PREZİDENT İLHAM ƏLİYEV: “Bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır”
Hər il ölkədə Prezident İlham Əliyevin təşəbbüsü ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar atılır. Belə ki, vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət başçısının diqqət mərkəzində olub. Əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində cəmiyyətin bütün təbəqələrini əhatə edən çoxsaylı sosial qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, mühüm tədbirlər həyata keçirilib. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.
Prezident İlham Əliyev son 19 illik prezidentlik dövrünün ilk günündən bu günə qədər dövlətin əsas siyasətinin sosial siyasət təşkil etdiyini vurğulayıb, hər zaman sözünü tutub. Dəfələrlə aztəminatlı ailələrin və sosial qayğıya ehtiyacı olan əhali qrupunun sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən sosial paketlər həyata keçirilib, həmin kateqoriyadan olan vətəndaşlara dövlət dəstəyi və qayğısı heç zaman azalmayıb. Məhz Azərbaycan Prezidenti İlham Əliyev cari ilin yanvar ayının 5-də "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əlavə tədbirləri özündə ehtiva edir.
SON SƏRƏNCAM İLƏ AZƏRBAYCAN MÜSTƏQİLLİK TARİXİNDƏ İLK DƏFƏ OLARAQ MİNİMUM ƏMƏKHAQQI 200 DOLLARLIQ HƏDDİ KEÇDİ
Qeyd edək ki, sosial siyasət hər bir dövlətin daxili siyasətinin mühüm tərkib hissəsi olub, cəmiyyətin müxtəlif təbəqələri arasında münasibətlərin tənzimlənməsinə, əhalinin yaşam keyfiyyətinin və həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlər sistemidir. Sosial siyasətin əsas məqsədi cəmiyyətin müxtəlif sosial qrupları arasındakı qeyri-bərabərliyin tədricən aradan qaldırılması və maddi-mənəvi sərvətlərin bölüşdürülməsində sosial ədalətin təmin edilməsidir. Məhz Azərbaycan Prezidenti İlham Əliyev yanvar ayının 5-də "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əlavə tədbirləri özündə ehtiva edir. Belə ki, bir çox kateqoriya üzrə əmək haqqının artırılması, xüsusilə də minimum əmək haqqının 300 manatdan 345 manata, minimum pensiyanın 240 manatdan 280 manata çatdırılması nəzərdə tutulur, eyni zamanda, müavinət və təqaüdlər də artırılacaq. Rəsmi məlumata görə, pensiya və əməkhaqqı artımı 800 min nəfəri əhatə edəcək. Son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımdan əhəmiyyət daşıyır. Ümumilikdə, son 4 ildə sosial sahədə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, bu, son 5 ildə əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən sayca 4-cü sosial islahatlar paketidir. Ən əsası isə, son sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçməsidir. Prezidentimiz İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, bizim siyasətin mərkəzində Azərbaycan xalqı dayanır, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır. Sosial islahatlar bütün dövrlərdə və bütün ölkələrdə ən çətin, ağır gedişli və daha çox məsuliyyət tələb edən islahatlardır. Məhz buna görə də, ölkəmizdə sosial islahatlara siyasi, hüquqi, iqtisadi islahatların davamı olaraq ötən əsrin 90-cı illərinin sonlarından başlanmışdır.
MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN MÜSTƏQİLLİK TARİXİNİN 19 İLƏ YAXIN BİR DÖVRÜ PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ BAĞLIDIR
Müstəqil dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk prezidentlik inaqurasiyasında "Mən hər bir azərbaycanlının prezidenti olacağam" söylədi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi. Cənab İlham Əliyev prezidenti olduğu hər bir vətəndaşın və bütövlükdə Azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün ən mütərəqqi proqramlar qəbul edir, ən mütərəqqi qərarlar, fərman və sərəncamlar verir, qanunlar imzalayır. Onun sosial siyasəti iki klassik prinsipə - sosial ədalət və sosial rifah prinsiplərinə əsaslanır. Prezidentin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkəmizdə milli iqtisadiyyatın dinamik artımı şəraitində sosial inkişafın davamlı xarakter almasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişlənməsinə, sosial sahədə vətəndaş rifahı və məmnunluğuna yönəlik mühüm irəliləyişlərə, sosial ödənişlərdə orta hesabla 10 -15 dəfə artımlara imkan verib. «Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”, - deyə bəyan edən dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan inqilabi sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib.
Son 4 ildə 4 milyondan çox vətəndaşı əhatə edən üç sosial islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat ayrılıb. Bu dövrdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 53 faiz, əmək müqavilələri 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb. Həmçinin bu dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub ki, bu da sosial təminat sisteminin əhatə dairəsini daha da genişləndirib. Zəfər dövrünü yaşayan qalib Azərbaycanda müharibədən sonra dövlət başçısının göstərişi ilə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketinin icrasına başlanılıb. Bu dəstək paketi həmin insanların sosial təminat hüquqlarının operativ reallaşdırılması, onların sosial-psixoloji dəstəklə, reabilitasiya xidmətləri və vasitələri, birdəfəlik maddi yardımla təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması və s. kimi dəstək istiqamətlərini əhatə edir.Sosial dəstək tədbirləri 121 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 260 min xidmət göstərilib. O cümlədən 102 min şəxsə 114 min sosial ödəniş təyin olunub, 16,7 min şəxs üzrə birdəfəlik ödəmə, 2,8 min şəxsə sığorta ödənişi verilib, təqaüd və müavinətlər orta hesabla 60 faiz artırılıb. 11 min şəxsə 36 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. 1 766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 son nəsil müasir protezlə təmin olunub. 16,4 min şəxs aktiv məşğulluq, o cümlədən 9,4 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində 70 minə yaxın şəxsə xidmətlər göstərilib.
ŞƏHİD AİLƏLƏRİNİN SOSİAL TƏMİNATI DA YAXŞILAŞIR. BİZ DAİM ONLARI DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAĞIQ
Prezident İlham Əliyevin uğurlu sosial siyasətində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması mühüm yer tutur. ”Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq»,- deyə qeyd edən Prezident İlham Əliyevin imzaladığı sənədlər nəticəsində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial ödənişləri təkcə son 4 ildə 2 dəfədən çox artırılıb. Eyni zamanda, bu dövrdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara 4300, ümumilikdə ötən dövrdə 13,1 min mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifahına yönələn proqramlardan biri də onların avtomobillə təminatıdır. Postmüharibə dövründə bu istiqamətdə də tədbirlər geniş miqyas alıb, eyni zamanda, 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. 44 günlük Vətən müharibəsindən sonra 304, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.Dövlət başçısının şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısının daha bir təzahürü kimi, son illər həmin kateqoriyalarla bağlı növbəti sosial dəstək proqramları icra olunub: 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib. 2022-ci ilin avqust ayında isə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramına başlanıb və qeyd olunan kateqoriyaya aid artıq 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib. 2022-ci ilin əvvəlindən isə Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub.
Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan, 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi son illər Azərbaycanda aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Dövlət başçısı “DOST mərkəzləri müasir Azərbaycanın simasıdır” deyə bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib. DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən çoxdur. Eyni zamanda, 2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Bu işlər reabilitasiya mərkəzlərinin potensialının, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 4 dəfə artmasına imkan verib. Bir sözlə, bütün bu addımlar Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi güclü sosial siyasətin əsasında məhz vətəndaş amilinin, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Azərbaycan özünün dərin məzmunlu sosial siyasətinə bundan sonra da sadiq qalacaq. Çıxışlarında da bunu nəzərə çatdıran Prezident İlham Əliyev bildirir: «Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün. Baxmayaraq ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılıb, biz bundan sonra da bu istiqamətdə addımlar atacağıq. Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilmişdir. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlamışdır. Qəbul edilmiş qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır”.
Son dörd il ərzində 4 milyon vətəndaşı əhatə edən 3 böyük sosial islahat paketi həyata keçirilmişdir
Qeyd edək ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Dövlət Büdcəsində də öz əksini tapmışdır. Belə ki, hər il dövlət büdcəsində sosial yönümlü xərclər əhəmiyyətli dərəcədə və mövcud vəziyyətə uyğun artırılır. 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,5 faizə çatmışdır. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, 2022-ci ilin dövlət büdcəsində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı yaradılmışdır. Ölkəmizdə son dörd il ərzində 4 milyon vətəndaşı əhatə edən 3 böyük sosial islahat paketi həyata keçirilmişdir. 2019-2022 ci illərdə Azərbaycanda minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatmışdır. Orta aylıq əməkhaqqı 37% artmışdır. Əmək müqavilələrinin sayında 30% və ya 400 minə yaxın, əməkhaqqı fondunda isə 2,2 dəfə artım qeydə alınmışdır.Beləliklə, Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişafına xidmət edən sərəncamları, fərman və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir.Və xalqımız inanır ki, bu gün tarixi qələbəmizi reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial islahatlar proqramı qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni mühüm irəliləyişlərə nail olunmasını təmin edəcək, dövlətimizi daha firavan gələcəyə aparacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB