Şuşanın yetirdiyi böyük ictimai-siyasi xadim - Əhməd bəy Ağaoğlu TƏHLİL
"Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyirçi durmaqdır"
Azərbaycanın dilbər guşələrindən olan, Şərqin Konservatoriyası, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyi Şuşa mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə şöhrət tapıb. Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa tarixi yolunda ictimai-siyasi fikir tariximizdə böyük simalar yetirmişdir. Alınmaz qala olan Şuşanın zəngin tarixi onun əzəli olduğunu, məğrurluğunu göstərir. "Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar", - deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu bildirmişdir. Bəli, Şuşamız böyük tarixi yolunda keşməkeşli, tarixi bir zaman yaşamaqla böyük ziyalılar nəslini də yetirmişdir. Şuşa böyük simaların vətəni olmuşdur. Xarı bülbülün vətəni sayılan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə kimlərinsə göz dikdiyi məkana çevrilib. Bu gün Şuşamız azad nəfəs alır, səsi, sədası dünyaları dolaşır.Bu gün bu məkanın böyük simalarından olan Azərbaycan və Türkiyə ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı, türkoloqu Əhməd bəy Ağaoğlu haqqında söz açacağıq. Kimdir Əhməd bəy Ağaoğlu? Qısa arayış: 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşmişlər. Böyük bir nəslin nümayəndəsi olan Əhməd bəy Ağaoğlunun ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən olub. O, xəttat idi və türk dilində şeirlər yazırdı. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəb və rus dillərini bilirdilər.
Əhməd bəy Ağaoğlu xatirələrində göstərir ki, təhsilində anasının və əmisinin böyük rolu olub. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasını istəyərək ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. 1881-ci ildə Şuşada altı siniflik real məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evinə toplayaraq uşaqlarını bu məktəbə qoymalarını istəyir. Atası da canişinə söz verərək onu Şuşa real məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şineyovski və riyaziyyat müəllimi olan Palekarpın ona böyük təsiri olmuşdur. Hər iki müəllim çar rejiminə qarşı idi və işlədikləri məktəbdə də inqilabi təbliğat aparırdılar. Ağaoğlu da həyatında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olur. Daha sonra orta məktəbin VI sinfini bitirən Əhməd bəy Ağaoğlu VII və sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada oxuyur. Özünün yazdığına görə Tiflis gimnaziyasında ancaq bir nəfər türk var idi ki, o da Əhməd bəy Ağaoğlu idi. Tiflisdə təhsil aldığı dövrdə dostlarının təkidi ilə "Narodnik" cəmiyyətinin gizli toplantılarında iştirak edir. Bu toplantılar Ağaoğlunun düşüncəsində dərin izlər buraxır. Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirdikdən sonra Əhməd bəy Ağaoğlu fərqlənmə diplomu və üç yüz rubl mükafatla Şuşaya qayıdır. Bütün yayı dayısı ilə birlikdə yaylaqda keçirdikdən sonra Peterburqa təhsil almağa gedir.
YAŞIN VERDİYİ YÜKSƏK CƏSARƏT, HƏRARƏT, LAQEYDLİK VƏ TƏŞƏBBÜSKARLIQ!
Onunla bağlı mənbələrdə qeyd olunur ki, 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedən Ağaoğlu bir xristian ailəsinin evində kirayəşin olur. Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təəccüblənir. Çünki o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəlirdi və ailə türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımırdı. Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar və burada dörd nəfər türkün olduğunu öyrənir. Bu türklərdən biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərdan Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Digər iki türk tələbə isə yol mühəndisliyi ixtisası üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu – cəbr imtahanında məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq cavab düzgün olduğu halda qəbul etməməsi onu məyus etmişdi. "Mən Peterburqda yaşaya bilmərəm. Mütləq getməliyəm. Fəqət hara, necə?" – deyə o düşünmüşdü. Onun yolu Fransaya idi. "19 yaşım ancaq olardı. Ah, o yaşın verdiyi yüksək cəsarət, hərarət, laqeydlik və təşəbbüskarlık! Bir səs içimdən "Paris, Paris" deyə hayqırdı. Bəli, Parisə gedəcəyəm. Orada oxuyacağam, oranın universitetini bitirəcəyəm və bu surətlə həm ruslardan yandırıcı bir qisas alacağam, həm də izzəti-nəfsimi yüksək dərəcədə təmin etmiş olacağam", - deyə yazırdı. Belə də oldu.
8 yanvar 1888-ci ildə Əhməd bəy Parisə çatır. 1888–1889-cu dərs ilində Əhməd bəy Sarbonna Universitetində hüquq təhsili almağa başlayır. Lakin onun maraq dairəsi yalnız hüquqla yekunlaşmır. O, şərq sivilizasiyalarının və dinin tarixinə maraq salaraq Şərq dilləri məktəbinə gedir. Burada şərq dilləri üzrə ekspertlər Çarlz Şefer və Barber de Meynarddan dərslər alır. 1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. Bununla yanaşı "Kavkaz" qəzeti ilə də əməkdaşlığını davam etdirir. Dövrü üçün mükəmməl təhsilə sahib olan Əhməd bəy 1896-cı ildə isə Şuşaya geri dönür. Şuşada Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Məhz buna görə Şuşada el arasınad ona Firəng Əhməd ləqəbi verilir. Lakin o Şuşanı tərk etdikdən sonra həmin qiraətxana və kitabxana öz fəaliyyətini dayandırır.
1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər dumasının üzvü seçilib 1909-cu ilə qədər burada fəaliyyət göstərir. Bu dövr ərzində şəhərin bir çox problemlərinin həllinə nail olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə təhsil komissiyasının üzvü və Bakı Kommersiya Məktəbinin Qəyyumluq Şurasının üzvü olmuşdur.
1906-cı ilin avqust ayında Şuşaya gələn Əhməd bəy Azərbaycanlı ziyalıları toplayaraq bölgədəki vəziyyəti müzakirə edir. Onun təklifi ilə Difai partiyası yaradılır. Rəsmi olaraq partiya "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlanırdı. Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasitə iştirak edirdi. Bu məqsədlə o, bütün Qarabağı gəzmiş və "bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə" təşviq etmişdir. Partiyanın təşkilatçıları Dağıstandakı Azərbaycanlı əhali arasında da təşviqat aparırdı. Əhməd bəy fəaliyyətinə görə təqib olunduğu üçün bir müddət gizlənməyə məcbur olur. Aylarla dostlarının evində gizli yaşayan Əhməd bəy 1909-cu ilin ortalarında İstanbula köçməli olur. Ağaoğlu İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır. Müfəttiş işlədiyi dövrdə 4 ay ərzində İstanbulun bütün özəl, dövlət ibtidai və orta məktəblərinində olaraq öz müşahidələri əsasında mövcud vəziyyət və islahatların aparılması ilə bağlı hesabat hazırlamışdır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. Universitetdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmır və tədrisin təşkilində və təkmilləşməsində də aktiv iştirak edirdi. 1911-ci ildə o, filologiya fakültəsinin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakültənin dekanı seçilir.1911-ci ildə yaradılmış Türk Yurdu cəmiyyətinin 6 qurucusundan biri olaraq, türk uşaqlar üçün pansiyonun açılması və türklər arasında intellektual səviyyəni artırmaq istiqamətində fəallıq göstərmişdir. Əhməd bəy Ağaoğlu siyasi fəaliyyətinə görə 1912-ci ildə İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonqarahisar bölgəsindən deputat seçilir.1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan edir. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün 1918-ci il 4 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti arasında bağlanmış Batum müqaviləsinin IV bəndinə əsasən Osmanlı dövlətindən hərbi dəstək istəyir. Bundan sonra Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə yaradılır. Ağaoğlu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir. Gərgin şəraitdə olmasına baxmayaraq Əhməd bəy Gəncədə yaşadığı dövrdə "Türk sözü" adlı qəzet təsis edir. Lakin ordunun Bakını azad etməsi ilə bağlı hərəkətə keçməsi qəzetin yalnız iki nömrəsinin işıq üzü görməyinə səbəb olur. 26 dekabr 1918-ci ildə Ağaoğlu bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir.
1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibi təsdiqlənir. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Ağaoğlu da daxil idi. 9 yanvar 1919-cu ildə Ağaoğlu və nümayəndə heyətinin digər üzvləri xüsusi qatarla Bakıdan Tiflisə yola düşdülər. Batumda müsəlman əhaliyə qarşı gördüyü haqsızlıqları, tərksilah olunan türk qoşunlarını və ümumi vəziyyəti daha sonra yazdığı "Atəşkəs və sürgün xatirələri" kitabında təsvir edərək yazırdı: "Əhalinin 80 %-nin müsəlman olmasına rəğmən qurumda 2 yunan, 2 erməni, 2 müsəlman təmsil olunurdu. Bu isə açıq aşkar ingilislərin Batumun müsəlman əhalisinə qarşı diskriminasiyası idi".
"MƏRHƏMƏT, YA DA BAĞIŞLANMAĞI ƏSLA QƏBUL ETMİRƏM. MƏN ƏDALƏT İSTƏYİRƏM!"
O, İttihad və Tərəqqi partiyasının lideri, türk Parlamentində və mətbuatında ittihadçıların alovlu təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verilirdi. Artıq onu həbs gözləyirdi. Əhməd bəy İspan qripinə yoluxur, məhz bu xəstəlik onun həbs olunmasını gecikdirir. İki həftə ərzində o 40 dərəcə hərarətlə xəstə yatır. O xəstə olduğu müddətdə Ziya Gökalp və Hüseyin Cahid kimi ittihadçılar həbs olunurlar. Mart ayının ortalarına Əhməd bəyin vəziyyəti yaxşılaşsa da o hələ də yataqdan qalxa bilmirdi. Bir neçə gün sonra evə oğrunun girəcəyi haqda informasiyaya sahib olduqlarını və ailəni mühafizə etmək üçün gəldiklərini idda edən iki polis gəlir. Əslində isə onlar Ağaoğlunun tam sağalıb qaçmasının qarşısını alıb onu həbs etmək üçün evə gəlmişdilər. Gələn polislər artıq növbəti gün onu həbs edirlər. Polislərin gətirdikləri həkim Əhməd bəyin həbsxana şəraitində saxlanılmasını qeyri-mümkün hesab etsə də bu mümkün olmur. 19 mart 1919-cu ildə isə onu Bekirağa Bölüyü adlı hərbi həbsxanaya yerləşdirirlər. Osmanlı dövlətində xüsusi təhlükəli siyasi məhbuslar bu həbsxanada saxlanılırdılar.Bu hadisədən bir neçə ün sonra ingilislər Əhməd bəylə yanaşı Türkiyənin tanınmış şəxslərini Malta adasına sürgünə apardılar. Əhməd Ağaoğlu bütün sənədlərdə 2764 nömrəli məhbus kimi qeyd olunmuşdu. Ağaoğlu Maltada da ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, təkzibolunmaz arqumentlərlə mübarizə apararaq, çəkinməmişdir. "Lütf, ya da əfv istəmirəm. Ədalət istəyirəm. Bir məhkəmə önünə çıxarılmağımı və bu məhkəmənin qərarına boyun əyməyi öncədən qəbul edirəm. İngilislər dünya miqyasındakı gücləri ilə mənim kimi bir çox müdafiəsiz insanları əzə bilərlər. Lakin bu, İngiltərənin şöhrətinə nə əlavə edəcək? Bütün bunları sizdən mərhəmət diləmək üçün söyləmirəm. Xeyr! Mərhəmət, ya da bağışlanmağı əsla qəbul etmirəm. Mən ədalət istəyirəm!".
Əhməd bəyin sağ gözü gəncliyindən xəstə olub və uzun müddət müalicə almadığından tədricən görmə qabiliyyətini də itirir. Sürgündə ikən bu gözdə dəhşətli ağrılar başlayır. Ağaoğlu bir müddət sonra sol gözünün də zəiflədiyini hiss edir. Müalicə üçün dəvət olunan həkim sağlam gözün də, xəsarət alma təhlükəsinə görə xəstə gözün dərhal çıxarılmasını vacib bilir və əməliyyatın aparılması üçün əlli funt-sterlinq istəyir. Heç yerdən heç bir yardım almayan məhbus üçün bu olduqca böyük məbləğ idi. Əhməd bəy aralarındakı varlılardan sayılan həmkarı Hüseyn Cahid Yalçına üz tutur. Əski bir hüquqşünas kimi borcun şərtlərini də unutmamışdı: "Buradan çıxar-çıxmaz ilk imkan düşən kimi pulunu qaytaracağam. Ölsəm, övladlarım bunu edəcəklər. İşdir, ikimiz də sağ qayıtmasaq, pulu mənim övladlarım səninkilərə ödəyəcəklər. Bütün bu şərtləri də burada yoldaşlarımızın gözü önündə bir sənəd halına salıb altına imza atacağıq" – deyə həmkarında ziyana düşməyəcəyi ilə bağlı əminlik yaratmağa çalışmışdı.
TÜRKİYƏ HƏYATI
Türkiyədə düşmənə qarşı mübarizəni təbliğ etmək məqsədilə təbliğatçı İrşad qrupları Anadolunun müxtəlif yerlərinə göndərilirdilər. Əhməd bəyə də bu qruplardan birinə rəhbərlik etmək təklif olunur və o bu təklifi qəbul edir. 1921-ci il iyulun sonunda Əhməd bəy iki yoldaşı ilə birgə Ankaranı iki təkərli faytonla tərk edərək təbliğata yollanır. Böyük çətinliklərə baxmayaraq dörd ay yarım ərzində onlar bir çox şəhərlərdə, qəsəbələrdə olmuş aktiv təbliğat işləri aparmışdılar. 1922-ci ildə o yoldaşları ilə birgə yaradıcılarından biri olduğu Türk Ocaqları cəmiyyətinin fəaliyyətinin bərpa olunmasına nail olur. 1923-cü ilin mart ayından etibarən isə cəmiyyətin çap orqanı olan "Türk yurdu" jurnalı da yenidən fəaliyyətə başlayır. 1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayır. Əhməd bəyin 1925–1926, 1926–1927-ci dərs illərində verdiyi mühazirələr kitab şəklində toplanaraq ərəb əlifbası ilə nəşr edilmişdir. Lakin ölkənin 1928-ci ildə latın əlifbasına keçidi onun böyük kütləyə çıxışını məhdudlaşdırmışdır. 2012-ci ildə isə onun bu mühazirələri təkrar latın əlifbası ilə nəşr edilmişdir.1933-cü ildə Əhməd bəy Türkiyə cəmiyyətində liberal dəyərləri təbliğ etmək üçün "Akın" qəzaetini təsis edir. Təbliğ etdiyi dəyərlər ölkədəki mövcud təkpartiyalı sitemə zidd olduğu üçün Əhməd bəy Ağaoğlu və onun qəzeti hökumətə tabe mətbuat və dövlət strukturları tərəfindən hücumlara məruz qalırdılar. Axın qəzeti 1933-cü ilin sentyabr ayında hökumət tərəfindən bağlanır. Öz dostuna yazdığı məktubunda qeyd edirdi: "Təqaüdə göndərildim və bundan sonra fəal həyat qapıları üzümə bağlandı. Bütün bunları sizə şikayət etmək üçün yazmıram. Sırf içdən sevdiyim və etimad bəslədiyim birisinə ürəyimi açaraq bir az yüngülləşmək istəyirəm. Şikayət? Nədən və nə üçün? Məni tanıyırsız. Altmış altı yaşına çatdım. İçimi yoxlayıram, özümə qüsur gətirəcək bir şey tapmıram... Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məətəl və seyirçi durmaqdır."
Öz yaxışlarına isə bunları tövsiyə edirdi: "…insan şüurlu bir makinadır, o da bir gün dayanacaq, əlbəttə. …Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin". Əhməd bəy Ağaoğlu qaraciyər iltihabından ürək çatışmazlığı nəticəsində 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB