“Mətbuatımızın inkişafı Ulu Öndərin adı ilə bağlıdır” MÜNASİBƏT

“Ümummilli Lider Heydər Əliyevi hər zaman "mətbuatın dostu" kimi yad edirik. Ulu Öndərin Azərbaycanın müstəqil dövlətçilik tarixində açdığı yeni səhifə milli mətbuatımız üçün də yeni hədəflər və imkanlar demək idi. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Konstitusiyamıza söz və mətbuat, ifadə azadlığı anlayışları daxil edildi”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə içi” qəzetinin Baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman mətbuatımızın inkişafında yeni mərhələ sayılır: “Məhz bu Fərman sayəsində senzura ləğv edildi. Mediaya geniş imkanlar və azadlıqlar verildi. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun isə mətbuatda demokratikləşmə istiqamətində aparılan islahatların yeni dalğasını başlatdı. Yeni mətbu orqanların yaradılması və qeydiyyata alınması istiqamətində bürokratik əngəllər aradan qaldırıldı. Ulu Öndərin 2000-ci ildə imzaladığı sərəncamla “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Ümummilli Lider Heydər Əliyevin mətbuatın inkişafına dəstəyini ehtiva edən ən yadda qalan addımlarından biri də, həmin dövrdə böhran keçirən çap mediasının “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması, sonradan isə ləğv edilməsi idi. Bu addım çap mətbuatının sonrakı inkişafında xüsusi önəm daşıyırdı”.

S.Seyidova onu da bildirdi ki, Ümummilli Lider mütəmadi olaraq baş redaktorlarla görüşlər keçirir, mətbuatı maraqlandıran, narahat edən məqamları diqqətlə dinləyir, onların həlli üçün xüsusi təşəbbüs göstərirdi: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan jurnalistikasına, mediasına verdiyi qiymət, göstərdiyi diqqət mətbuatın nüfuzunun artmasına zəmin yaratdı. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycan dövlətinin milli mətbuatın inkişafı istiqamətində dəstəyini hər zaman hiss edirik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə