İlham – Xalqın İlhamı ŞƏRH

Qəlbimizdə yuva qurdun, sən od kimi, atəş kimi

Ona görə bu atəşim, odum hər oddan uludur.

Qəlbi hər an bu millətin məhəbbətiylə doludur,

Gələcəyə gedən yolun Ulu Heydərin yoludur.

Elman Həbib.

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəni inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətlərdir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan Dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modemləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqli xarici siyasəti yürüdür.

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin nəticəsində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Ötən müddətdə aqrar- sənaye kompleksində islahatlar genişləndi, ölkədə güclü sahibkarlar sinfi formalaşdı. Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi uğurla davam edir. İlham Əliyevin islahatları sosial həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. Prezidentin təşəbbüsü ilə “Asan Xidmət” mərkəzləri yaradıldı. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Ölkədə səhiyyə islahatları da uğurla reallaşır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikildi, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən quruldu, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazandı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirdi, bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı. Bu gün Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Xalqımızın ən mühüm problemi – Qarabağ münaqişəsi tarixin arxivinə qovuşandan sonra Azərbaycan daha da sürətli inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda 30 günün içərisində canlanma müşahidə olunmaqdadır. Beləliklə, bu gördüyü işlərlə, yorulmadan və davamlı şəkildə çalışması ilə, müdrik qərarlarıyla İlham Əliyev xalqımızın ümid yerinə, uğur simvoluna, qurucu liderinə çevrilib.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Biz də sizi növbəti doğum günü münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayır, can sağlığı diləyirik!

Aytəkin Hacızadə

YAP Yasamal rayon “A.M.Şərifzadə küç.762 (Ak.M.Ə.Mirqasımov adına RKX- sı Publik Hüquqi Şəxs ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə