Azərbaycan beynəlxalq aləmdə etibarlı və güclü müttəfiq kimi tanınır

Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycan dünya diplomatiyasında rolunu və mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə beynəlxalq aləmdə etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Bu siyasi vəziyyət birdən-birə formalaşmayıb, bugünkü nüfuzlu, güclü Azərbaycan modelinin arxasında gərgin əmək, incəliklə düşünülmüş diplomatik manevrlər dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycan və onun siyasi rəhbəri dünyada sözünə etimad edilən etibarlı tərəfdaş kimi tanınır. Ali Baş Komandanın son üç ildəki ardıcıl xarici səfərləri və imzaladığı mühüm sənədlər bu sözlərin təsdiqidir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı Baş nazir Viktor Orbanın da qeyd etdiyi kimi: “Azərbaycanın strateji əhəmiyyəti artmaqdadır. Lakin biz Azərbaycana daim dost və tərəfdaş olan ölkələrlə də əlaqələrimizi qoruyuruq. Bu dövlətlərdən biri də qədim əlaqələrimiz olan Macarıstandır. Macarıstan üçün Azərbaycanın Xəzər dənizindəki və regiondakı rolu dövlətimiz üçün isə bu ölkənin Avropadakı mövqeyi tərəfdaşlığımıza güclü zəmin və şərait yaradır”.

M.Cəfərov vurğulayıb ki, Azərbaycan enerji sahəsində dünya miqyasında mühüm rol oynayır və bu rol getdikcə daha da artır. Məhz uzun illər dövlətimizin xarici siyasət strategiyasının əsas məqsədi bu idi. Xarici sərmayəni cəlb etmək üçün ölkəmizdə əlverişli biznes mühiti yaradıldı və dövlətimiz böyük enerji şirkətlərini Azərbaycana gətirmək üçün daha geniş əlaqələrə sahib oldu. Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Azərbaycanın imzaladığı tərəfdaşlıq haqqında sazişlərdir. Macarıstana səfər zamanı keçirilən görüşlərdə də enerji, kommunikasiya ilə yanaşı, müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu. Təbii ki, daha çox diqqət yönəldilən məsələlərdən biri Avropanın enerji ilə bağlı gələcəyidir. Ötən dövrdə Azərbaycanla Macarıstan arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb. Son səfər zamanı imzalanan sənəd isə bu əməkdaşlıqların daha da genişlənməsi baxımından olduqca zəruridir. Həm Macarıstan, həm də Azərbaycan gələcəkdə Avropa enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə