Böyük mütəfəkkirlər diyarımız – ŞUŞA
Tarixən mədəniyyət beşiyi olan, ədəbi-bədii fikir tariximizə böyük dərəylər bəxş etmiş Qarabağın incisi hesab olan Şuşa Azərbaycan tarixinə böyük mütəfəkkirlər, ictimai-siyasi xadimlər bəxş etmişdir. Onların dəsti-xətti, yaradıcılıq irsi, elmi, siyasi görüşləri tariximizdə iz salmış və hər birinin özünəməxsus olan bir tərcümeyi- halı var ki, onları vərəqlədikcə böyük qürur yaşayırsan ki, xalqımızın belə zəngin, fədakar simaları olub. Hər sahədə mücadilə aparıb, geniş yaradıcılıq imkanları, siyasi mübarizələri ilə Şuşada boya-başa çatan insanların kimliyi bizdə əməlləri ilə lazımı təsəvvür yaratmışdılar. Bu torpağın yetirdiyi Azərbaycan Demokratik Cumhuriyyəti dövründə Ukraynada diplomatik nümayəndə təyin edilən Yusif Vəzir Çəmənzəminli, eyni zamanda, Krımda və Polşada da Azərbaycanın diplomatik nümayəndəsi idi. Yenicə işə başlamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı bu ölkələrin ictimaiyyətinə tanıtmaq idi. Böyük əsərlər müəllifi olan Yusif Vəzir bu vəzifəni yerinə yetirməklə yanaşı, ədib olduğunu da heç vaxt unutmamış və Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında əsərlər yaratmışdır. 1921-ci ildə yazıçının elmi müşahidələrlə zəngin olan "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi –coğrafi və iqtisadi Azərbaycan" adlı kitabları işıq üzü görür. 1930-1935-ci ildə o özünün "Qızlar bulağı", "Studentlər", "1917-ci ildə" romanlarını çap edir, komik pyes olan "Həzrəti Şəhriyar" əsərini qələmə alır. Qarabağın – Şuşanın yetirdiyi Azərbaycan yazıçısı, publisisti, tərcüməçisi, tənqidçisi, maarifləndiricisi və ictimai xadimi Xəlil İbrahim ictimai-siyasi, mədəni-maarifləndirci, sosial və s. qadın azadlığı mövzusunda yazaraq, özünü bütün janrlarda mükəmməl yazıb-yaradan bir ziyalı olaraq təqdim edib. Əlbəttə ki, Şuşanın tarixini vərəqlədikcə nə qədər böyük ziyalılarının olduğunu görürük. Bu gün onlardan biri olan Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikir tarixində məşhur olan alim, tənqidçi və pedaqoq kimi dəyərləndirilən Firudin bəy Köçərli haqqında söz açacağıq. Böyük sənətkarın doğum günündə – 26 yanvar tarixində.
ŞUŞADA KÖÇƏRLİ MƏHƏLLƏSİ
Tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən olan Firudin bəy Əhməd ağa oğlu Köçərli 160 il bundan əvvəl - 1863-cü ilin 26 yanvarında Şuşada anadan olub. Əsli Cavanşir mahalının Köçərli kəndindən olan Firudin bəyin ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdır. Firudin bəyin dünyaya göz açdığı mühit əsl ziyalı mühiti olmuşdur. Belə ki, onun atası Əhməd ağa savadlı bir şəxs olmuşdur. Belə bir mədəni mühitdə böyüyən Firudin bəy Mirzə Kərim Münşizadənin məktəbində təhsilə başlamış, sonralar Şuşadakı rus məktəbinə daxil olmuşdur. Onun tərcümeyi-halında göstərilir ki, Firudin bəy Köçərli 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və Firudun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris edir, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılan Firudin bəyə "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə mütərəqqi təhsil ocağı olan Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunur. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərir, təkliflər irəli sürür.
MAARİFPƏRVƏR ZİYALININ PEDAQOJİ BAXIŞLARINDA XƏLQİLİQ
Firudin bəy Köçərli siyasi proseslərə qoşularaq, "Müsavat" partiyasına üzv olur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürür, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir, və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilən Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.
1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib edir. 1890-cı ildə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyur. 1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda "Tərcüman" mətbəəsində, 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxır. M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilir. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunur. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilir. Elə həmin ildə M.F.Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirir. 1904-cü ildə A.P.Çexovun "At familiyası" hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə "Şərqi-Rus" qəzetində dərc etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirir. "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin "Usta Zeynal" kitabçası haqqında eyniadlı məqaləni "Znaniye" qəzetində çap etdirir. M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunub. 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlayır. 1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olur. Onlarla dərsliyə düzəliş edən Firudin bəy nəzəri materialı, hekayələri artıraraq, metodika və stilistikasını zənginləşdirir. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilir. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilir.
QƏRARA ALINIR: MÜTTƏHİM KÖÇƏRLİNSKİ GÜLLƏLƏNSİN
1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham edirlər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunur, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılır və hökm yerinə yetirilir. Güllələnmə haqqında çıxarılmış qərarda belə deyilirdi: "Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firudun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər. Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov".
1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti bolşevik-daşnak qüvvələri tərəfindən süquta uğradılandan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri Firudin bəy Köçərli olmuşdur. O, Gəncədə heç bir əsas olmadan güllələnmişdir. Millət aşiqi, maarif fədaisi olan Firudin bəy Köçərlinin gənc nəslin təhsil almasında, maariflənməsində əvəzsiz xidmətləri olmuşdur. Qədirbilən xalqımız böyük mütəfəkkirin işıqlı əməllərini heç vaxt unutmayacaq.
Bu gün maarifpərvər ziyalı Firudin bəy Köçərlinin böyüyüb boya-başa çatdığı Qafqazın incisi olan Şuşa böyük inkişaf dövrünü yaşayır. Şuşa xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. Qarabağ xanlığının tarixi paytaxtı, mədəniyyət məbədi olan bu qədim şəhər böyük mütəfəkkirlər diyarıdır. Ümummilli lider Heydər Əliyev Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdi: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Təbii ki, qısa bir zamanda Şuşa Qarabağımızın və bütövlükdə Azərbaycanımızın elm, mədəniyyət və təhsil mərkəzinə çevriləcək, əvvəlki şöhrətini özünə qaytaracaqdır. Şuşanın musiqi, mədəni və təhsil həyatı öz əvvəlki ahənginə qovuşacaqdır. Yenidən Firudin bəy Köçərlilər, Üzeyir bəy Hacıbəylilər, Xurşidbanu Natəvanlar bu torpaqdan boy verəcəklər, yetişən fidanlar böyük mütəfəkkirlərin yaratdığı salnamələri əxz edə-edə Şuşanın tarixi yaddaşına səyahət edəcəklər.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB