PREZİDENT İLHAM ƏLİYEV: "Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq"
Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, Ulu Öndərin əziz xatirəsini daim uca tutur. 19 ildir ki, cismən aramızda olmasa da, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Zaman ötdükcə Onun Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur. Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” imzaladığı Sərəncamda deyilir: «Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".
1969-CU İL - AZƏRBAYCANIN YENİ TARİXİNDƏ DÖNÜŞ İLİ
Qeyd edək ki, Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 35 il müddətində ulu öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması, Azərbaycanın isə onun simasında özünə yeni fəaliyyət metodlarına malik rəhbər tapması hər ikisinin yüksəlişinin, xalqın da xoşbəxtliyinin başlanğıcı oldu! Azərbaycana rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayan böyük qəlbli insanın hakimiyyətə gəldiyini düşünürdü. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".
Azərbaycan sosial-iqtisadi vəziyyətinə görə SSRİ-nin tərkibində olan 15 respublika sırasında sonuncu yerlərdə qərarlaşırdı. Bütün göstəricilər üzrə belə idi. Amma Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ilk 5 illikdə inkişaf baş verdi. Belə ki, 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdur. Nəticədə, göstərilən müddətdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır. 1970-1982-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Əsaslı dövlət vəsaiti qoyuluşunun 1 manat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul alınmışdır. Göstərilən dövrdə milli gəlir 2,6 dəfə çoxalmışdır. Azərbaycan büsbütün yenidən tikilib qurulmuş, kənd və qəsəbələr salınmış, fabrik və zavodlar tikilmiş, yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Yetmişinci illərədək Azərbaycan kəndi əsasən çiy kərpicdən və palçıqdan tikilmiş komalardan ibarət idi. Kəndlinin gəliri az olduğundan güzəranı ağır keçirdi. Kənd təsərrüfatının yüksəlişi bu sahədə inqilabi dəyişiklik yaratdı. Yeni texnika və aqrotexniki qaydaların genişmiqyaslı tətbiqi hesabına əmək məhsuldarlığı və məhsul istehsalı bir neçə dəfə artdı, təsərrüfatların və əməkçilərin gəliri qat-qat çoxaldı. Kəndlinin güzəranı və məişət şəraiti dəyişdi. Azərbaycan kəndi palçıq komalardan qurtularaq simasını dəyişdi. O vaxtdan həyətində minik avtomobili, ikimərtəbəli ağ mişar daşından evi, məişətində hər növ elektrik cihazları olan kəndli ailələri Azərbaycan kəndlisini xarakterizə edən başlıca əlamətə çevrildi. Bu gün elə bir kənd tapılmaz ki, orada Heydər Əliyev dövrünü xatırladan bir neçə "abidə"yə rast gəlinməsin. Ölkə paytaxtı Bakı şəhəri də yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. "Gülüstan" və "Respublika" sarayları, Prezident sarayı və Milli Məclisin binası, "Moskva", "Azərbaycan", "Abşeron" mehmanxanaları, Əl oyunları sarayı və Olimpiya İdman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrdə tikilmiş, N.Nərimanova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə abidələr qoyulmuş, onlarla ədəbiyyat və incəsənət xadiminə, sənətkara fəxri adlar, dövlət mükafatları verilmişdir.Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan ümummilli lider orada nəinki təhsil alanların, hətta dərs deyənlərin sırasında belə azərbaycanlıların tək-tük olduğunu bilmişdi. Çox keçmədən Ulu öndərin təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdi, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər.
15 İYUN, 1993-CÜ İL - BÖYÜK XİLASKARLIQ QAYIDIŞI
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.1993-cü ildən ömrünün sonuna qədər, yəni, 2003-cü ilədək ömrünü müstəqilliyimizin əbədiliyinə, öz xalqının və Vətəninin inkişafına sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırdı. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırdı. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin tərəqqisi Heydər Əliyev ideyalarının təntənəsidir
BUGÜNKÜ AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN GÖRMƏK İSTƏDİYİ AZƏRBAYCANDIR
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.Dahi şəxsiyyətin bu günümüz və gələcəyimiz üçün səsləndirdiyi fikirlərə, tezislərə diqqət yetirdikdə onun torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu görürük. Ulu Öndərin suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyinə, sarsılmaz həmrəyliyə çağırışlar etməsi də bu sevgisindən qaynaqlanırdı. O, müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən bildirirdi ki, onun beynəlxalq aləmdə özünü təsdiqləməsi üçün xarici əlaqələrimizi gücləndirməyə böyük ehtiyac var. Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illərində informasiya blokadasında olmasının əsas səbəbi ölkəmiz haqqında məlumatsızlıq idi. Erməni yalanları Azərbaycan haqqında məlumatsızlıq fonunda ayaq tutub yeriyir, ermənilər xislətlərinə, yalan təbliğatlarına uyğun olaraq özlərini beynəlxalq ictimaiyyətə “əzilən, döyülən, məzlum” xalq, millət kimi qəbul etdirməyə çalışırdılar. Torpaqları işğal edilən, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda əksər dünya gücləri Ermənistanı işğala məruz qalan, Azərbaycanı isə işğalçı tərəf kimi qəbul edirdilər. 1992-ci ildə erməni diasporunun təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktına” ədalətsiz 907-ci düzəlişin əlavə edilməsi də bunun bariz nümunəsi idi. Ermənilərin və erməni lobbisinin məqsədi bu qərarın qəbulu ilə Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək və asılı vəziyyətə salmaq idi. Amma hadisələrin təhlili də göstərdi ki, Azərbaycan 10 ilə yaxın bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da nəinki iqtisadi cəhətdən zəifləmədi, əksinə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində daha qüdrətli, zəngin dövlətə çevrildi. Bu proseslər, eyni zamanda, hər bir ölkənin həyatında Lider amilinin roluna işıq salır. Bu ədalətsiz qərarın hansı dövlətlərə tətbiq edildiyi məlumdur. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Liderin elə bir xarici ölkəyə səfəri yox idi ki, bu gün artıq tarixə qovuşan “Dağlıq Qarabağ” münqişəsindən bəhs olunmasın, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasın. Diplomatik uğurlarımızın nəticəsində dünya siyasətində dəyişikliklər baş verməyə başladı.
ATA VƏSİYYƏTİ – OĞUL HESABATI
Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir. Və onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və quruculuq işləri, xüsusilə də son 19 ildə həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər, regional və beynəlxalq əhəmiyyətli layihələr torpaqlarımızın işğaldan azad olmasının səbəbidir.
Bəli, bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpasına nail oldu. Böyük Öndər Heydər Əliyev demişdir: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".
Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı hesab edilən İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: "Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"
Bəli, ruhun şad olsun ulu öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəstndə "Dağlıq Qarabağ» problemi yoxdur!. Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: "Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".
Ona görə də Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə Lider Prezident İlham Əliyev cənablarıdır. Bütün bunlar isə Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev zəkasının və Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!Sonda Azərbaycan Prezidenti İlham Əliyev cənablarının imzaladığı müvafiq sərəncamında qeyd edildiyi kiimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. "Heydər Əliyev İli" kimi tarixiləşən 2023-cü il bu irsdən, mənəvi sərvətdən faydalanaraq, onu yeni nəsillərə aşılamaq, bütün dünyada xalqımızın böyüklüyünü göstərmək üçün daha bir imkandır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB