Sergey Borovikov: “Qərb Ermənistandan alver vasitəsi kimi istifadə edir” - MÜSAHİBƏ
Sərhəd Əməkdaşlığı Assosiasiyasının aparıcı analitiki, rusiyalı ekspert Sergey Borovikov “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən proseslər haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sergey Yevgeniyeviç, Azərbaycan, Türkiyə və Türkmənistanın Transxəzər qaz layihəsinin həyata keçirilməsi perspektivlərini necə qiymətləndirirsiniz?
- Transxəzər qaz layihəsinin həyata keçirilməsinə son dərəcə şübhə ilə yanaşıram. Birincisi, ona görə ki, hazırda nə Türkmənistanda, nə də Azərbaycanda artıq qaz həcmi yoxdur. Bildiyimə görə, Türkmənistandan Çinə gedən qaz kəmərləri az yüklənib, ona görə də bu qaz kəməri ilə əlavə qaz həcmlərinin qısa müddətdə haradan əldə edilməsinin mümkün olacağı hələ bəlli deyil. Axı, bu təsirli bir investisiya tələb edir və zamanla uzanacaq. Və mənim başa düşdüyümə görə, Avropa İttifaqı uzunmüddətli perspektivdə qaz alışının həcminə heç bir zəmanət vermir, üstəlik, onun qalıq yanacaq mənbəyindən asılılığı azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid proqramı var. Müvafiq olaraq, Avropa İttifaqının enerjitutumlu sənayesinin bir hissəsinin artıq ABŞ və Çinə köçürüldüyünü nəzərə alsaq, Avropa İttifaqının indi bu qaza ehtiyacı olsa da, 10 ildən sonra ehtiyac olub-olmayacağı o qədər də aydın deyil. Amma indi buna ciddi sərmayə qoyulmalıdır. Mənim fikrimcə, Türkmənistandan keçməklə Çinə qaz axınının bir hissəsinin istiqamətinin dəyişdirilməsi layihəsi daha perspektivli olardı. Çin dünyanın ən sabit və inkişaf edən iqtisadiyyatıdır, ona görə də hesab edirəm ki, Azərbaycandan şərqə qaz nəqlinin şaxələndirilməsi daha çox ölkənizin maraqlarına uyğun olardı.
- Sizcə, ötən il Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı nələr oldu?
- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baxımından ötən il hər cür hadisələrlə dolu oldu, amma son normallaşma təəssüf ki, baş vermədi. Düşünmürəm ki, Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması yaxın və ya orta perspektivdə mümkün olsun.
- Yəni, bu il də sülh sazişinin imzalanması ehtimalını istisna edirsiniz?
- Bu il sülh sazişinin bağlanma ehtimalı sıfıra bərabər deyil, amma fikrimcə, hər hansı irəliləyiş gözləmək çətindir. Bu, ilk növbədə dünyada ümumi qeyri-sabit hərbi-siyasi vəziyyətlə bağlıdır.
- Ermənistanda revanşist əhval-ruhiyyə fonunda onun hakimiyyəti aktiv şəkildə silah alır. Sizcə, Ermənistan yeni müharibəyə hazırlaşır?
- Qarabağda itirilən müharibədən sonra Ermənistanda revanşist əhval-ruhiyyəni başa düşmək olar. Hesab edirəm ki, hərbi toqquşma gec-tez baş verə bilər, amma bu il çətin ki olsun. Ermənistan silahı müharibədə Azərbaycana uduzandan sonra deyil, müharibədən əvvəl almalı idi.
- Sizcə, Ermənistan hələ uzun müddət Rusiya ilə Qərb arasında manevr etməyə davam edəcəkmi?
- Nə qədər ki, Ermənistanda qərbyönlü hakimiyyət dövlət başındadır, orada Qərbə baxmaq davam edəcək. Bunun nə qədər davam edəcəyini söyləmək çətindir, çünki hazırda xaotik vəziyyət göz qabağındadır və siyasi sabitliyi proqnozlaşdırmaq çətindir. Problem ondadır ki, Rusiyadan fərqli olaraq Qərb Ermənistana fiziki kömək edə bilməz. Hələlik Qərb Ermənistanı baş verənlərdən siyasi cəhətdən təcrid etməyə, ondan alver vasitəsi kimi istifadə etməyə çalışır. Ona görə də Ermənistan qərbyönlü oriyentasiyasını qoruyub saxlasa, onun taleyi gələcəkdə çox acınacaqlı və qibtəedilməz olacaq.
- 2022-ci il Azərbaycan-Rusiya münasibətləri üçün hansı il olub?
- Ötən il Rusiya-Azərbaycan münasibətləri üçün kifayət qədər ziddiyyətli il oldu. Bir tərəfdən, ən azı maliyyə baxımından qarşılıqlı ticarətdə artım var idi, digər tərəfdən, Azərbaycanın Rusiya sülhməramlıları və Ermənistanda baş verənlərlə bağlı kifayət qədər şikayətləri var. Bütövlükdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hələ də etibarlı inkişaf perspektivi var.
- Və nəhayət. Sizcə, Ukrayna böhranı bu il başa çatacaqmı?
- Ukrayna böhranı, çox güman ki, bu il bitməyəcək. Çox güman ki, o, qeyri-müəyyən müddətə uzanacaq.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB