20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə 1988 – ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara silahlı rus qəsbkarlarının qarşısına çıxaran, qəlblərində gəzdikləri doğma torpağın bütövlüyünü , toxunulmazlığını, azadlığını qorumaq hissidir. Sonrakı bütün tarix boyu 20 Yanvar şəhidləri yaddaşlarda qalacaq və əbədi yaşayacaqdır.
20 Yanvar faciəsi bizə müqəddəs bir and yeri bəxş etdi. Doğma Bakımız Dağüstü park kimi tanınan ünvanı möhtəşəm bir məzara çevirdi və ilk şəhidlərini qəbul edərək Şəhidlər Xiyabanını yaratdı. Bu müqəddəs yer bugünkü azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin ziyarətgah yerinə çevrildi. Hər il 20 Yanvar faciəsinin tarixi ildönümündə Şəhidlər Xiyabanı sanki gül yağışına qərq olur. Uşaqlardan böyüyədək bütün Azərbaycan xalqı həmin gün Şəhidlər Xiyabanını cəmi müsəlmanların əbədi məbədgahına çevrilən Məkkə və Mədinə kimi ziyarət edir. Bəli, bu gün də Azərbaycan şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hədsiz ehtiramla yad edir və yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar Şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır.
Müdrik dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə dolğun siyasi qiymət verilməsi, bu inamı və əqidəni daha da möhkəmləndirmişdir. Yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş şəxslərə dövlət başçısı tərəfindən “ 20 Yanvar Şəhidi ” fəxri adının verilməsi o günü bir daha gələcək nəsillərin yaddaşına həkk etdirdi. 20 Yanvar Şəhidlərinin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezidentimiz İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Artıq 33 ildir ki, xalqımız bu günü Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olan mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir. Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq, əbədi xatirə kimi həmişə yad edəcəkdir. Onların xatirəsi bizim üçün əbədi və müqəddəsdir!!!
Aytəkin Hacızadə,
YAP Yasamal rayon təşkilatının “A.M.Şərifzadə küç.762 ( Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs) ünvanı üzrə partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB