Dövlətimizin idman siyasəti: qələbə və uğurlarımız ŞƏRH

Dövlətimizin idman siyasəti: qələbə və uğurlarımız ŞƏRH

Prezident İlham Əliyev:"Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz"

Azərbaycan bugünki inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bunun əldə olunmasında ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən Cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub və əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, Cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Sağlam bədəndə sağlam ruh olar, - deyiblər. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Əlbəttə ki, insan ruhunun sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün yanaşması fiziki sağlamlıq faktoru ilə sıx bağlıdır. Sağlamlıq ən böyük nemətlərdən olduğundan hər bir insan onu qorumağı bacarmalıdır. İdmanla məşğul olmaq insan sağlamlığının qorunmasında, ruh yüksəkliyinin artmasında müstəsnadır. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır. Qeyd edək ki, bu gün Azərbaycanda Olimpiya Hərəkatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır.

YENİ VƏ MÜASİR İDMAN KOMPLEKSLƏRİNİN TİKİNTİSİNƏ BAŞLANILDI

Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 30 il bundan əvvəl - 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın gənc atletləri beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur. Bütün bunlar Cənab İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir.2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə "Bədən tərbiyəsi və idman günü" olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək əhval-ruhiyyəyə səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzini və idmanın inkişaf tələblərini təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq, İdman Fondunu yaratmış və beləliklə, böyük uğurların təməli qoyulmuşdu.

BU GÜN AZƏRBAYCAN BEYNƏLXALQ MİQYASLI TƏDBİRLƏRƏ EV SAHİBLİYİ EDİR

Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları keçirilmişdir. Belə ki, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, eləcə də Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycanda belə yarışların keçirilməsi onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

İdman ölkəsi kimi tanınan ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları, məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Azərbaycana "Bakı- 2017" İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazandıran amillər, bu sahədə qazanılan zəngin təcrübənin özünü doğrultduğunu göstərdi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl,12 gümüş və 16 bürünc medal qazandılar."Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər", - Prezident İlham Əliyev bildirib.

Paytaxtımızda start götürmüş elit yarışmalarından olan "Formula-1"-ə ölkəmizin ev sahibliyi etməsi dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini bir daha dünyaya nümayiş etdirmiş oldu. Xatırladaq ki, "Formula-1" yarışları Bakıda 2016-cı ildən keçirilir. Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləmiş oldu. "Formula-1" yarışlarının Bakı mərhələsi dünyada böyük maraq yaradıb.

Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi də bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.

"BİZ LƏYAQƏTLİ XALQI VƏ BÖYÜK HÖRMƏTƏ LAYİQ OLAN ÖLKƏNİ TƏMSİL EDİRİK"

Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Azərbaycanın mərd oğulları şəhidlik zirvəsinə yüksəldilər. Bu torpağın qazisi oldular. Bu günün gənci bu məsuliyyəti dərk edir və sabaha doğru inamla addımlayır. Bu gün hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var. Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir. "Biz uzun illər - 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq"- deyə çıxışlarının birində bildirən Cənab Prezident qeyd edib ki, bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik: "Bəli, bu məğlubiyyətin səbəbləri var idi, o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. "

Azərbaycan xalqı qalib xalqdır və bu ifadəni işlədərkən böyük bir həqiqətin arxasında dayandığını görürük. Azərbaycan tarixi ədaləti bərpa etdi. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. "Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik.Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz" – deyən Prezident bildirib ki, bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq. Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir: "Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır".

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə