“Ekofəallarımız şaxtalı havaya baxmayaraq aksiyalarını davam etdirirlər” AÇIQLAMA

“Ekofəallarımız şaxtalı havaya baxmayaraq aksiyalarını davam etdirirlər” AÇIQLAMA

“2022-ci ilin dekabrında azərbaycanlı ekofəalların Laçın yolunda aksiyalara başlamasının səbəbi hər kəsə bəllidir. Rus hərbçilərinin nəzarətində olan ərazilərimizdəki qeyri-qanuni mədən fəaliyyətlərinin həyata keçirilməsi, bu qanunsuz fəaliyyətin monitorinqi, onun ətraf mühitə vurduğu ziyanla bağlı dövlət strukturlarımızın nümayəndələrinin bu mədənlərə buraxılmasına maneə yaradılmasıdır”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə içi” qəzetinin Baş redaktoru Sevinc Seyidova deyib.

Sevinc Seyidova bildirdi ki, aksiya iştirakçılarının 37 gündür ki, tələbləri yerinə yetirilmir: “Ona görə də, ekofəallarımız soyuq və şaxtalı havaya baxmayaraq aksiyalarını davam etdirirlər. 2022-ci ildəki ağır məğlubiyyətdən sonra Xankəndi və ətraf ərazilərə rus hərbçilərinin gəlişi, həmçinin Laçın yolundan maneəsiz istifadəyə imkan yaradılması separatçıları fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəyinə əminlik yaratmışdı. Azərbaycanın sülhməramlı amilindən çəkinərək Laçın yolunda hansısa addımlar atmayacağına inanırdılar. Lakin keçən il ərzində həyata keçirilən bir sıra antiterror əməliyyatları bunun heç də belə olmadığını ortaya qoydu. Azərbaycan tərəfi dəfələrlə Laçın yolundan ölkəmizin təbii sərvətlərinin qanunsuz talanması, hərbi silahların keçirilməsi, minaların daşınması, xarici ölkə vətəndaşlarının rəsmi Bakının icazəsi olmadan rus hərbçilərinin nəzarətindəki ərazilərə səfərlərinin təşkilinin qarşısının alınması ilə bağlı xəbərdarlıqlarla çıxış etmişdi. Lakin qarşı tərəf nədənsə bu xəbərdarlıqlara məhəl qoymurdu. Ekofəalların aksiyası nəticəsində isə bu gün Laçın yolu yalnız humanitar məqsədlərlə istifadə olunur. Yuxarıda qeyd olunan mənfi halların hələlik şahidi olmuruq. Digər tərəfdən, aksiya bütün Azərbaycan cəmiyyəti, siyasi rəhbərliyi tərəfindən tam dəstəklənir. Biz xalq olaraq bu məsələdə 44 günlük Vətən müharibəsində olduğu kimi vahid mövqedən çıxış edirik. Ona görə də, istənilən təzyiq və bəyanat bizi öz yolumuzdan döndərə bilməz. Bu səbəbdən aksiyalar haqlı tələblərimiz tam yerinə yetirilənə qədər davam etdirilməlidir. Hətta qarşı tərəfin vaxtı uzatmaq cəhdləri səngimədiyi halda tələblərimiz daha da sərtləşdirilməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə