Cənubi Qafqazın qalib dövləti TƏHLİL

Cənubi Qafqazın qalib dövləti TƏHLİL

Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət aparan ölkələrdir

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Qeyd olunmalıdır ki, Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.

Belə ki, Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfəri Səfər çərçivəsində istər prezidentlərin təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, həmçinin səfərin mahiyyətini özündə əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında diqqəti çəkən mühüm məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü siyasətə böyük dəyərin verilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AZƏRBAYCAN PREZİDENTİ: “Gələn ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacaq”

“Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir",- deyən Prezident İlham Əliyev onu da bildirdi ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb: "Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır".Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib ki, Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət aparan ölkələrdir: «Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı, kənd təsərrüfatı sahələrində hərtərəfli inkişaf edir. Bu bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir».

Azərbaycan Prezidenti həmçinin, Vuçiçin dəvəti ilə bir ay əvvəl Serbiyada rəsmi səfərdə olduğunu və səfər təəssüratlarını bölüşə rək bildiridi ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun: «Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun”.Prezident İlham Əliyev həmçinin söyləyib ki, Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir. Bu siyasət dəyişməz olaraq qalacaq.

PREZİDENT İLHAM ƏLİYEV: “Ölkələrimizin nəqliyyat-logistika sahəsində böyük potensialı var”

Azərbaycan prezidenti onu da bildirdi ki, Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq münasibətləri var: «Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə, ilk növbədə, ticarət sahəsində bunun nəticəsi olacaq”.Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, hələlik istənilən səviyyədə olmayan ticarət dövriyyəsi əldə edilmiş razılaşmaların icrası nəticəsində artacaq. “Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.Azərbaycan Prezidenti Serbiya ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəklərini də deyib: «Dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək”. Dövlətimizin başçısı deyib: “Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”.Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündə Serbiya lideri bildirib ki, Azərbaycan Prezidentinin sözünə hər hansı imzadan daha çox inanırıq: «Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq”.Serbiya prezidenti mətbuata bəyanatında bildirmişdir ki, Prezident İlham Əliyev nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq: «Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir».

Göründüyü kimi, Serbiya Prezidentinin fikirləri Prezident İlham Əliyevin nüfuzuna, şəxsi keyfiyyətlərinə, həm ölkə daxilində, həm də beynəlxalq arenada birlik, həmrəylik çağırışlarını real həyatda təsdiqləməsinə verilən dəyərdir. “Mən Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq. Nə üçün mən qısa çıxışıma bununla başladım? Çünki Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar”.Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.Azərbaycandakı inkişafın neft və qaza görə olmadığını qeyd edən Serbiya Prezidenti deyib: “Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir”.Aleksandar Vuçiç vurğulayıb ki, “Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi. Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq”.

SERBİYA PREZİDENTİ: “Bizim enerji sahəsi ilə bağlı əməkdaşlıq etməli çox məsələlərimiz var”

Serbiya Prezidenti Aleksandar Vuçiç onu da söyləyib ki, biz birlikdə əməkdaşlığın mümkün sahələrini təhlil etdik. Sözsüz ki, bizim enerji sahəsi ilə bağlı əməkdaşlıq etməli çox məsələlərimiz var: «Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək. Biz Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa etməyə hazırlaşdığımız interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları barədə müzakirə apardıq. Bütün bunlar bizim üçün vacibdir. Lakin hesab edirəm ki, biz eyni dərəcədə mühüm olan, bəlkə də daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri açırıq. Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir».

Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək. Çünki Serbiya Prezidenti Aleksandar Vuçiçin dediyi kimi: «Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır».

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə