Əli Kərimli: İranın cəfakeş təəssübkeşi - ANALİTİK

Əli Kərimli: İranın cəfakeş təəssübkeşi - ANALİTİK

Zaman və hadisələr çox məqamların üstünü açır. Yaxşı da ki, açır. Açsın ki, bu xalq dostunu da, düşmənini də tanısın. Bu adamları tanımaq təbii ki, həmişə olduğu kimi, xeyrimizə olar.

Zamanın belə hadisələrindən biri də İran İslam Respublikasının Ermənistanı ta Birinci Vətən müharibəsindən silah-sursat, ərzaqla təmin etməsi, bunu İkinci Vətən müharibəsində də davam etdirməsi, Azərbaycanın böyük Zəfərini gözü götürməməsi, buna görə də ermənilərin 10 noyabr Bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri həyata keçirməsinə maneçilik yaratmaları, ümumilikdə Azərbaycana qarşı heç də yaxşı fikirdə olmamaları, açıqca düşmənçilik aparmalarıdır.

Uzun illər qonşuluq əlaqələrini gözləyən, münasibətlərin kəskinləşməsinin qarşısını alan Azərbaycan dövləti isə İranın bütün hərəkətlətini açıq şəkildə görsə də, həyata keçirdiyi təxribat xarakterli hadisələrdən xəbərdar olsa da, bütün bunları sakitliklə həll etməyə çalışıb. Lakin İran zaman ötdükcə xislətini, sözün əsl mənasında, gizlədə bilmədi.

İranın ölkəmizə qarşı hansı mövqedə olduğunu yanvarın 27-də baş verən terror aktı bir daha təsdiqləndi. Əvvəlcədən hazırlanmış terror aktının əsl üzünün gizlədilməsi, bunun üçün reallığa əsaslanmayan faktların ortaya qoyulması təbii ki, heç bir həqiqətə sığmadı. Buna əsla inanan da olmadı. Bunun ardınca ölkəmizdə İranın böyük bir casus şəbəkəsinin aşkarlanması, ifşa olunması, onların Azərbaycan dövlətçiliyinin əleyhinə apardıqları fəaliyyəti Azərbaycan ictimaiyyətində heç də birmənalı qarşılanmadı. Hansı ki, ölkəmizin rəhbəri dəfələrlə rəsmi şəkildə İran tərəfə həmin casusların aşkar olunması ilə bağlı xəbərdarlıq etmişdi.

Çox təəssüf ki, bu qədər hadisənin fonunda AXCP sədri Əli Kərimlinin İran təəssübkeşliyi ortaya çıxır. Və dayanmadan-durmadan onları müdafiə etməsinin şahidi oluruq. Yəni damarlarında azərbaycanlı qanı axan (axırsa əgər) bir insan bu qədərmi qansız ola bilərmi? Həm də özünü “partiya sədri”, “siyasətçi” kimi təqdim etməkdən usanmayan bu adam ötən 30 ilin də hadisələri fonunda yenə əqidəsindən əl çəkmək istəmir?

Əli Kərimli: “İran rəsmiləri Azərbaycanla bu münaqişəni, mübahisəni dərinləşdirən zaman bir itkilərini də nəzərə almalıdırlar. Dediyim kimi, onlar uzun illər ərzində səy göstəriblər, Azərbaycanda müəyyən bir şəbəkə qurublar. Özlərinə bağlı olan bir şəbəkə var. İstənilən situasiyada İranın mövqeyini müdafiə edən bir şəbəkə var, onları da pis vəziyyətdə qoyurlar”.

Bu fikirlər Əli Kərimlinin İran təəssübkeşi olduğunu əsaslı şəkildə təsdiq edir, bu məsələnin bir tərəfi. Digər tərəfdən isə onu hüquq qarşısında cavab verməyə təhrik edir. O mənada ki, Əli Kərimli ifadə etdiyi fikirlər üçün, sözün həqiqi mənasında, cinayətə cəlb olunmalı, həmin casuslarla əlaqəsi olduğunu, onların fəaliyyətindən xəbərdarlığını, onlara sözsüz dəstək olduğunu etiraf etməlidir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafanın fikirləri maraqlıdır: “Bu kimi addımlar əslində məqsədyönlü şəkildə edilir. Çünki izi azdırmaq üçün, yaxud da özlərinin bu şəbəkədəki mövcudluqlarını gizlətmək üçün bu yollara əl atırlar. Amma artıq bütün məsələlər göz qabağındadır. Biz belə şeylər edəcək tərbiyəyə malik dövlət deyilik. Bunu ancaq İran edə bilər və özünə rəva bilər. Həm də İranın ilk belə addımı deyil. Bu kimi terroru bütün ölkələrə qarşı da ediblər. Məsələn, Böyük Britaniya səfirliyinə edilən hücum yaddan çıxmayıb. Məsələnin mahiyyəti odur ki, onların yanaşma tərzi dəyişməyib”.

Millət vəkili vurğulayıb: “O, elə həmin şəbəkənin içində olanlardan biridir. Guya özü fərqli bir yerdən gəlibmi? Bu günə qədər də ayaqda durmasının əsas səbəbi məhz həmin şəbəkə ilə bağlı olmasıdır. Ona görə də bu cür açıqlamalar verir. Əli Kərimlinin guya Amerika, Avropa dəyərlərənin daşıyıcısı olduğu iddia edilir. Bəs necə olur ki, bu adam həm də İranın bu kimi “dəyərlərinin” təbliğində önəmli rol oynayır? Bu necə ola bilər? Diqqət yetirsək, belə izahat və ya məsləhət verənlərin, hətta sosial şəbəkədə söyüş söyənlərin hamısının mənbəyindən İran çıxacaq. Avropada yaşayan və hədyan yayanlara da bütün şayiə, şantaj, bütün materiallar İran xətti ilə ötürülür. Həmin şəxslər də İran xətti ilə idarə olunurlar. Bunlar hamısı bilinən məsələlrdir. İndiyə qədər bunların çoxu bilinmirdi. Artıq bilinir və ümid edirəm ki, bundan sonra hansısa məsələlərdə korrektələr ediləcək”.

Politoloq Qabil Hüseynli: “Onlar insanları İrana agentlik etməyə təhrik ediblər. Belə bir şəraitdə mövcud situasiya dövlətin mövcudluğu ilə bağlı bir məsələdir. Və belə məsələlərlə bağlı çox həssas bir məqamı yaşayırıq. Başqa bir dövlət, İran kimi bizim qanımıza susamış bir dövlət Azərbaycana müxtəlif yollarla siraət edib dövlətçiliyimizi, milli birliyimizi, Azərbaycanın dinamik inkişaf edən iqtisadiyatına dil uzadır, gözdən salmağa çalışır. Adını siyasətçi qoyan bu kimi şəxslər isə mili dövlətçiliyin yanında deyilsə, İran kimi bir rejimin hansısa mövqelərinə hətta ötəri münasibət bəsləyirsə, əksər hallarda isə ona məsləhətverici statusda dayanırsa, bu, başdan-ayağa siyasi xəyanətdir, milli xəyanətdir. Belə şəxsləri mən heç cür anlaya bilmirəm. Necə yani, müstəqil Azərbaycanı müdafiə etməyib, kimi müdafiə edəcəklər? Belələri özünü siyasi “lider” adlandırır, hətta hakimiyyətə gəlmək xəyalı qurur. Belə olan halda Azərbaycan dövlətçiliyinin qanına susamış bir dövlətin yaramaz hərəkətlərinə bəraət qazandırmağa çalışmaq, yeri gələndə bu hərəkətlərlə bağlı yanlış fikirlər formalaşdırmağa cəhd göstərməyə xəyanətdən başqa ad vermək çətindir”.

Bəli, deputat və siyasətçinin Əli Kərimli haqqında söylədikləri fikirlər fonunda demək olar ki, o, sözsüz bu hərəkatın təkan verənlərindən olub. Bizim də deyilənləri təsdiq etməyə əlimizdə əsasımız var. Çünki 30 il əvvəl bu partiyanın Rusiya təəssübkeşi olduqlarının, torpaqlarımızı vəzifə kürsüsündən ötrü satdıqlarının canlı şahidlərindənik. Həmin dövr, zaman və tarix arxada qaldığı üçün Əli Kərimlinin yeni axtarışlarda İranın təəssübkeşi olması heç də qəribə deyil. Lakin Azərbaycan xalqına xəyanət edən hər kim isə, mütləq cəzasını almalıdır. Bu, bütün xalqın tələbidir.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə