SEPAH-ın və Bəsic-in təcavüzçüləri: bu dəfə hədəfdə bəluc qızlarıdır! SİYASİ RAKURS+ÖZƏL
Tehran rejiminin antihumanizm siyasətinin həddi-hüdudu yoxdur
Tehran rejiminin ötən ilin sentyabrından başlayan və səngiməyən etiraz aksiyalarında fəallıq göstərənlərə qarşı repressiya və vəhşilik siyasəti tükənmir. Azadlıq və hürriyyət uğrunda mübarizə aparan etirazçılar iqtisadi və sosial tələblərini artırmaqla yanaşı, həm də fars-molla rejiminin irqçilik siyasətinə qarşı da çıxışlarını davam etdirməkdədirlər.
Milli azlıqlara qarşı aparılan farslaşdırma siyasətinin həm də milli qürurlarına qarşı təzyiq olduğunu bəyan edən azlıq millətlər nəticə etibarı ilə həbs olunur, zindanlara atılır, onlara qarşı olmazın vəhşi üsullar tətbiq edilir. Tehran rejiminin cənginə keçənlər arasında əsas çoxluğu təşkil edənlər sırasında yalnız Cənubi Azərbaycan soydaşlarımız deyil, həmçinin bəluclar, kürdlər, ərəblər, qaşqay türkləri, türkmənlər və s. millətlər də var.
İranın ali dini rəhbəri Xameneyi “İslam inqilabına qarşı çıxan istənilən şəxslərin öldürülməsini halal” olaraq “fətva” verməsi nəticədə digər xarakterli vəhşiliklərə də səbəb olub
Əldə edilən növbəti məlumat da qanları dondurur. Belə ki, Tehran rejiminin etirazların ən qaynar nöqtələrindən biri olan Zahedandakı fəaliyyətləri ifşa olunub. SEPAH-a və Bəsic qüvvələrinə məxsus silahlılar adıçəkilən şəhərdə etirazlar dalğasını yatırmaq üçün ən çirkin metoda əl atıblar. Onlar həbs edilmiş etnik bəluc qızlarına qarşı cinsi təcavüzkarlıq törədirlər. Əslində, fars-molla rejiminin bu kimi murdar əməllərə rəvac vermələri çoxdan məlum idi. Bir müddət əvvəl İranın ali dini rəhbəri Xameneyi “İslam inqilabına qarşı çıxan istənilən şəxslərin öldürülməsini halal” olaraq “fətva” verməsi nəticədə digər xarakterli vəhşiliklərə də səbəb olub. Yəni SEPAH və Bəsic qüvvələri həmin “fətvanın” görünməyən tərəflərini də icra etməkdədirlər. Bu dəfə isə hədəfdə məhz bəluc qızlarıdır...
Zindanlarda bəluc qızlarına qarşı törədilən faktlar isə, artıq beynəlxalq insan haqları təşkilatlarına göndərilib
Qeyd edək ki, Bəlucistanda insan haqlarının pozulması ilə bağlı xəbərləri ilk dəfə dərc edən "haalvsh.org" saytı olub. İnformasiyada bildirilir ki, SEPAH-ın kəşfiyyat məmurları Bəsic üzvləri ilə birgə Zahedanda bir neçə gənc qadına, həmçinin qızlara təcavüz ediblər. Adıçəkilən sayta müsahibə verən qızlardan biri onu və digər rəfiqələrini zorlayan məmurların əməlini ifşa edib. Zindanlarda bəluc qızlarına qarşı törədilən faktlar isə, artıq beynəlxalq insan haqları təşkilatlarına göndərilib.
Bəluc fəalları da deyirlər ki, SEPAH kəşfiyyatı və Bəsic qüvvələri bu bölgədə artan və səngiməyən kütləvi etirazları yatırmaq üçün gənc bəluc qadınların, qız-gəlinlərinin zorlanmasından son taktika kimi istifadə edirlər.
SEPAH və Bəsic qüvvələrinin Təbrizdə, Ərdəbildə və s. Cənubi Azərbaycan şəhərlərində də eyni vəhşiliklər törətdikləri barədə kifayət qədər faktlar var!
Sistandan və Bəlucistandan olan qadın fəal Fəriba Bəluc və keçmiş siyasi məhbus, eyni zamanda Bəluc İnsan Haqları Təşkilatının təsisçisi Əhməd Şirani də bu faktları təsdiq edib və beynəlxalq aləmi baş verənlərə göz yummamağa çağırıb.
Xatırladaq ki, bu məlumatdan əvvəl SEPAH və Bəsic qüvvələrinin Təbrizdə, Ərdəbildə və s. Cənubi Azərbaycan şəhərlərində də eyni vəhşiliklər törətdikləri barədə kifayət qədər faktlar, məlumatlar var. Maraqlıdır ki, artıq qurduqları rejimin son zamanlarını yaşadığını dərk edən Tehran rejiminin baş mollaları get-gedə daha da aqressivləşir, rəsmi şəkildə yaşanan cinayətlərin qarşısını almaq yerinə daha da azğın qərarlar verirlər. Söz yox ki, gec-tez antihumanizm siyasətinə görə cavab verənlər olacaq və onda “peşmançılıq” hisslərinin heç bir rolu da olmayacaq. Cinayətlər törədilibsə, cəzaların da olacağı artıq danılmaz reallıqdır!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB