Azərbaycan bütün dünyaya necə bir möhtəşəm zəfər qazandığını göstərdi - POLİTOLOQ DANIŞDI

Azərbaycan bütün dünyaya necə bir möhtəşəm zəfər qazandığını göstərdi - POLİTOLOQ DANIŞDI

“Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, İslam aləmi üçün əvəzolunmaz hisslər yaşatdı. Bu gün 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da bizim üçün çox qürurvericidir. Sağ olsun Vətən övladları, sağ olsun Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçiləri ki, bu hissi bizə, xalqımıza yaşatdılar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, məhz onların şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Zəfər Paradı bizim hərb sahəsində inkişafımızın dünyaya nümayiş etdiriməsində mühüm rol oynadı: “Belə ki, parad nümayiş etdirilən texnikalar baxımından da yadda qalan olmuşdur. Azadlıq meydanında keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdi. Ordumuzun maddi-texniki bazasının zənginliyini sübut edən texnika və silah-sursatın bir hissəsinin paradda əyani şəkildə nümayiş olunması ilə hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Heç şübhəsiz ki, bütün bunlar dövlətimiz tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının ən bariz təzahürüdür. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı modern döyüş texnikaları və yeni hərbi taktikalardan uğurla istifadə etdi.
Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Eləcə də Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə nümayiş olundu. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hansısa bir ölkədə keçirilən hərbi paradda qənimət kimi ələ keçirilmiş hərbi texnikaların nümayiş etdirilməsinə bəlkə də indiyədək çox nadir hallarda rast olunub. Amma Azərbaycanın Qələbəsi şərəfinə keçirilən Zəfər paradının əsas özəlliklərindən biri də bu oldu. Azərbaycan bütün dünyaya necə bir möhtəşəm zəfər qazandığını göstərdi.
Keçirilmiş qələbə paradı bütün regionumuzun gələcəyinə dair bir sıra istiqamətlərdə təsirli mesajlar verən tarixi bir hadisə oldu. Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, o heç zaman işğal faktı ilə barışmadı və öz torpaqlarını yağı düşmənin tapdağından azad etdi. Paradın ən vacib özəlliklərindən biri də heç şübhəsiz ki, Azərbaycan əsgəri və zabiti ilə yanaşı Türkiyənin əsgər və zabitlərinin də paradda iştirakı oldu. İlham Əliyev və Ərdoğanın paradı birlikdə qəbul etməsi özü də həm düşmənə jəm də beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə