Ermənistan icimaiyyəti elə hesab edir ki, Qərb bu ölkəyə kömək etməlidir və sanki bu köməyi etməyə nəinki borcludur, guya hətta özünün də ehtiyacı var. Erməni cəmiyyətində belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Ermənistanın itirilməsi Qərb üçün bütün Cənubi Qafqazın itirilməsi deməkdir və bu baxımdan işğalçı bir ölkəyə kömək etmək guya Qərbin öz maraqları daxilindədir, amma bunun yanlış olduğunu ermənilər arasında da düşənən, dərk edənlər var.
Bilirik ki, Nikol Paşinyanın inqilab adlandırdığı, əslində isə dövlət çevrilişi olan prosesdən sonra Ermənistan iki qütb arasında qalıb. Erməni baş nazir ona hakimiyyəti hədiyyə edən Qərbin qarşısında buna görə özünü “börclu” hesab edir. Digər tərəfdən də başa düşür ki, onun və ölkəsinin Qərbə meyl etməsi hər zaman sığındıqları, bundan sonra da sığınmaq arzusunda olduqları Rusiyanın heç xoşuna gəlmir. Daha dəqiq desək, başda elə baş nazirin özü olmaqla, ermənilər Qərblə Rusiya arasında seçim etmək məcburiyyətində qalıblar. Əslində, Qərb də Rusiya da artıq bu seçimi etməsini Ermənistandan çoxdandır ki, tələb edir. Ona görə ki, hər iki qütb işğalçı ölkənin dəyişkən mövqeli olduğunu bilir və istənilən anda birini digərinə satmağa da hazır olduqlarının fərqindədir. Gah xilas olmaq, ümumiyyətlə, mövcudluqlarını qorumaq, təhlükələrdən sığortalanmaq məqsədi ilə rusların ayaqları altına sərilən, gah da Qərbin yolu ilə getməyi üstün hesab etdiyini açıq şəkildə bildirən ermənilərdən seçim edilməsi tələb olunur. Bu tələbi Qərb də edir, Rusiya da. Özü də bu dəfə Rusiya tələbi kəskin şəkildə irəli sürüb, çünki Avropa İttifaqı Missiyasının Ermənistanda yerləşməsinə görə Kreml məsələyə artıq son dərəcə sərt yanaşmağın tam zamanı olduğu qənaətindədir.
Ermənistana ünvanlanan açıq-aşkar bəyanatlar məsələnin nə yerdə olduğunu bir daha göstərir. Bu bəyanatların sanki ültimatum şəklində olması da diqqəti cəlb edir. İndi ermənilər üçün təhlükə daha sürətlə yaxınlaşır. Nəinki Rusiya hakimiyyəti, hətta Belarusun prezidenti Aleksandr Lukaşenko belə şərti məhz sərt şəkildə ifadə edib. O, bəyan edib ki, KTMT-yə üzv ölkələr Ukraynadakı müharibə ilə bağlı bir mövqe tutmalıdırlar. Deməli, artıq Rusiya və bu ölkənin “nəzarəti altında” olan ölkələr belə Ermənistanı mövqesizliyinə görə qınayır. Daha dəqiq desək, gah Qərbə, gah da Rusiyaya tərəf gedən Ermənistanın bu mövqeyi, yaxud mövqesizliyi hər iki qütbü, xüsusən rusları boğaza yığıb, təngə gətirib. Belorusiya prezidentinin KTMT-nin baş katibi ilə söhbəti zamanı dedikləri də bunu təsdiq edir, çünki belə demək mümkünsə, Aleksandr Lukaşenko elə rəsmi Moskvanın fikirlərini çatdırıb. “Əgər kimsə fikirləşsə ki, Ukrayna ilə Rusiya arasındakı münaqişə bizim münaqişəmiz deyil, biz haradasa sakit, qarışmaz şəkildə oturacağıq, belə bir şey yoxdur. Bu olmayacaq... Vaxt gələcək, sözün əsl mənasında sabah, qərar vermək, müəyyən mövqe tutmaq lazım olacaq”, deyə bildirən Lukaşenko bununla Ermənistan tərəfinə Kremlin ciddi mesajlarını çatdırır.
Görək bəs Ermənistan tərəfi nə düşünür və hansı qərar vermək niyyətindədir? Ümumiyyətlə, rəsmi İrəvanın qərar vermək, seçim etmək, yaxud bu vəziyyəti ciddiyə almaq kimi bir niyyəti varmı? Məsələ burasındadır ki, belə bir niyyət nə ortada deyil, nə də heç görünmür. Görünən odur ki, bu işğalçı ölkənin hakimiyyəti də, müxalifəti də bir tərəfdən daxildəki parçalanmalarla məşğuldur, biri hakimiyyəti ələ keçirmək, digəri isə əldən verməmək üçün əlindən gələni də edir, əlindən gəlməyənə görə də vəd verir. Digər tərəfdən də erənilərin bir qismi “revanşizm” deyə ortaya atılıb və Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəri, eləcə də Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi, həmrəyliyi ilə işğaldan azad etdiyimiz torpaqlarımızı yenidən işğal etmək, ələ keçirmək niyyəti ilə dəridən-qabıqdan çıxdığı da sirr deyil və bütün bunlar onu göstərir ki, ölkəsinin taleyini, gələcəyini düşünən yoxdur. Deməli, Rusiyanın ən yaxın zamanda Ermənistanı dilemma qarşısında qoyacağı təkzib edilə bilməz. Belə bir məqamda erməniləri hələ hansı sınaqlar, daha dəqiq desək, hansı təhlükə gözləyir, bunu özləri lap yaxşı bilirlər.
Ən gülünc məqam odur ki, düşünmədən, tərəddüd belə etmədən Rusiyanı Qərbə satanlar Moskvanın dəstəyini, yardımını gözləyirlər. Hansı əsasla, hansı məntiqlə, hansı haqla buna ümid edirlər? İstənilən anda yönünü, yolunu dəyişməyi çox yaxşı bacaranlar nəyə ümid edə bilərlər? Təbii ki, heç bir əsas olmadan ümid etmələri, sözün həqiqi mənasında axmaqlıqdan başqa bir şey sayılmır. Ona görə ki, xəyanətləri müqabilində Rusiyadan qəflətən zərbə almaq olmayan ağıllarına düşmür. Elə bil anlamırlar ki, rusların onlardan hesab sormağa qalxacağını gözləmək əvəzinə yardımlarını, dəstəklərini gözləyirlər və bu absurddur.
Yenə də ermənilər elə hesab edirlər ki, elə KTMT özü də Ermənistanı müdafiə etməlidir. Amma niyə, nəyə görə? Bu suala cavab verən erməni hələlik ortaya çıxmayıb. Ona görə ki, hansısa ölkənin işğalçı bir dövlətin yanında hansı prinsplər, yaxud hansı bəhanələrlə ola biləcəyi barədə bir söz deyə bilən yoxdur. Çünki belə bir əsas ola bilməz axı. İki il bundan qabaq, 44 günlük müharibə zamanı da Ermənistan tərəfi KTMT-dən dəstək umdu və gözlədi. Hətta, bu dəstəyi acizanə şəkildə istədi də, baxmayaraq ki, baş nazir Nikol Paşinyan bunu təkzib edirdi. “Ermənistan KTMT-dən yardım, dəstək istəməyib”, deyən Paşinyanın sonra həmin təşkilatı onun ölkəsinə dəstək göstərməməkdə ittiham etməsi, günahlandırması bir qədər gülməli səslənir. Soruşmaq yerinə düşərdi ki, axı yardım, dəstək istəmədikləri təşkilatdan yardım almadıqlarına görə niyə narazıdırlar? Deməli, erməni baş nazirin dedikləri ağ yalan idi və indi bunun əvəzini hansısa yolla KTMT-dən çıxmaq istəmələri deyilənləri təsdiq edir.
Ermənistan artıq KTMT-dən çıxmağın vacibliyinə daxildə qərar da verib. Amma bir məsələ də bu ölkəni narahat edən məqam olaraq qalır ki, görəsən Qərb Ermənistanın təhlükəsizliyinə etibarlı təminat verirmi? İndi Rusiyanı da, KTMT-ni də guya “lazımsız” sayan ermənilər Ukraynanın vəziyyətindən xəbərdar deyillərmi? O həmin Qərb deyildimi Ukraynanı Rusiyaya qarşı qızışdıran və indi də bunun acısını ukraynalılar çəkmirmi? Doğrudur, Ukrayna öz suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma bu mübarizənin siyasi yolla aparılması deyil, məhz aktiv müharibə fazasına keçməsi də Qərbin vədləri nəticəsində oldu. Dağılan Ukraynanın şəhərləri, həlak olan da həmin ölkənin vətəndaşlarıdır, itirməkdə olan Ukraynadır Qərb yox. Az qala bütün dünya Ukraynanın tərəfində olsa da, Rusiyaya qarşı sanksiyalar tətbiq edilsə də, rəsmi Moskva bunlara məhəl qoymadan mübarizə aparır. Bu faktlar İrəvan üçün dərs olmadısa, deməli, Ermənistan üçün də böyük təhlükə gözləniləndir, çünki Qərb həmin ölkəni Ukrayna qədər dəstəkləməyəcək, baxmayaraq ki, ermənilər Ermənistanın itirilməsini Qərb üçün bütün Cənubi Qafqazın itirilməsi demək olduğu barədə əsassız fikirlər irəli sürürlər.
Ermənistanla, bu ölkənin hakimiyyəti ilə Kremlin hələ hansı planlarının olduğu və ya olacağı da kimsəyə bəlli deyil, amma hansısa planlar artıq sözsüz ki, var. Hədsizliyinə görə Nikol Paşinyanı Moskva heç vaxt bağışlamayacaq. Belə getsə, onun da cəzalandırılmasının tezliklə zamanı gələcək. Yanukoviçin, Saakaşvilinin başına gələnlər də məhz Nikol üçün dərs olmalı idi. O, Mixail Saakaşvilinin və Gürcüstanın halını görməli və dərk etməli idi ki, növbəti sırada onun özü və ölkəsidir. Ukrayna ilə müharibənin fonunda istədiyi uğuru hələ də qazana bilməyən Rusiya üçün Ermənistana dərs vermək istəyinin baş qaldırmayacağı barədə bir söz demək olmaz. Əksinə, Ermənistanı hədəfə almaqda Rusiya tərəddüd belə etməz və Kreml Qərbə hansısa mesajı vermək naminə də olsa bu addımı atar. Bir sözlə, Ermənistan üçün böyük təhlükənin gözlənildiyi təkzib edilə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB