Azərbaycan böyük enerji potensialına malikdir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Ruminiya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin” imzalanması Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində irəliyə atılmış əhəmiyyətli bir addımdır və bu sahədə Azərbaycanın rolu yüksək qiymətləndirilməlidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu saziş Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun ruhuna uyğundur və Azərbaycanın böyük enerji potensialına malik olduğunu bir daha göstərir.
“Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropa ölkələrinə çatdırılmasına imkan yaradacaq bu Sazişin imzalanması hər dörd dövlətin milli maraqlarına uyğundur və ölkələr arası əməkdaşlığın, münasibətlərin möhkəmləndirilməsinə xidmət edir. Layihədə yüksək gərginlikli kabellər vasitəsi ilə Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya yeni yaşıl enerji dəhlizinin yaradılması nəzərdə tutulur ki, bu da Avropa ilə Asiya ölkələri arasında Azərbaycanın nüfuzunun artmasına imkan yaratmaqla bərabər, əməkdaşlığın gələcəkdə daha geniş miqyasda inkişafına töhfələrini verəcəkdir.
Bu gün nəinki Avropa ölkələri, dünya dövlətləri Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən layihələrə ümidlə baxır, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqların və dövlətlərin inkişafına xidmət edən siyasətini dəstəkləyirlər. Bakı-Tblisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət Limanı, Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizi, bir çox əhəmiyyətli layihələr, əlbəttə ki, dünya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsinə və ilk növbədə iqtisadi qüdrətimizin artırılmasına istiqamətləndirilibdir. Buxarestə imzalanmış yeni Saziş də bunun ifadəsidir və tərəfdaş ölkələrin gələcək inkişafı üçün faydalıdır”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB