Münxen görüşünün Azərbaycan üçün nəticələri - POLİTOLOQ ŞƏRH ETDİ

"Münxen görüşü Azərbaycan üçün vacib platforma sayıla bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu platformada son zamanlar bölgədə baş verən siyasi proseslər haqqında iştirakçılara ətraflı və detallı məlumat verdi."Eyni zamanda, Laçın yolu ilə bağlı olaraq Ermənistanın yaratdığı "humanitar fəlakət" yalanı da faş edildi. Bunlarla yanaşı, konfransın işində iştirak edən ölkə başçısı İlham Əliyev bir sıra siyasi mesajlar verdi. Belə ki, müharibənin bitməsi və bölgədə sülhün bərqərar olmasına yönəlik siyasətin tətbiqi qeyd olundu. Bölgədə Dağlıq Qarabağ yox, Qarabağ iqtisadi rayonunun olması əyani şəkildə bir daha səsləndi. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarla münasibətlərin qurulması fonunda da Azərbaycan Prezidenti tərəfindən tutarlı arqumentlər gətirildi. Bildirildi ki, Azərbaycan Qarabağa aidiyyəti olmayan və kənardan müəyyən məqsədlər üçün "göndərilmiş psevdoerməni qəhrəmanlar"la bu mövzuda heç bir danışıq aparmayacaq. İcma nümayəndəsi kimi orada doğulmuş, böyümüş və Azərbaycanda yaşamağa razı olan kəslərlə danışıqların qurulması mümkündür. Yalnız bu şərtlər ödənildikdə müsbət nəticə əldə oluna bilər".

Politoloq sözlərinə əlavə edərək bildirdi ki, bununla da Azərbaycan hər iki icma arasında münasibətləri kəskinləşdirməyə çalışan tərəflərə ciddi mesaj vermiş oldu: "Konfransın işi zamanı Azərbaycan-Ermənistan arasında görüşün ABŞ moderatorluğu vasitəsilə baş tutmadı, olduqca maraqlı məqam hesab oluna bilər. Çünki burada yenidən Qərbin aktivliyi önə çıxır, Moskvaya ciddi alternativ yaranır, görüşdə ciddi təkliflər səslənir və Qərb platforması üzərindən sülhə nailolma ehtimalı artır. Bu görüş zamanı daha bir real təklif irəli sürərək həm Laçın yolunda, həm də Zəngəzur dəhlizində qarşılıqlı NBM quraşdırılmasını təklif etdi. Bu, hər iki tərəf üçün məqbul sayıla bilən bir təklifdir. Eyni zamanda, RF SMQ öz funksiyalarına biganə yanaşmasına bir mesajdır.
Bununla da yaxın zamanlarda ekoaktivistlərin başladığı yumşaq siyasət aksiyası tezliklə yeni keyfiyyət çalarları alacaqdır. Ümumilikdə Konfransada Azərbaycanın mövqeyinin dəyişməz olaraq qalması bir daha təsdiqləndi, yeni istiqamətlər müəyyən olundu, sülhün əldə olunması hər iki tərəfdən müsbət siqnalların olması məlum oldu. Hesab etmək olar ki, əgər Ermənistan yaxın zamanlarda RF təzyiqlərinə tab gətirə bilsə, ilin sonuna kimi sülh sazişinin imzalanma ehtimalını demək olar".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə