Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyət, fenomenal siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin ən böyük nəticəsi, quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl dövlət müstəqil Azərbaycan Respublikasıdır. Müstəqilliyin əldə olunmasının, demokratik Azərbaycan dövlətinin qurulmasının və möhkəmləndirilməsinin əsas amili tarixi şəxsiyyət olan Heydər Əliyev fenomeninin varlığı idi. Heydər Əliyev yaratdığı müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə sarsılmaz təməllərini müəyyən etmişdir. Bu gün müasir və müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Onun həyat və fəaliyyətində əlamətdar tarixlər olduqca çoxdur. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. O, 22 il Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub, 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda Sovet İttifaqının respublikaları arasında Azərbaycan bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Lakin onun rəhbərliyi dövründə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, irəli sürdüyü təşəbbüslər dayanıqlı inkişaf üçün zəmin yaratmışdır.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarn 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində cəsarətli bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Bu zaman o, Sovet rejiminin qadağalarına məhəl qoymayaraq öz həyatını təhlükə altına atmışdı. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir.
Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edən Heydər Əliyev öz prinsipial mövqeyini nümayiş etdirib.
1990-cı il iyulun 20-də doğma vətənə qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSRİ xalq və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub.
Azərbaycanın 91 nəfər ziyalısının cəsarətli müraciətindən sonra ümumxalq partiyasına sədr seçilməklə Ulu Öndər böyük siyasətə qayıtdı. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Ulu öndərin parlaq siyasi zəkası, məqsədyönlü və müdrik siyasəti ilk öncə xalqın dövlət rəhbərinə və gələcəyə olan inamını artırdı, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirib. Onun təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Heydər Əliyevin xalq qarşısındakı xidmətləri, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirib.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıına görə Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi qarşısında ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etdi. Bununla da Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımı oldu. Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli lider 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkənin ictimai-siyasi,sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli ordunun formalaşması, silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirdi, onun siyasi zəkası sayəsində ölkəmiz dünyada özünə layiqli yer qazandı.
Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" məşhur kəlamına sadiq qaldığını sübut etdi.
Günay Məmmədli,
YAP Yasamal rayonu Azərsu ASC üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB