmalı və həyata keçirilməldiir. Eyni zamanda biz çalışmalıyıq ki, beynəlxalq qurumları fakt qarşısında qoymaq üçün davamlı işlər görək, biz də özümüzə uyğun şəkildə bu qurumlara nüfuz edək, dostlar, yoldaşlar qazanaq”.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: “Əslində, Avropa Parlamentinin Azərbaycana qarşı bu cür qərəzli yanaşması heç də təəccüblü və təsadüfi deyil. Çünki bu qurumun da digər bəzi Qərb qurumları, o cümlədən bəzi xarici ölkələr kimi erməni sevgisindən başı dumanlanıb. Bu tipli təşkilatlar beynəlxalq hüququn prinsiplərini, bütün dəyərləri erməni sevgisinə, yaxud da belə deyək ki, özlərinin islamafob, türkofob siyasətinə qurban verirlər. Avropa Parlamentinin yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşması bu təşkilatın mahiyyətini bir daha ortaya qoyur. Bu kimsəyə sirr deyil ki, AP Azərbaycana qarşı düşmən mövqedən yanaşır. Daha dəqiq desək, bu qurum Azərbaycanla bağlı bütün addımlarına erməni sevgisi, işğalçı Ermənistana dəstək və təəssüflə də olsa bunu qeyd etməliyəm, xristian həmrəyliyi prizmasından yanaşır. Təsəvvür edirsiniz ki, XXI əsrdə Avropanın mərkəzində deputatlar Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından yanaşırlar. Bu təəssüf doğurmaqla yanaşı, Avropanın necə bir acınacaqlı, həm də təhlükəli durumda olduğundan xəbər verir. AP-nin məsələlərə bu cür yanaşması bu qurumda təmsil olunanların orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir.
AP-nin erməni sevgisinin arxasında dayanan başqa bir məqam isə korrupsiya ilə bağlıdır. Bəlli olduğu kimi, AP həm də korrupsiya cinayətlərinin tüğyan etdiyi bir qurum kimi tanınıb. Bununla bağlı yetərincə məlumatlar və faktlar var. Heç uzağa getməyək. AP-nin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi bütün dünyaya bəllidir. Özü də bu, qurumla bağlı korrupsiya əməllərinə dair nə birinci, nə də sonuncu haldır. Digər tərəfdən AP Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan qurum kimi də tanınır. Məhz bunun nəticəsidir ki, AP sanki Ermənistan Parlamentinin komitəsinə çevrilib. Elə təsəvvür yaranır ki, AP Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir. Təbii ki, bu günə kimi Azərbaycana qarşı atılan qərəzli addımlar, qəbul edilən hansısa qərəzli bəyanat və qətnamələr heç bir nəticə verməyib. Eyni zamanda bundan sonra da bu cür cəhdlər iflasa uğrayacaq. Azərbaycanı bu cür addımlarla haqq yolundan döndərəcəklərini düşünənlər, xüsusilə də AP həm yanılır, həm də boş yerə zaman və enerji itirir”.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “44 günlük Vətən müharibəsindən sonra Avropanın bir sıra təşkilatları Azərbaycana qarşı birtərəfli və qərəzli mövqeyi ilə seçilməkdədir. Xüsusilə, Avropa Parlamenti canfəşanlıq göstərir. Hal-hazırda ağrılı da olsa, sülh gündəliyi ilə bağlı gedən bir proses var. Bu prosesdə tərəflərə bərabər məsafədə olmaqdansa, Ermənistana daha çox tərəfkeşlik etmək, eyni zamanda Azərbaycana qarşı qərəzli və əsassız iddialar irəli sürməkdədir. Bu da bir sıra suallar doğurur. Bu təşkilatlar işğal dövründə hər zaman öz susqunluqları ilə və əllərində olan təsir mexanizmlərinin Ermənistana qarşı istifadə olunmasında maraqlı olmayıblar. Amma bu gün Azərbaycanla Ermənistan arasında qarşılıqlı sülh danışıqlarının aparıldığı bir məqamda hansısa dairələr Avropa Parlamenti vasitəsilə danışıqları pozmağa, Ermənistanın mövqeyini masada gücləndirməyə çalışırlar. Maraqlıdır ki, son günlərdə Azərbaycan çarpaz atəş altındadır. Yalnız Qərbin deyil, həm də Rusiyanın bölgədə olan sülhməramlı kontingentinin təxribatçı hərəkətləri, eyni zamanda İranın Azərbaycanla bağlı addımları onu göstərir ki, dünyada bir-birinə zidd olan qüvvələr Azərbaycana münasibətdə eyni mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu müəyyən qədər Türkiyədəki son hadisələrlə bağlıdır. Türkiyə hökumətinin başının bir qədər qarışıq olması, kimlərəsə fürsət verib ki, Azərbaycana qarşı hər kəs öz bildiyi formada təzyiq göstərsin".
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə: “Nə qədər ki Azərbaycan güclənəcək, bir o qədər də ona qarşı təzyiqlər güclənəcəkdir. Əlbəttə ki, ermənilərin havadarları var. Biz bunu bilirik. Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bir daha göstərəcək ki, yenə də qeyri-obyektivlik baş alıb gedir. Düşünürəm ki, bu məsələ ilə bağlı fikirlərimizi açıq şəkildə bildirməliyik. Çünki Azərbaycan tarixində heç vaxt təcavüz məsələsi olmayıb. Nəyə görə Avropa Parlamenti bizə qarşı aparılan işğalçı siyasətə, soyqırımlara öz səsini çıxarmır? Heç bir əhəmiyyəti olmayan Mins Qrupu yaratdılar.
Azərbaycan həqiqətən də çox dözümlü xalqdır ki, neçə illərdir buna səs çıxarmadıq. Amma sonda gördük ki, Minsk Qrupu başqa bir istiqamətdə fəaliyyət göstərir. 30 il işğalda olan torpaqlarımız getdikcə dağılırdı. Bəs, Avropa Parlamenti bunu görmürdü? Bugünkü gündə ekofəallar da, Qeyri Hökumət Təşkilatları da Azərbaycanın öz torpaqlarında aksiya keçirir. Biz öz tarixi haqlarımızı səsləndiririk. Cənab Prezident İlham Əliyev xarici siyasətində bizim haqlı mövqeyimixi dünyaya çatdırırsa, biz də öz torpaqlarımızda dayanmadan səsimizi duyurmalıyıq. Avropa Parlamenti əleyhimizə qətnamə qəbul edərsə, öz qərəzli münasibətini göstərmiş olacaq".
“Cəmiyyətin İnkişafı” Mərkəzinin sədri Əhməd Abbasbəyli: “Avropanın və ümumilikdə Qərbin Ermənistana "qayğısı" bir neçə səbəbdən qaynaqlanır. Böyük ehtimalla bu məsələdə din təəssübkeşliyi özünü göstərir. Doğrudur, bu məsələ bir o qədər də hallanmasa da, yenə də din faktorunu kənara atmaq olmaz. Nə qədər müasir, demokratik cəmiyyət tərənnüm etməyə çalışsalar da, təəssüf ki bu cür düşüncəli insanlar siyasi tribunlarda hələ də var. Amma burada bir əsas məsələ var. Deməli, Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələrin məqsədi Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq idi. Hələki buna nail ola bilməyiblər, amma məsələni sona çatdırmaq istəyirlər. Bunun üçün Ermənistana xüsusi diqqət göstərməlidirlər. Bugünkü gündə Azərbaycan regionda müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın bir müttəfiq dövləti var ki, o da Türkiyədir.
Paşinyanı hakimiyyətə gətirən qüvvələr belə addımlar atmaqla sanki Ermənistanın yanında olduqlarını göstərməyə və onun Rusiyanın nəzarətindən kənar normal yaşaya biləcək illuziyasını yaratmağa çalışırlar. Ermənistan cəmiyyəti də buna inanmağa çalışır. Düşünürlər ki, Rusiya olmadan tam sərbəst yaşaya bilərlər. Çünki Avropa, xüsusilə də Fransa onları bu cür düşünməyə vadar edir. Hesab edirəm ki, Ermənistan ikili oyun oynayaraq həm Rusiyadan bəhrələnməyə, həm də Qərbdən müəyyən imtiyazlar əldə etməyə çalışır. Ona görə də bu gün vəziyyət bu cürdür".
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənli: "Təəssüf ki, insan haqlarından, demokratiyadan danışan Avropa Parlamenti bu cür qətnamə qəbul etməyə hazırlaşır. Bu, reallıqdan çox uzaqdır. Avropa illərdir ATƏT-in Minsk Qrupunun timsalında bu məsələlərlə məşğul olunduğunu görüb. 30 ilə yaxın bir müddətdə BMT TŞ-nın 4 qətnaməsi yerinə yetirilməyib. Ermənilər Xocalıda XX əsrin sonlarında beynəlxalq aləmdə ən ağır cinayət olan soyqırımı törətdilər. İspanyada katalonlar belə bir hadisə törətdikdə siyasi separatizm ona qarşı ən ağır tədbir gördü. Onda insan hüquqlarından danışılmadı. Qarabağda isə hərbi separatizm, işğal, terror var. Guya ki Avropa Parlamenti bunu bilmir? BMT TŞ-nın üç daimi üzvü Amerika, Rusiya və Fransanın hansı biri Ermənistana təzyiq etdi?! Xocalıda əli azərbaycanlıların qanına batmış Sarkisyan Koçaryan prezident kimi Avropa Şurasında iştirak edirdi. Ona heç kim terrorçu, hərbi cinayətkar olduğunu demirdi. Bunlar hamısı onu göstərir ki, dünyada hələ də ikili siyasət var. Azərbaycanın və Türkiyənin güclənməsi, regionda Türk Birliyinin yaranması və Azərbaycanın müstəqil siyasət aparması dünyanın bəzi dövlətlərini narahat edir. Ermənipərəst qüvvələr Azərbaycana təzyiq etmək üçün bu cür çirkin əməllərə əl atırlar. Amma bunlar yolverilməzdir. Azərbaycan öz haqlı mübarizəsini sona qədər aparacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB