“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və “Moskva pr.67” (“AzərSu” ASC) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı” adlı tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “AzərSu” ASC-nin sədr müavinləri Etibar Məmmədov, Köçərli Həsənov “Moskva pr.67” (“AzərSu” ASC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib.Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq aləmdə nüfuzu ildən-ilə artaraq regionun lider dövlətinə çevrilib:“19 il əvvəl “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - söyləyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng işlərlə bunu bir daha sübut edib. Cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin verdiyi əvəzsiz töhfələr ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlərlə müşahidə olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir”.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ümummilli liderin başladığı uğurlu siyasətin onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malik dövlət kimi qəbul olunub. Azərbaycanın birmənalı şəkildə bölgənin lider dövləti kimi qəbul edilməsi məhz Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. B.Nəbiyev Yeni Azərbaycan Partiyasının öz siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri onun cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.
Partiya üzvlərinin sayının ildən-ilə artdığını xatırladan B.Nəbiyev yeni üzvlər arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayıb.“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli və tullantı su təchizatı xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələrdən bəhs edib. Bildirib ki, su təsərrüfatı sektorunda islahatların vacibliyini nəzərən alan Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla “Azərsu” ASC yaradılıb. Ötən müddətdə Oğuz-Qəbələ-Bakı magistral su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri, ümumilikdə 44 yeni su mənbəyi yaradılıb.
Hazırda işğaldan azad edilmiş Şuşa şəhəri, Ağdam, Füzuli, Kəlbəcər, Laçın şəhərlərində və digər ərazilərdə su təchizatı infrastrukturunun bərpası, eləcə də yaradılması işləri davam etdirilir.“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı içməli və tullantı su təchizatı sektorunda dövlət başcısının təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələr barədə təqdimatla çıxış edib.Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Nəzakət ƏLƏDDINQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB