"Yeni qanun müasir çağırışlara tam adekvatdır" – DEPUTATIN ŞƏRHİ

"Yeni qanun müasir çağırışlara tam adekvatdır" – DEPUTATIN ŞƏRHİ

“Əvvəla onu xüsusi olaraq qeyd etmək istərdim ki, Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu zamanın tələbidir. 30 il bundan əvvəl, 1992-ci il 3 iyun tarixində qəbul edilmiş qanun müasir dövrün tələblərinə cavab vermirdi. İqtisadi, sosial çağırışlar ölkənin inkişafına adekvat olaraq yeniləndikcə siyasi sahədə də dəyişikliklərə ehtiyac yaranır. Və Milli Məclis tərəfindən ölkədə formalaşan yeni siyasi konfiqurasiyaya, müasir çağırışlara, dünyada baş verən yeni tendensiyalara uyğun olaraq qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi məqbul sayıldı və “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, yeni qanunun qəbul edilməsi ilə bağlı çağırışlar Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan gəlib: “Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciətindən sonra yeni layinənin işlənməsinə sratt verildi. Parlamentin plenar iclasları ilə paralel olaraq ictimai-siyasi institutlarda da onun müzakirələri aparıldı. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı. Yeni qanun layihəsi ölkəmizin müasir inkişaf reallıqlarına, siyasi islahat və konfiqurasiyaya uyğun və dövrün ictimai-siyasi və hüquqi tələblərinə cavab verən sənəd kimi hazırlanıb və beynəlxalq təcrübəyə əsaslanıb. Qəbul olunmuş yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi, funksiya və fəaliyyət dairələrinin genişlənməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi institutları öz inkişafının tarixi bir mərhələsinə yekun vurub, yeni siyasi reallıqlara və dəyişikliyə qədəm qoyacaqlar. Yeni qanun həm də cənab Prezidentin apardığı siyasi islahatların məntiqinə əsaslanır. Bu qanun layihəsi çoxsaylı fikrin süzgəcindən keçərək müzakirəyə çıxarılıb, gələcək hədəfləri də bəllidir. “Siyasi partiyalar haqqında” qanun layihəsi ictimaiyyət tərəfindən çox maraqla qarşılanır. Müzakirələrdə iştirak edənlərdən çoxlu təklif və rəylərin daxil olması da deyilənlərə sübutdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə