"Gələcəkdə dəyişməli olan əsas məsələ ondan ibarətdir ki,..." - EKSPERT DANIŞDI

“İxtisas seçimi prosesi yalnız bir siyahı tərtib etmək və ixtisas adlarını ard-arda yazmaqdan ibarət deyil”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Bu proses mürəkkəb statistik təhlil, əmək bazarının araşdırılması, abituriyentin bilik və bacarıqlarının, psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi, sosial və iqtisadi amillərin analizi əsasında həyata keçirilən kompleks bir qərarvermə prosesidir. Bu səbəbdən də bu sahədə professional yanaşma, zaman və resurs tələb edən xidmətlərin bəzi şəxslər tərəfindən pullu şəkildə göstərilməsi obyektiv əsaslara söykənir və qanunvericiliyə tam uyğundur.

Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, hər bir şəxs xidmət almaqda sərbəstdir və xidmət göstərən tərəf həmin xidmətin keyfiyyəti və məzmununa görə məsuliyyət daşıyır. İxtisas seçimi üzrə fərdi məsləhət xidməti də bu hüquqlar çərçivəsində, bazar prinsipləri ilə tənzimlənən xidmət növüdür.

Statistik təhlil baxımından qeyd etmək lazımdır ki, ixtisas seçimi zamanı nəzərə alınmalı onlarla faktor var. Məsələn, hər il ali məktəblərə qəbul imtahanı verən abituriyentlərin təqribən 30 faizi ixtisas seçimi zamanı aşağı balla yüksək keçid balı olan ixtisasları seçdiyi üçün yer qazana bilmir. DİM-in son illərdəki statistik hesabatlarına əsasən, 2023-cü ildə ali məktəblərə qəbul üçün sənəd verən 76.125 abituriyentin təqribən 18.000 nəfəri ixtisas seçiminin yanlış planlaşdırılması səbəbindən uğur əldə etməyib. Bu isə aztəminatlı ailələrdən olan on minlərlə gəncin bir il vaxt itkisi və psixoloji təzyiqə məruz qalması deməkdir.

İxtisas seçimi zamanı nəzərə alınmalı olan əsas statistik indikatorlar arasında keçid ballarının dinamikası, ixtisaslara olan müraciət sıxlığı, fakültələr üzrə tədris keyfiyyəti, məzunların məşğulluq səviyyəsi, əməkhaqqı göstəriciləri və regional inkişaf strategiyalarına uyğunluq dayanır. Məsələn, DİM-in 2022-ci il hesabatında qeyd olunurdu ki, mühəndislik ixtisaslarına qəbul olanların 48 faizi təhsil aldıqdan sonra fərqli sahədə çalışır, yəni onların ixtisas seçimi əmək bazarı ilə uyğun gəlmir. Bu cür hallar yalnız peşəkar karyera məsləhəti ilə azaldıla bilər.

Dövlət İmtahan Mərkəzinin regional məsləhət mərkəzləri fəaliyyət göstərsə də, bu mərkəzlərdə fərdi abituriyentlə saatlarla işləmək, onun şəxsi planlarını təhlil etmək, ailə və iqtisadi vəziyyətinə uyğun strategiya qurmaq imkanı praktiki olaraq mümkün deyil. Orada əsasən ümumi izah verilir, fərdi təhlil aparılmır. Bu isə onu göstərir ki, abituriyentlər üçün şəxsi yanaşma tələb edən xidmətlərə tələbat yaranır.

Dünya təcrübəsinə baxdıqda, ABŞ, Almaniya, Finlandiya, Cənubi Koreya kimi ölkələrdə abituriyentlərin ixtisas seçimi peşəkar karyera məsləhətçiləri vasitəsilə həyata keçirilir və bu xidmətlər adətən pulludur. Xüsusilə ABŞ-da “college counselor” kimi fəaliyyət göstərən şəxslər orta məktəb mərhələsindən başlayaraq şagirdə fərdi təhsil planı hazırlayır və bu xidmət illik 3000-15000 dollar arasında dəyişir. Azərbaycanda isə bu xidmətin 50-100 manat arasında olması onun əlçatan və cəmiyyət üçün daha qənaətli model olduğunu göstərir.

Bu kontekstdə özəl şəxslərin ixtisas seçimi üzrə pullu xidmət göstərməsi bir tərəfdən sosial ədalətsizlik deyil, əksinə, bazar iqtisadiyyatının tələbinə uyğun fəaliyyət formasıdır. Bu sahədə fəaliyyət göstərən şəxslər vaxt ayırır, statistik təhlil edir, məzun-məşğulluq analizləri aparır və müştəriyə individual tövsiyə verir. Belə xidmətlərin pullu olması bu xidmətin dəyərinin tanınması deməkdir. Burada problem bu deyil ki, niyə pulludur, problem odur ki, bu xidmətlərin keyfiyyətinə dair dövlət tərəfindən heç bir tənzimləmə və akkreditasiya mexanizmi yoxdur. Yəni istənilən şəxs bu xidmətləri göstərə bilər, halbuki bu, elmi və peşəkar təhlil tələb edən sahədir.

Gələcəkdə dəyişməli olan əsas məsələ ondan ibarətdir ki, ixtisas seçimi ilə bağlı dövlətin təqdim etdiyi xidmətlər də fərdiləşməli, kütləvi və şablon yanaşmalardan çıxmalıdır. Bu məqsədlə məktəblərdə karyera planlaşdırması üzrə təlim keçmiş psixoloq və müəllimlər vəzifə öhdəliyinə daxil edilməlidir. Həmçinin, DİM və Təhsil Nazirliyi ixtisas seçimi platformalarını süni intellekt texnologiyaları ilə təkmilləşdirməli, abituriyentin nəticəsinə, maraqlarına, psixoloji tipinə və regional imkanlarına görə fərdi yönləndirmə imkanı yaradılmalıdır.

Beləliklə, ixtisas seçimi üzrə özəl pullu xidmətlərin göstərilməsi təbiidir və zəruridir. Lakin bu sahədə dövlət tənzimləməsi, akkreditasiya və keyfiyyət standartları vacibdir. Eyni zamanda, dövlət xidmətləri də modernləşdirilməli, fərdi yanaşma tətbiq olunmalıdır ki, hər bir gənc düzgün istiqamət seçsin və potensialı boşa getməsin. Əks halda, minlərlə gənc illərlə ali təhsilli işsizlər sırasına qoşulacaq. Bu isə yalnız fərdi yox, milli sosial problemə çevriləcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə