Prezidentin müsahibəsində ən aktual məsələlərə toxunuldu – DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara verdiyi müsahibədə çox önəmli, ölkəmiz və xalqımız üçün əhəmiyyətli məsələlərə toxunuldu. Regional məsələlərlə yanaşı Azərbaycanın xarici siyasətində, iqtisadiyyatımızda, sosial problemlərin həllində atılan addımlardan, o cümlədən qarşıdakı dövr ərzində həyata keçiriləcək layihələrdən danışan ölkə Prezidenti ciddi mesajlar da verdi. İlham Əliyev Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını da diqqətə çatdırdı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Prezident müsahibəsində Orta Dəhlizdən danışarkən nəqliyyat dəhlizinin həyata keçirilməsindəki çətinliklərin olduğunu da bildirib: “Beş il bundan əvvəl açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə maliyyə mənbələrinin tapılmasındakı, o cümlədən Gürcüstan ərazisindən keçən hissəsindəki tikintiyə investisiyaların cəlb olunmasındakı çətinlikləri sadalayan ölkə Prezidenti bütün bunların öhdəsindən Azərbaycanın tək gəldiyini də vurğulayıb. Bu gün Ukrayna-Rusiya müharibəsi səbəbindən şimal qonşumuzun Norvecdən Qara dəniz sahillərinə qədər uzanan sərhədləri bağlanıb, Şərqdən Qərbə daşınan mallar əvvəlki marşrutla hərəkət imkanlarını itirib. Bu gün bütün diqqət Azərbaycan üzərindən Türkiyə və Avropaya açılan pəncərəyə dikilib. Orta Dəhlizin aktuallaşmasının səbəblərindən biri də budur. Azərbaycanın logistik imkanları, infrastruktur təminatı yüklərin həm Gürcüstan, həm də açılışı səbirsizliklə gözlənilən Zəngəzur dəhlizi vasitəsilə daşınmasını reallaşdırır. Bu fürsətdən region ölkələrinin faydalanacağı göz qabağındadır. Amma bəzi region və qeyri-region ölkələri var ki, bu layihənin tam olaraq həyata keçməsinə mane olmağa çalışır. Prezident müsahibəsində regional təhlükəsizlik məsələlərindən danışarkən məhz bunu nəzərdə tutub ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, kommunikasiyaların bərpası ilə əlaqədar konkret işlər görülməlidir. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB