Böyük şəhərsalma layihəsi - "Ağ şəhər" Təhlil

Böyük şəhərsalma layihəsi - "Ağ şəhər" Təhlil

Prezident İlham Əliyev: "Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var"

Ölkəmizin hər bir yerində aparılan-abadlıq quruculuq işləri onun simasını köklü şəkildə dəyişib, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Bölgələrimizlə yanaşı, dünyanın qədim neft sənayesi mərkəzi olan paytaxt Bakı da qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Son illər Bakıda həyata keçirilən ardıcıl inkişaf prosesi şəhərimizin tarixi ilə müasirliyini özündə birləşdirərək tamamilə yeni bir simadadır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların ahəngdarlıqla qovuşaraq, mükəmməl harmoniya yaratdığı Bakı Qız Qalası, Qala Divarları, Şirvanşahlar Saray Kompleksi, məscidləri, karvansaraları və digər memarlıq abidələri ilə sirli aləmə çevrilən paytaxtımıza yeni çalarlar əlavə olunub. Bura tariximizin daş yaddaşıdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını özündə yaşadır. Geniş vüsət alan abadlıq-quruculuq və yenidənqurma işləri paytaxtımıza yeni bir ahəng gətirib. Xüsusilə, böyük parkların, xiyabanların salınması və köhnə tikililərin sökülərək, yenilərinin inşası şəhərimizə yeni çalarlar əlavə edib. Şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da təsirsiz ötməyib. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlər nəticəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı çirkləndirən bir çox mənbələrin ləğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyanı böyük dərəcədə çirkləndirən "Qara şəhər" idi. indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. …Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib".

"AZƏRBAYCANDA YÜZ İLLƏRDƏN BƏRİ QARA ŞƏHƏR ADLANAN ŞƏHƏR AĞARACAQDIR, TƏMİZLƏNƏCƏKDİR, ORADA GÜL-ÇİÇƏK ƏKİLƏCƏKDİR"

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsindədir. "Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaqdır, təmizlənəcəkdir, orada gül-çiçək əkiləcəkdir və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir.", - deyən Ümummilli Lider Heydər Əliyev uzaqgörəliklə söylədiyi fikirlər reallığa çevrilib. Artıq Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb. Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kvartalda görülən işlərlə tanış olub və Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub. Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü küçələrin salınması və yolaltı kommunikasiya infrastruktur işləri tamamlanıb. Bunlar, əsasən Qarabağ Atları, 3-cü Şərq, 6-cı Park küçələri və bir sıra digər küçələrdir. Bununla da artıq Ağ Şəhərin Xəqani Rüstəmov küçəsindən əlavə daha iki küçəsinin Babək prospektinə rahat giriş və çıxışı təmin ediləcəkdir. Prospekt boyunca magistral su xətti, yüksək və ortatəzyiqli qaz xətləri, elektrik magistral xətlər köçürülərək Ağ Şəhər layihəsinə uyğunluğu təmin edilib.
Mərkəzi Park Kvartalı 2017-ci ildə təhvil verilmiş Paris evlərindən əlavə, 36, 20 və 8 mərtəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai iaşə obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşıllıq zonalarından ibarətdir. Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir.

ZƏFƏRİMİZƏ HƏSR EDİLƏN QARABAĞ ATLARI HEYKƏL KOMPLEKSİ

Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Yeddi Qarabağ atından ibarət kompleksin hazırlanmasına amerikalı heykəltaraş Robert Sammers cəlb olunub. Qeyd edək ki, heykəltaraş Dallas şəhərində yerləşən "Mal-qara sürülməsi", Kaliforniya hava limanında "Con Ueyn" və digər əsərləri ilə dünyada məşhurdur. Dövlət başçısının həyata keçirdiyi tədbirlər öz uğurlu nəticəsini verir. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin, Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır. Ağ şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir. Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt, getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.
Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalaraq yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var".

İRİ NEFT SƏNAYESİ OBYEKTLƏRİNİN YERLƏŞDİYİ "QARA ŞƏHƏR"

İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara Şəhər 19-cu əsrin sonunda, Bakının şərq hissəsində yaranmışdır. Sonradan o, "qara qızılın" emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynayıb. Bu ərazidə əsasən, neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə həmin vaxt bu ərazidə (Qara şəhər) 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyadı, bu ərazini də haqlı olaraq "qara şəhər" adlandırdılar. XIX əsrin ikinci yarısında çox sürətlə inkişaf edən neft sənayesi Bakı ətrafında böyük bir ərazini əhatə edir və bu ərazidə yerləşən zavodların tüstü və hisi bütün ətrafı bürüyürdü. Şəhərin inkişafına mane olan bu cür hallarla bağlı ictimai fikirlər quberniya hakimiyyətini bu problemi həll etmək məcburiyyətində qoymuşdu. Beləliklə də, 1870-ci ildə şəhərdə və şəhərin yaşayış məhəllələrində yerləşən 147 zavodun sökülməsi barədə quberniya hakimiyyəti qərar qəbul etdi və şəhərin yaşayış məntəqələrindən 2km aralı olmaq şərti ilə boş ərazilərə köçürülməsi qərarlaşdırıldı.
Beləliklə də, 1876-cı ildə Keşlədəki otlaq sahələrində və yerli əhalinin bağ və bostan sahələrinin yerində yeni sənaye rayonu salındı. 1880-ci ildə yeni sənaye rayonunda 118-dən artıq müəssisə fəaliyyət göstərirdi. 1905-ci ildə demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Buradakı tikililərin hamısını qara his basdığından hər tərəf qapqara görsənirdi. Elə buna görə də, 1880–90-cı illərdə və o zamanlardan üzü bəri bu ərazi artıq "Qara şəhər" kimi tanınırdı. Artıq o şəhər indi "Ağ şəhər" kimi dünyanın ən müasir bir şəhərinə çevrilir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə