Ermənistan hakimiyyəti tərəfindən ŞİŞİRDİLMİŞ STATİSTİKA - TƏHLİL
Tarixin bütün mərhələlərində ermənilərin yalan məlumatlara, həqiqəti əks etdirməyən informasiyalara əl atdıqları, hətta statistik göstəriciləri belə təhrif etdikləri bəllidir. Belə yalanlardan çirkin təbliğat maşınını işə salmaq üçün istifadə etdikləri, manipulyasiyalara əl atdıqları da sirr deyil və həqiqətdən uzaq olan statistik rəqəmləri ortaya atmaları yalnız məkrli niyyətlərindən xəbər verir. Bir sözlə, ermənilər yalan məlumatları, doğru olmayan statistik göstəriciləri özləri üçün hər zaman alət hesab ediblər, amma artıq bu “alət” onların əleyhinə işləyir, çünki çirkin niyyətlərini ifşa edir, kimliklərini ortaya qoyur.
İstədikləri zaman statistik rəqəmləri az, istədikləri zaman çox göstərmək ermənilərin çoxdankı adətidir və bu gün də bu riyakarlıq ənənələri davam etdirilir. İki il bundan əvvəl, 44 günlük müharibə dönəmində Ermənistan hakimiyyətinin döyüşlərlə bağlı öz vətəndaşlarına yalan məlumatlar verdiyi, məğlubiyyətlərini gözlətdiyi, itgilərinin sayını, statistikasını dəfələrlə az göstərdiyini elə erməni xalqı da yaxşı bilir. Yaxşı bilir ki, ölən erməni əsgərlərin sayından tutmuş, hərbi texnikanın itkisinə qədər bütün statistik məlumatlar yanlış olub və bu xalqı öz dövləti aldadıb. Hətta müharibə bitdikdən sonra, Ermənistan tərəfi rüsvayçı məğlubiyyətə, kapitulyasiya sənədinə imza atdıqdan sonra bu ölkə hakimiyyəti açıq şəkildə etiraf edib ki, yalan məlumat vermək, reallıqları gizlətmək onlar üçün adi, qəbulolunan hal hesab olunur. Deməli, yalan məlumat, həqiqətə uyğun olmayan informasiya verməyi bu ölkə hakimiyyəti dövlət səviyyəsində, rəsmi şəkildə məqbul hesab etdiyini etiraf edir. Ölən erməni hərbçilərinin, əsgərlərinin sayının durmadan artdığı barədə informasiyalar yayıldıqca, Ermənistan hakimiyyəti bu yalanlarını etiraf etmək məcburiyyətində qalır və artıq çıxış yolunun olmaması fonunda yalanlarını, yalançı statistik rəqəmləri də açıqladığını boynuna alır.
Əksər hallarda ermənilər şişirdilmiş statistik rəqəmlərdən istifadə etməyə can atırlar və bunu öz çirkin niyyətləri üçün alət hesab ediblər və yenə də belə hesab edirlər. Beynəlxalq aləmə car çəkmək üçün istifadə etmək lazım olduğu halda erməni əsillilərin daha çox sayda itki verdiyini, daha çox sayda itkiyə məruz qaldığını göstərmələri də sirr deyil. Bəzən hətta törətdikləri soyqırımlarda belə ermənilərin itkilərinin sayını, statistik rəqəmləri fantastik şəkildə şişirtmələri də hamıya tanış məqamdır. Ötən əsrin əvvəllərində, daha dəqiq desək, törətdikləri 31 mart soyqırımı zamanı şişirdilmiş sayda erməni əsgərlərinin də öldürüldüyünü, hətta utanmadan özlərinin də “soyqırıma” məruz qaldıqlarını bu statistik göstəricilərlə sübut etməyə çalışanlar nəinki yalana görə utanmaq hissini çoxdan unudublar, adətən, bununla fəxr də edirlər ki, yaxşı yalan uydura bilirlər. Eyni zamanda, 44 günlük müharibə dönəmində ölən erməni əsgərlərinin sayını az göstərən Ermənistan hakimiyyəti hərbi əsir adlandırdıqlarının sayını, statistikasını şişirtməklə də deyilənləri təsdiq etmiş oldular. Bir sözlə, şişirdilmiş statistik göstəricilər, yalan məlumatlar, uydurma informasiyalar Ermənistan üçün sıradan bir hal hesab olunur.
İndi də Ermənistan tərəfi Qarabağ ərazisində yaşayan erməni əsillilərin sayını, statistik rəqəmləri fantastik şəkildə şişirdir və yenə də bundan alət kimi istifadə etməyə çalışır. Guya Qarabağ ərazisində məşkunlaşan erməni əsillilərin sayının 120 min olduğunu deyənlər həyasızlığın son həddini nümayiş etdirmiş olurlar, çünki bu statistik rəqəm reallıqdan, həqiqətdən, düzgün göstəricidən dəfələrlə çoxdur. İndi Qarabağ ərazisində yaşayan ermənilərin sayını təkcə özləri, yaxud Azərbaycan tərəfi yox, elə bütün dünya bilir. Əvvəla ona görə ki, real, həqiqətə uyğun olan statistik rəqəmlər proseslərin gedişində hər kəsə bəlli oldu. Hətta 44 günlük müharibə dönəmində nə qədər sayda erməninin Qarabağ ərazisini tərk etdiyi, döyüş bitdikdən sonra nə qədərinin geri qayıtdığı da müəmmalı, qaranlıq məqam deyil, proseslər hər kəsin gözü önündə baş verdi. Digər tərəfdən də elmi-texniki tərəqqi elə bir həddə çatıb ki, dünyanın istənilən ölkədə bu barədə məlumat əldə etmək üçün erməni uydurmalarına qəti şəkildə ehtiyac duymur, məlumatları, statistik rəqəmləri əldə etmək müşkül məsələ sayılmır. Yəni, yalanlarını aşkarlayan faktları, statistik rəqəmlərindəki şişirtmələri təsdiq edən detalları əldə etmək heç də çətin deyil. “Laçın dəhlizinin azərbaycanlılar tərəfindən bağlanması və qazın dayandırılması ilə əlaqədar Dağlıq Qarabağda 120 min erməni pis vəziyyətdədir, məktəblər və uşaq bağçaları işini bağlamaq məcburiyyətindədir, 22 min uşaq təhsil hüququndan məhrumdur”, deyə öz “Twitter” hesabında qeyd edən erməni baş nazir Paşinyanın yalançı statistik rəqəmləri göstərdiyini isbatlamaq üçün qısa bir təhlil kifayət edir, hansı ki, qeyd olunanlar məhz bunun üçündür.
Doğrudur, 44 günlük müharibənin acısını dadan, “Dəmir yumruğ"un nə demək olduğunu anlayan, kifayət qədər dərs alan Ermənistan tərəfi, ələlxüsus bu ölkə hakimiyyəti məğlubiyyətinin fonunda hədsizliyinə az da olsa sərhəd qoymalı olub. Bunu bir çox məsələlərdə, məqamlarda görə bilirik. Məsələn, qondarma “Artsax” ifadəsini Nikol Paşinyanın artıq istifadə etmədiyi, əvəzində Qarabağ sözündən istifadə etdiyi işğalçı ölkənin, bu ökə hakimiyyətinin öz hesabını getdiyini təsdiqləyir. Amma məsələ burasındadır ki, ermənilər üçün yalanlardan, həqiqətdən uzaq statistik göstəricilərdən istifadə etmək “ənənə” halını alıb və bu tendensiyadan yaxa qurtara bilmirlər və yaxasını qurtara bilməmək elə Vovayeviçin özünə də aiddir. Əks halda erməni baş nazir bütün dünya ermənilərinin Qarabağda arzuladığı 120 min erməni əsillinin olması barədə yalançı statistik rəqəmi ortaya atmazdı. Təbii ki, bu rəqəmin dəfələrlə artıq göstərilməsi, 5-6 dəfədən artıq şişirdilməsi siyasi məqsədlər üçündür, amma bu məqsədlər heç kimə haqq vermir ki, yalana əl uzatsın, halbuki öz ənənələri bunu da dərk etməyə imkan vermir.
Bilirik ki, 44 günlük müharibə bitdikdən sonra, 2020-ci ilin noyabr ayından bəri Ermənistan hakimiyyəti İrəvana və başqa ərazilərə dağılışan erməni əsillilərin Qarabağa “fasiləsiz axını” barədə silsilə məlumatlar, yalançı informasiyalar yayıblar. Bu axın dedikləri dezinformasiyaları o qədər şişirdiblər ki, artıq öz yalanlarına özləri də hələ bəlkə inanırlar. O da məlumdur ki, Ermənistan hakimiyyətinin, yüksək rütbəlilərinin belə uydurmaları fonunda Rusiya sülhməramlıları öz bülletenlərində Qarabağda 51.000 nəfər erməni əsillinin olması barədə qeyd ediblər, hansı ki, bu rəqəm özü də şişirdilmiş rəqəmdir. Qarabağda 120 min erməninin məskunlaşması, yaşaması barədə Ermənistan hakimiyyətinin qondarma, yalançı statistik rəqəmlərdən dəm vurması, hətta rus sülhməramlılarının qeyd etdiyi rəqəmlərin qarşılığında belə erməni həyasızlığının təzahürüdür. Real vəziyyətin qərəzsiz təhlili bunu isbatlayır.
Heç SSRİ dövründə belə Qarabağ ərazisində bu qədər erməni yaşamadığı bəllidir. Birinci Qarabağ müharibəsindən öncə də həmin ərazilərdə Ermənistan hakimiyyətinin, erməni baş nazir Paşinyanın göstərdiyi sayda erməni əsilli olmayıb. Yəni, bu gün Ermənistan hakimiyyətinin bəyan etdiyi statistik rəqəm heç bir zaman, heç bir dövr üçün doğru olmayıb, nəinki indiki zaman. Bununla yanaşı, ermənilər özləri də qeyd edirlər ki, ötən əsrin sonlarında başladıqları müharibə zamanı minlərlə erməni, özü də Qarabağ ərazisində məskunlaşan erməni hərbçi ölüb və belə olan halda da həmin dövrün statistik rəqəmlərindən indiki daha az olmalı idi axı məntiqi baxımdan. Eyni zamanda, Qarabağ ərazisində erməni əsillilər arasında ölənlərin doğulanlara nisbətdə daha çox olduğu da etiraf edilir ermənilər tərəfindən. Məsələn, erməni tədqiqatçısı Serob Sujyanın hələ 2009-cu ildə dərc etdirdiyi “DQR-də demoqrafik vəziyyət” adlı təhlilinə əsasən, 2001-ci ildən sonra Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ölüm nisbəti doğum göstəricisini ötməyə başlayıb və nəticədə oradakı erməni əsilli əhalinin təbii artımı azalmağa başlayıb. Üstəlik, intensiv şəkildə mühacirət də həmin ərazilərdəki ermənilərin sayının azaldığının sübutudur. “Aşağı demoqrafik dinamikaya görə əhalinin müharibədən əvvəlki səviyyəyə nə vaxt çatacağını proqnozlaşdırmaq çətindir”, deyən Serob Sujyan da Qarabağ ərazisində hazırda yaşayanların sayının I Qarabağ müharibəsindən əvvəlki dövrdən az olduğunu təsdiq edir. Əgər ermənilərin 30 il işğal altında saxladıqları Qarabağ ərazisinə baxanda İrəvanın yaşayış şəraiti yaxşı olduğu halda Ermənistanın özündən mühacirət kifayət qədər çox idisə, deməli, həmin ərazilərdə mühacirət səviyyəsinin, yəni əhalinin azalma səviyyəsinin hansı həddə olduğunu təsəvvür etmək çətin deyil. Həm də axı, 44 günlük müharibə bitdikdən sonra Qarabağ ərazisinə qayıdan ermənilər Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Hadrut, Kəlbəcər, Zəngilan ərazilərinə deyil, Xankəndiyə qayıtdılar və bu qayıdanlar bir şəhərə sığışmalı idilər. Bunu da, deyəsən, Ermənistan hakimiyyəti öz qondarma, yalan statistik göstəricilərində nəzərə almayıb, hansı ki, nəzərə almaları yaxşı olardı ki, gülünc olmasınlar. Ermənistan hakimiyyəti öz qondarma statistikasında onu da nəzərə almayıb ki, İrəvanda sığınacaq tapanların bir qismi də Qarabağ ərazisinə qayıtmayıblar, üçüncü ölkələrə üz tutublar və bunun da rəqəmlərə təsirsiz ötüşmədiyi təkzib edilə bilməz.
Diqqətçəkən məqamlar çoxdur, onlardan biri də Ermənistanın özünün istinad etdiyi, sığındığı ATƏT sayılırdı ki, bu qurumin özünün belə 2005-ci il məlumatına görə, təkcə Kəlbəcərdə 2700-dən az erməni yaşayıb. Separatçı quldur dəstələrinin məlumatına görə isə, işğal illərində Şuşada 5192, Hadrutda 11848, Laçın rayonunda 10613, üstəlik, müharibənin əvvəlinə qədər Xocavənddə 20227, 2020-ci ilin sentyabrına qədər Ağdamda cəmi 360 erməni yaşayıb. Elə bu rəqəmlər özü də məsələnin aydınlaşdırılması üçün kifayət edir. Tutaq ki, qayıdan erməni əsillilər Xankəndinə sığışırdı, axı bu rəqəmlərin cəmi 120 min rəqəminə bərabər deyil. Bu rəqəmlərin cəmi haradasa rus sülhməramlılarının göstərdiyi rəqəmə yaxındır və görünür, elə sülhməramlılar özləri də bu hesabatlardan istifadə ediblər. Hər bir halda, yenə də Ermənistan hakimiyyətinin bəyan etdiyi 120 min rəqəmi dəfələrlə artıqdır, şişirdilmişdir və artıq yalan olduğu zərrə qədər şübhə doğura bilməz. Bu arada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin məlumatı da diqqəti cəlb edir və həmin məlumatda 2021-ci ilin iyul ayında 36,989 Qarabağ ermənisinin, əsasən, Yerevanda və Ermənistanın digər 10 vilayətində məskunlaşdığı göstərilir. Buradan belə nəticə çıxır ki, heç də müharibədən əvvəlki sayda erməni əsilli əhali geri qayıtmayıb və qayıdanların da müvəqqəti olaraq öz əşyalarının dalınca qayıdıb gəldiyi ortaya çıxır, hansı ki, onların da ərazini tərk edəcəkləri haqda düşünməkdə hər kəs haqlıdır. Deməli, Ermənistan hakimiyyətinin yalandan bəyan etdiyi statistik göstəricilər dəfələrlə aşağı olan rəqəmlər belə hələ son nəticə, son göstərici deyil və azalacağı bəllidir.
Bu məqamda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsində bu kontekstdə dediklərini də xatırlamaq yerinə düşər. “Statusa gəlincə, bu gün orada 25 min insan yaşayır. Orada gedən proseslər haqqında kifayət qədər geniş və çoxşaxəli məlumatımız var. Müharibədən əvvəl biz orada nə baş verdiyini bilirdik. Orada əhalinin faktiki sayı 25 min nəfərdir. Müharibədən sonra 50 mindən çox insanın oraya qayıtdığı barədə başqa rəqəmlər də qeyd olunub. Ola bilər, amma geri qayıtmaq orada qalmaq demək deyil. Qayıtdılar, sonra geri döndülər.
İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Oradakı maşınların sayını bilirik. İnsanların hərəkət etdiyini görürük. Necə deyərlər, başqa obyektiv vasitələr də var ki, onları əsas götürsək, orada neçə nəfərin - maksimum 25 min nəfərin yaşadığını dəqiq bilirik. 25 min nəfərə statusun yaradılması hansı məntiqə uyğundur?”, deyə dövlət başçısı bildirib və bununla da ermənilərə, xüsusən, Ermənistan hakimiyyətinə qondarma, şişirdilmiş, yalançı statistik göstəriciləri ilə bağlı tutarlı cavab, hətta mesaj belə verilib.
Maraqlıdır, bütün bu reallıqların fonunda erməni baş nazirindən, Nikol Paşinyandan soruşulsa ki, yalançı statistik rəqəmlərdə göstərdiyi kimi, Qarabağda 120 min erməni haradadır, bu adam necə cavab verəcək? Etiraf edəcəkmi ki, şişirdilmiş rəqəmlər, səhv statistik göstəricilərdir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB