“İki sahil” 34 yaşını qeyd edir

Azərbaycanın mətbuat orqanları arasında özünəməxsus yeri olan, oxucu auditoriyasını günbəgün genişləndirən “İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü tarixdən 34 il keçir. Ötən illər ərzində çətin və şərəfli yol keçən qəzet heç zaman tutduğu yoldan, əqidəsindən dönməyib. Atılan hər bir addımın başlanğıcı çətinliklərlə müşayiət olunsa da məqsəd, məram daim onların dəf olunmasında stimulverici amildir. “İki sahil” Azərbaycan üçün ən çətin dövrlərdə həyata vəsiqə alıb, öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb. 1991-ci ilin iyulunda “İki sahil” qəzeti yarananda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. O illər senzuranın tüğyan etdiyi bir zaman idi. Məqsəd, məram, amal “İki sahil”in köməyinə gəldi, bütün çətinliklərə rəğmən qəzet fəaliyyətə başladı.

“İki sahil” qəzeti hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğatçısı olub. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti “İki sahil” qəzetində dərc edilib. Qəzet Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaranması zərurətini, təşkilatlanmasını, keçdiyi inkişaf yolunu daim geniş şəkildə işıqlandırır. “İki sahil” zamanın bütün çətinliklərinə, təzyiqlərinə rəğmən, qarşısına qoyduğu məqsədə doğru inamla addımlayıb, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib. Bu gün dövlətimizin azad sözə, azad fikrə verdiyi dəyər qəzetin fəaliyyətində özünün aydın ifadəsini tapır.

“İki sahil” SOCAR-ın təsisçiliyi ilə müstəqil ictimai-siyasi qəzet olaraq digər sahələr kimi, Azərbaycan dövlətinin siyasətini, iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı qarşısına mühüm vəzifə kimi qoyub. Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü inkişafın əsasını qoydu. "İki sahil” qəzeti neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rola malik olan SOCAR-ın və onun strukturlarının gördüyü işləri geniş şəkildə işıqlandırır. Müasir dövlət quruculuğu prosesləri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə dolğun şəkildə əks etdirilir. Son beş ildə qalib, bütövləşən Azərbaycanın mətbu orqanı olaraq “İki sahil”in də səhifələrini azad Qarabağda və Şərqi Zəngəzurda geniş miqyas alan quruculuq işləri ilə zənginləşdirir. Böyük Qayıdış Proqramının uğurlu icrasının göstəricilərindən olan soydaşlarımızın doğma yurdlarına qayıdışı bu gün qəzetin ictimaiyyətə təqdim etdiyi məlumatların əsas tərkib hissəsinə çevrilib.

Bu gün, eyni zamanda, qəzetin “ikisahil.az” internet saytı, “İki sahil TV” internet televiziyası uğurla fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara və izləyicilərə çatdırılır. "İki sahil” qəzeti 34 il ərzində böyük təcrübə əldə edərək, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə