Azərbaycan Prezidentinin növbəti diplomatik uğuru

Azərbaycan Prezidentinin növbəti diplomatik uğuru

Bu il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın, ATƏT-in Baş katibi Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin də iştirak etdiyi “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda baş tutan plenar iclasda çıxışı zamanı beynəlxalq ictimayyətə bir çox mühüm mesajlar vermişdir.

Bildirilmişdir ki, Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar.

Qeyd olunmuşdur ki, rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və
üstünlüklərdən faydalanırlar. Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac
edilmiş şəxslə yox.

Cənab Prezident bildirmişdir ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Azərbaycan müharibə apardı, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi.

Nəzarət-buraxılış məntəqələrinin açılmasının vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.

Laçın-Xankəndi yolundakı vəziyyətə toxuna cənab Prezident bildirmişdir ki, burada hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir. Avropa İttifaqı Azərbaycanın mövqeyimi anlayır. Biz haqlı olaraq tələb edirik ki,
yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər.

Ümumilikdə cənab Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda baş tutan plenar iclasda çıxışı və keçirtdiyi görüşlər
Azərbaycanın durmadan artan beynəlxalq nüfuzundan xəbər verir və göştərir ki, Azərbaycan qarşısında duran bütün məqsədlərinə çatacaqdır.

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə