"Daşaltı əməliyyatının uğursuzluqla nəticələnməsinin bir neçə səbəbi var" - FƏLSƏFƏ DOKTORU DANIŞDI

"Daşaltı əməliyyatının uğursuzluqla nəticələnməsinin bir neçə səbəbi var" - FƏLSƏFƏ DOKTORU DANIŞDI

“Bu gün Daşaltı əməliyyatından 31 il ötür. Bu əməliyyat nəticəsində Azərbaycan ordusu xüsusi qəhrəmanlıq və igidlik göstərmişdir. Daşaltı kəndinə daxil olan tağım ermənilərin pusqusuna düşmüşdür və bir neçə istiqamətdə ermənilər tərəfindən hücuma məruz qalmalarına baxmayaraq, sona qədər vuruşub, öz mövqelərini müdafiə etmişdilər. Bu bir daha Azərbaycan ordusunun əsgərlərinin igidliyinin göstəricisi idi”. Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Qafqaz Xalqları tarixi kafedrasının müəllimi Ülkər Məmmədzadə bildirib.

Onun sözlərinə görə, bu əməliyyatda Azərbaycan ordusu 90 nəfər itki vermişdir: “Eyni zamanda kəşfiyyat bölüyünün rəis müavini, polkovnik-leytenant Riyad Əhmədov itkin düşüb.
Daşaltı əməliyyatının uğursuzluqla nəticələnməsinin bir neçə səbəbi var. Əməliyyat zamanı hava şəraitinin sərt olması, dəstələr arasında əlaqənin pis təşkil olunması, əməliyyat sirrinin yayılması Daşaltı əməliyyatını uğursuzluğa düçar etmişdi. Lakin bununla yanaşı ermənilərin də xeyli itkisi olmuşdu.

Daşaltı əməliyyatının qisası isə 44 günlük müharibədə qazandığımız qələbə nəticəsində alındı. 2020-ci il noyabrın 9-da 28 ildən sonra Daşaltı kəndi işğaldan azad olundu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə