14 dekabr 2022-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq YAP Qaradağ rayon təşkilatı, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə, 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir” mövzusunda 250-yə qədər gəncin və YAP fəallarının iştirakı ilə konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, cari ildə ikinci dəfədir ki, narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilir. İlk olaraq 2022-ci il iyulun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzininin birgə təşkilatçılığı ilə “Qaradağ gəncləri narkotiklərə yox deyir!” devizi altında “Narkomaniya ən təhlükəli sosial bəladır” mövzusunda dəyirmi masa keçirilmişdir. V.Hüseynov qeyd etmişdir ki, narkomaniya ilə mübarizə ümummilli məsələdir və bu problemin həllində bütün dövlət və qeyri-dövlət orqanları: icra hakimiyyəti, hüquq-mühafizə orqanları, bələdiyyələr və siyasi partiyaların fəalları ilə bərabər, elm-təhsil və mədəniyyət müəssisələrinin, ictimai təşkilatların, QHT-lərin, mətbuat orqanlarının və ictimaiyyət nümayəndələrinin, bir sözlə hamının çiyninə ağır yük düşür. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva çıxışında bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. O qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində dəyirmi masalar, fləşmoblar, idman yarışları, mədəni-kütləvi tədbirlər keçirilir. Məqsəd cəmiyyətimizdə zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Emil Abbasov çıxışında rayonda bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Narkomaniya ilə mübarizənin rayon rəhbərliyi üçün prioritet sahələrdən biri olduğunu qeyd edən E.Abbasov vurğulayıb ki, maarifləndirmə işini artırmaqla gənclərə izah etmək lazımdır ki, narkotika əyləncə deyil, insanın həyatını məhv edən əsrin bəlasıdır. O. bildirib ki, il ərzində Qaradağ rayonunda “Narkotiklərdən qorun və qoru”, “Narkotikə qarşı mübarizəyə sən də qoşul” , “Biz narkotiklərə yox deyirik” , “Narkomanlığa qarşı mübarizəyə qoşulaq”, “İdmançılar narkotiklərə yox deyir” “Narkotiklərlə mübarizə-ümumxalq işidir” və s. mövzularda çoxsaylı toplantılar, dəyirmi masalar, görüşlər keçirilmiş, sərgilər təşkil edilmiş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə məqsədilə maarifləndirici broşürlar paylanmışdır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov bildirib ki, Azərbaycanda narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır. Onun sözlərinə görə, bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və qətiyyətli mübarizə aparmalıdır.“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev isə qeyd edib ki, cəmiyyətin sağlamlığı ölkənin gələcəyi üçün müstəsna önəm kəsb edir. Bu baxımdan, gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə olduqca əhəmiyyətlidir.
Çıxış edən Əməkdar jurnalist, “Qara talelər” sənədli filminin müəllifi Mübariz Əsgərov bildirib ki, bütün cəmiyyətimiz narkomaniya ilə mübarizədə fəal olmalıdır. Çünki narkomaniya böyük bəladır. O, “Qara talelər” sənədli filminin bu bəlanın qurbanlarına, narkomaniyanıın insan həyatına vurduğu ağır təsirlərə həsr olunduğunu diqqətə çatdırıb. Film maarifləndirici xarakter daşıyır.Sonda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə çəkilmiş “Qara talelər” sənədli filmi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB