“Paşinyan Soros Fondunun maliyyə dəstəyi ilə hakimiyyətə gəlib” AÇIQLAMA
“Nikol Paşinyan İrəvanın Rusiyanın təklifləri çərçivəsində Azərbaycanla sülh müqaviləsi ilə bağlı sənədi imzalamağa hazır olduğunu bildirib. Maraqlıdır, bir tərəfdən Rusiyanı sərt tənqid edən, digər tərəfdən isə Moskvanın şərtləri əsasında Qarabağla bağlı hər hansı sənədə imza atmağa hazır olduğunu bildirən Paşinyan bu cür hərəkələri ilə nə məqsəd güdür? Paşinyanın bu kimi manevrləri öz hakimiyyətinin vaxtını uzatmağa xidmət edir”. Bu fikirləri politoloq Elşən Manafov “Səs” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Paşinyan Rusiya və Ukrayna müharibəsinin Ermənistanın xeyrinə hər hansı geosiyasi zəmin yaradacağını düşünür: “Bu şəxs müxalifətdə olarkən dəfələrlə ölkəsinin KTMT və Avrasiya İttifaqını tərk etməsinə çağırıb. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Nikol Paşinyan ABŞ-a daha yaxınlığı ilə seçilən Soros Fondunun maliyyə dəstəyi ilə hakimiyyətə gəlib. Bildiyimiz kimi, bu fond post-sovet ölkələrində rəngli inqilabların müəllifidir. Bu baxımdan, Paşinyan Qərbin geosiyasi maraqlarına uyğun siyasi manevrlər edir və ölkəsini sifarişlər əsasında yönəldir. Beynəlxalq Valyuta Fondu, ABŞ-ın fondları və digər beynəlxalq təşkilatlar Ermənistanın indiki hakimiyyətinə təsir imkanları kifayət qədərdir. Amma Paşinyan onu da yaxşı başa düşür ki, Rusiyanın regiona və Ermənistana təsir imkanları genişdir. Bu ölkə Rusiyadan siyasi, iqtisadi və hərbi cəhətdən çox asılıdır. Belə olan halda Paşinyan tam sərbəst hərəkət edə bilmir”.
Politoloq qeyd edib ki, Fransada mövcud olan erməni lobbisi siyasi rəhbərlik və müxtəlif siyasi dairələr üzərində geniş təsir imkanlarına malikdir: “Paşinyanın Fransadan müəyyən geosiyasi və maliyyə dəstək almağa çalışması Ermənistanın maraqları baxımından anlaşılandır. Ancaq təhlükəsizliyə zəmanət məsələsinə gəlincə isə, Fransanın Cənubi Qafqazda Rusiya və ABŞ-la müqayisədə geosiyasi və geostrateji təsir imkanları məhduddur”. Elşən Manafov bildirib ki, Paşinyan bir müddət Qərbin dəstəyi ilə hakimiyyətdə qalacaq. “Rusiyanın Ermənistanda indiyə qədər sınaqdan keçirdiyi siyasi ünsürlər, xüsusilə Qarabağ klanın iki əsas təmsilçisi hesab olunan Koçaryan və Sarkisyan erməni ictimaiyyətində öz nüfuzlarını və etimadlarını itiriblər. Bu, müəyyən mənada Paşinyanın xeyrinədir. Moskva indi Ruben Vardanyan kartını işə salmağa başlayıb. Lakin Vardanyan kartının müsbət nəticə verəcəyi də sual altındadır. Belə olan təqdirdə Rusiya Paşinyanın mövcudluğunu qəbul etməyə məcbur olacaq. Ermənistanda anti-Rusiya nümayişlər isə bilavasitə Paşinyan hakimiyyəti tərəfindən provokasiya edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB