AMEA ilə Koreya Respublikasının Akademiyası arasında əlaqələr qurulacaq - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq ilə görüşüb. AMEA-dan SİA-ya bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli Cənubi Koreyanın Azərbaycan üçün etibarlı tərəfdaş ölkə olduğunu və diplomatik münasibətlərin qurulduğu ötən 30 ildən artıq müddətdə bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətlərində əlaqələrin genişlənməyə davam etdiyini bildirib. Qeyd edib ki, ölkəmiz Asiya xalqları və dövlətləri ilə əlaqələrə xüsusi önəm verir və bu sırada Cənubi Koreyanın da mühüm yeri var.
Azərbaycan - Cənubi Koreya elmi əlaqələri barədə məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, ötən müddət ərzində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı iki dəfə beynəlxalq simpozium keçirilib. Ölkələrimiz arasında elmi əlaqələrin inkişafında Koreyanın Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri professor Eunkyung Ohun xüsusi xidmətləri var.
Bu günlərdə isə AMEA-da keçirilən “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreyadan olan mütəxəssislərin də iştirak etdiyini deyən akademik İsa Həbibbəyli hazırda hər iki ölkənin arxeoloqlarının birgə fəaliyyəti nəticəsində Qəbələdə tədqiqatlar aparıldığını, tezliklə həmin ərazini ziyarət edəcəyini söyləyib.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan ilə Cənubi Koreyanın elmi qurumları arasında ədəbiyyat, tarix, arxeologiya, fəlsəfə və digər istiqamətlərdə əlaqələr var və nəticə etibarilə hər iki ölkənin akademiyaları arasında əməkdaşlıq müqaviləsinin imzalanması birgə tədqiqatların genişlənməsində faydalı olar.
Cənubi Koreyanın ədəbiyyatı ilə də yaxından maraqlandığını bildirən AMEA rəhbəri 2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı qazanmış Cənubi koreyalı yazıçı Han Kanqın “Vegetarian” əsərindən təsirləndiyini və romanla bağlı “Anlamağın ağır yükü” adlı məqalə yazaraq Azərbaycanda “Ədəbiyyat qəzeti”ndə və dünyada ədəbiyyat sahəsində məşhur olan “Literaturnaya qazeta”da çap olunduğunu diqqətə çatdırıb.
AMEA rəhbəri, həmçinin Cənubi Koreya ilə bağlı bir sıra xatirələrini bölüşüb və bu ölkənin elmi qurumları ilə əməkdaşlıqdan məmnun olduğunu deyib.
Səfir Kımqu Kanq səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və akademik İsa Həbibbəylinin Cənubi Koreya mədəniyyətinə olan sevgisindən təsirləndiyini söyləyib.
İlk dəfə ölkəmizə 2006-cı ildə səfər etdiyini deyən səfir Kımqu Kanq Azərbaycanı yaxından tanıdığını, dövlətlərimiz arasındakı əlaqələrin inkişafı ilə yanaşı, xalqlarımızın da münasibətlərinin genişləndirilməsinin mühüm olduğunu vurğulayıb. Qəbələdə aparılan arxeoloji tədqiqatlarla yerindəcə tanış olacağını bildirən səfir birgə ekspedisiyanın humanitar sahədə əlaqələrimizin möhkəmlənməsinə təkan verdiyini deyib, bu münasibətlə akademik İsa Həbibbəyliyə və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovaya minnətdarlığını bildirib.
Səfir AMEA ilə Cənubi Koreya Respublikasının Akademiyası arasında əlaqələrin qurulmasında zəruri dəstəyi verəcəyini vurğulayıb. Həmçinin Han Kanq “Vegetarian” əsərini oxuduğunu və belə bir romanın Azərbaycan dilinə tərcüməsinə görə şad olduğunu söyləyib. Bildirib ki, Azərbaycanın qədim tarixi və mədəniyyəti, dünyaca məşhur şairləri, yazıçıları var və bir gün azərbaycanlılar da Nobel mükafatı qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə