Dünya siyasətində Davos Forumu kimi mühüm hadisənin Paşinyanın iştirakı olmadan baş tutması ermənilər üçün xoşagələn hesab olunmur. Bunu Ermənistan ictimaiyyəti artıq mövcud hakimiyyətə qarşı aydın şəkildə səsləndirir. Hətta, işğalçı ölkənin mətbuat səhifələri bu barədə açıq-aşkar yazır və erməni baş nazirini çox kəskin şəkildə tənqid edərək, bunun bir səhv, bir yanlışlıq, hətta Ermənistan üçün itirilmiş bir fürsət olaraq qeyd edirlər.
Hazırda rəsmi İrəvan, hətta ermənilərin böyük əksəriyyəti istənilən platformadan, istənilən fürsətdən Azərbaycan əleyhinə istifadə etmək üçün dəridən-qabıqdan çıxırlar və hər vəchlə bizə məxsus olana sahib çıxmaq, Azərbaycan həqiqətlərinə kölgə salmaq üçün bütün imkanlarını səfərbər etmək niyyətindədirlər. Belə bir “əhval-ruhiyyədə” olan cəmiyyət üçün hansısa platformanı əldən çıxarmaq fürsəti qaçırmaq hesab olunur. Məhz Ermənistanın baş nazirinin, Nikol Paşinyanın Davos İqtisadi Forumunda iştirak edə bilməməsi bu mənada ermənilərin yuxusunu ərşə çəkib və bunun heyfini ondan almaq üçün kifayət qədər fürsət axtaranlar var, əks halda erməni mətbuatı bu barədə bar-bar bağırmazdı.
AŞPA-nın qış sessiyasının başladığı ərəfədə Ermənistan nümayəndə heyətinin əldən ayaqdan getməsi özü erməni cəmiyyətinə, daxili auditoriyaya hesablanan addımdır. İndi rəsmi İrəvan elə bir təsəvvür yaratmağa şalışır ki, guya Azərbaycana qarşı sanksiyalarla bağlı qətnamələrin qəbuluna AŞPA-nı məcbur edəcək. Bəli, guya hətta məcbur edəcək və heç bir məna kəsb etməyən, heç bir təsirə malik olmayan rutin bəyənatla kifayətlənməsinə də qarşı çıxacaq. Amma reallıq bundan ibarətdir ki, Ermənistan hakimiyyəti bu yalanına heç özü belə inanmır. Paşinyan və onun hakimiyyət komandası yaxşı bilir ki, heç nəyə nail olmaq şansına malik deyil. Elə buna görə də Davos İqtisadi Forumunda iştirak etmək ağlından belə keçməmişdi, hərçənd erməni cəmiyyəti bunu itirilmiş fürsət hesab edir. Məsələ burasındadır ki, onların, yəni işğalçı qüvvələrin düşündükləri fürsət barədə söhbət belə gedə bilməzdi, amma hansısa normal danışıqlara, sülh razılaşmaları istiqamətində müsbət nəticələrə doğru hansısa danışıqlara gəlinəcəkdisə, bununla da ermənilər, bütövlükdə Ermənistan məhv olma təhlükəsindən xilas olacaqdısa, bu, həqiqətən də onlar üçün itirilmiş şans, fürsət hesab oluna bilərdi. Fəqət, erməni baş nazir yaxşı başa düşür ki, bu zamana qədər artıq erməni cəmiyyətinin beyni, düşüncəsi elə zəhərlənib ki, həmin cəmiyyət heç Nikol Paşinyanın özünə belə bu ixtiyarı vermir və bu baxımdan da o bunu fürsət hesab etməyib. Əks halda, Nikol özü bu foruma qatılmaq üçün ən azından dəridən-qabıqdan çıxardı.
Nikol Paşinyana xüsusi xatırlatmalar edilir, özü də mətbuat səviyyəsində və bildirilir ki, böyük bir fürsəti qaçırıb. Məsələn, erməni mətbuatı Ukraynanın Davosda neçə işlədiyini misal çəkir, öz hakimiyyətinə nümunə göstərir. Qeyd olunur ki, çərşənbə axşamı Davosda Dünya İqtisadi Forumunda çıxış edən Ukraynanın birinci xanımı Olena Zelenskaya Çin nümayəndə heyətinə Ukrayna prezidentinin müharibəni dayandırmaq və Rusiyanın Ukraynaya təcavüzünə son qoymaq təklifləri ilə bağlı məktub göndərəcəyini bildirib. Bu “nümunə” ilə Paşinyana bildirilir ki, həmin addın çox mühüm addım idi və guya erməni baş nazir də, yaxud onun xanımı da buna uyğun addım ata bilərmiş. Amma bu yanlış bir oxşatma, bənzətmə, yaxud uğursuz nümunə hesab olunur. Əvvəla ona görə ki, Ermənistan Ukrayna ilə müqaisəyə gələ bilən deyil və tamamilə fərqli məsələlərdir. Əgər Ukrayna məsələsi Qərbin layihəsidirsə və müharibəyə də bu ölkəni Qərb təhrik edirsə, qızışdırırsa, bütün resurslarla təmin edirsə, Ermənistan bu məsələdə tamamilə fərqli müstəvidə, fərqli məqamdadır. Çünki Qərb Ukraynanın əli ilə Rusiyaya qarşı bütün planlarını ortaya qoyub və Kremli diz çökdürmək üçün bütün gücü ilə ukraynalılara dəstək göstərir. Amma Ermənistanın vəziyyəti heç də belə deyil və bu işğalçı ölkə işğal faktı, qanunsuzluqları, terrorçuluğu, separatçılığı ilə gündəmə gəlib və məqsədi də özgə torpaqlarına, başqalarına məxsus olana həyasızcasına sahib çıxmaqdır və belə bir vəziyyətdə Qərbdən dəstək gözləyərən Davos Forumda nəyə isə istədikləri şəkildə ümid etmələri axmaqlıqdır. Digər tərəfdən də axı Ukraynadakı vəziyyətdən fərqli olaraq, nə Ermənistanda müharibə gedir, nə də bu ölkənin iştirakı ilə müharibə davam edir. Müharibə də bitib, haqq, ədalət də öz yerini tutub, BMT Qətnamələri də Azərbaycan tərəfindən icra olunub və ölkəmiz qarşısında cəmi 44 gün ərzində diz çökən işğalçı tərəf öz xahişi və qonşu ölkələrin yardımı ilə təslimçilik sənədinə, kapitulyasiya aktına imza atıb. Eyni zamanda, hər dəfə danışıqlar masasında sülh müqaviləsi barədə Ermənistan tərəfi vədlər verib. Ümumiyyətlə, Ermənistanın vəziyyətini Ukrayna ilə müqaisə etmək belə səhvdir. Bu baxımdan da Ukraynanın Davos Forumunda çıxışı tam fərqli bir məsələdir və bunu Ermənistanla müqaisə etmək ən yaxşı halda sadəlövhlükdür, ağılsızlıqdır. Bir sözlə, erməni cəmiyyətinin düşündüyü şəkildə bu hal heç də fürsət olaraq görülə bilməz.
Doğrudur, Zelenskaya oxşar məktubları Avropa Komissiyasının sədri Ursula fon der Leyen və İsveçrə prezidenti Alen Berseyə də təqdim edib. O, həmçinin forum nümayəndələrini və onların ölkələrini müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. O vurğulayıb ki, Ukrayna məğlub olarsa, bu müharibənin qlobal nəticələri daha da pis olacaq. Yaxşı bəs sual olunur ki, bu fonda Ermənistan tərəfinin nümayəndəsi nə deyəcəkdi? Deyə biləcəkdimi ki, Ermənistan məğlub olarsa, bu müharibənin qlobal nəticələri daha da pis olacaq? Axı deyə bilməyəcəkdi. Çünki, əvvəla müharibə elə Ermənistanın məğlubiyyəti ilə qurtarıb və heç də qlobal nəticələri pis olmayıb, əksinə, bölgədə təhşükəsizlik təmin olunub, sürətli inkişafa, tərəqqiyə zəmin yaradılıb. Bunu bütün dünya belə qəbul da edib. Digər tərəfdən də Azərbaycanın haqlı mübarizəsinə dünya ictimaiyyəti tərəfindən haqq da qazandırılıb və məsələ çoxdan bitib, heç bir məsələ, ələlxüsus Qarabağ məsələsi qalmayıb, bütün məsələlər keçmişdə qalıb. Belə olan halda Ermənistanın məhz Ukrayna kimi hansısa məsələni qaldırması ən azından gülüş və istehza doğura bilərdi və Paşinyanın da bunu başa düşərək Davos Forumuna can atmaması bu baxımdan başadüşüləndir. Yenə də aydın olur və əminlik yaranır ki, bu forumda iştirak işğalçıların düşündükləri mənada heç də fürsət deyildi və bu da bir utopiya, bu da bir cəfəng xam xəyal idi.
“Biz Avropa Sülh Fondu vasitəsilə Ukraynaya hərbi yardımımızı davam etdirəcəyik. Onların təcili olaraq daha çox silaha ehtiyacı var və mən şəxsən Ukraynaya tankların verilməsinin tərəfdarıyam”, deyə Avropa Şurasının prezidenti Çarlz Mişelin Strasburqda Avropa Parlamentinin plenar iclasında bildirdikləri də işğalçıların olmayan ağıllıarını da başlarından alıb. Bu işğalçı qüvvələr hələ də silah-sürsat yardımına bel bağlayır, ümid edir və arzuları elə ancaq silahla bağlıdır. Sual olunur ki, niyə Ermənistana silah verməlidirlər və buna işğalçı qüvvələr nə ağılla ümid edirlər? İşğalçılara, separatçılara silah verilsin ki, daha böyük miqyasda terrora hazırlaşsınlar? Silah verilsin ki, Xocalı misalında hansısa soyqırım planlasınlar? Nikol Paşinyanın Davos Forumu zamanı bunu istəməsini arzulayırdılar? Bunu itirilmiş fürsət hesab edirdilər? Əgər bunu fürsət hesab edirlərsə, bərk yanılırlar. Əksinə, işğalçıya silah verilməməsi, bunu ümumiyyətlə istəməmək doğru addımdır. Ən doğru addım sülh müqaviləsi istiqamətində atıla biləcək addım hesab olunur ki, bunun üçün Nikol Paşinyan Davos Forumuna can atmalı idi və onun da, xalqının da, ümumilikdə Ermənistanın da itirilmiş şansı məhz budur.
Bəli, Ukrayna əlindən gələni edir və bütün platformalarda mümkün fürsətləri lazımınca dəyərləndirir. Elə bu son Davos Forumunda da belə etmək şansını qaçırmadığının şahidi olduq. Ukrayna öz torpaqlarını, öz haqlarını müdafiə edir və bunun üçün bütün mümkün addımları edir ki, xilas olun. Amma Ermənistan bütün platformalarda şansını itirir və xilas olmaq istiqamətində heç bir addım atmır. Bunu dərk etmədiyi belə görünür və indi işğalçıların öz hakimiyyətlərindən tələb etdikləri, ən azından gözlədikləri belə xilas, yaxud fürsət deyil. Nikol Paşinyan üçün Davosa getmək də şərəf olardı, orada işğalçıların dedikləri yox, sülh istiqamətində əldə edə biləcəyi əsl fürsətdən istifadə də. Amma o bunu da edə bilmədi. Azərbaycan mətbuatından bu barədə işğalçıların oxuduqları, izlədikləri də əbəs yerə deyil. Ümumiyyətlə, bütün dünyanın onlar barədə ironik fikirləri də səbəbsiz sayılmır. Çünki Paşinyanın dünyaya təklif edəcəyi, ortaya qoyacağı heç nəyi yoxdur. Heç normal, ağılabatan təklifi barədə də səs-soraq eşidilmir. Hətta, son zamanlar belə bir fikir formalaşdığını erməni mətbuatı yayımlayır ki, Paşinyan birinci dəfə baş tutan görüşdən sonra Əliyevlə görüşməkdən qorxur. Niyə də qorxmasın axı? O, Azərbaycan Prezidenti ilə müqaisəyə belə gələcək dövlət rəhbəri hesab olunmur və bunu özü hamıdan yaxşı bilir. Cəmi 44 gün ərzində məğlubiyyəti də bunu bir daha əyani şəkildə təsdiqlədi. Təsdiq etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tədbirli, uzaqgörən, siyasi iradəyə və qətiyyətə sahib dövlət rəhbəridir, amma Nikol Paşinyan isə sadəcə bir avantürisdir və hakimiyyət kürsüsü naminə ancaq daxili auditoriyaya hesablanan vədlərlə erməni xalqı, Ermənistan cəmiyyəti ilə oyun oynayır. Bu arada diqqətə çatdıraq ki, Davos Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak edib, çoxsaylı görüşlər keçirib, nailiyyətlərə imza atıb və bunu Ermənistan mətbuatı da açıq-aşkar etiraf edir, başqa çıxış yolu da yoxdur. Çünki hər kəs görür ki, Azərbaycan Prezidenti öz gündəmini fəal şəkildə həyata keçirir. Özü də təkcə Davosda deyil, mümkün olan hər yerdə bunu etməyə qadirdir və edir də. Paşinyan haqqında eşitdiklərimiz isə yalnız çılız küçə davalarına bənzər daxili çəkişmələrlə məşğul olmaq və hakimiyyət kürsüsündən, onun səlahiyyətlərindən istifadə etməklə nəyə isə müvəqqəti nail olmaq kimi cılız addımlardır. Gah hansısa qüvvələrlə, onların fəalları ilə mübarizə edir, gah da müəyyən kompromisə gəlir və daxili auditoriyanı belə fəaliyyəti ilə aldadır ki, guya bərk məşğuldur. İndi də Paşinyan Ruben Vardanyanı “qovacağı” barədə şayə yayıb. Bunun baş verib-verməyəcəyi müzakirə mövzusu deyil. Müzakirə mövzusu onun xırda məsələlərlə məşğul olması, sülh danışıqları fonunda Ermənistanı məhv olmaq təhlükəsindən xilas etmək istiqamətində atacağı addımlar və bu mənada Davosda Ermənistan üçün fürsəti itirməsi məsələsidir. Bəli, Davos Forumu Ermənistan üçün məhz bu mənada itirilmiş fürsət sayılır və belə itirilmiş fürsət həmin ölkə üçün heç də ilk deyil, hətta sonuncu olacağına da ümudləri yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB