Xətai rayonunda “Əbədiyaşar Lider” mövzusunda anım tədbiri keçirildi FOTO

Dekabrın 9-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirildi.

Tədbir iştirakçıları öncə Xətai rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə qızılgül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad etdilər.

YAP Xətai rayon təşkilatının qərargahında davam etdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, böyük siyasətçi, ulu öndər Heydər Əliyevin tariximizdə müstəsna yeri var: “Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində xidməti əvəzsizdir. Müasir müstəqil Azərbaycan dövlətinin varlığı dahi Liderin adı ilə bağlıdır. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan gələcək milli ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və s. bu kimi biri-birindən əhəmiyyətli addımlar müstəqillik dövründə inkişafımızın əsası oldu.”

V.Rəhimzadə bildirdi ki, bu gün Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasətinə söykənərək qüdrətli Azərbaycanı müasir şəkildə dünyaya təqdim edir: “Azərbaycan dünyanın ən aparıcı ölkələrindən birinə çevrilməkdədir. Bu gün Azərbaycan sözün həqiqi mənasında dünyanın siyasi arenasında kifayət qədər böyük nüfuza, iqtisadi qüdrətə malik olan ölkəyə çevrilibdir”.

Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, ümummilli lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi: “Həmin vaxta qədər Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı.”

R.Quluyev qeyd etdi ki, müasir müstəqil Azərbaycanın tarixində müstəsna xidmətləri olan bu dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə xalqına xidməti öz fəaliyyətinin əsas istiqaməti seçmişdi: “Azərbaycanı qüdrətli, zəngin dövlətə çevirmək, xalqın rifah halını daha da yaxşılaşdırmaq Ümummilli Liderin daim ən ümdə amalı olub. Qeyd edim ki, bugünkü Azərbaycan məhz Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır”.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin Azərbaycanın tarixi Zəfərindən bəhs edərək bu uğurumuzda da Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin əsas amillərdən biri olduğunu bildirdi: “Vətən savaşında qazanılan parlaq Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisəsidir. Bu Qələbə həm də onu göstərdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz təkcə Cənubi Qafqazın lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olmağımızla qürur duyuruq.”

Məşhur “91”lərdən biri, YAP Veteranlar Təşkilatının üzvü professor Şahlar Əsgərov çıxış edərək bildirdi ki, 1990-cı illərin əvvəllərində xalq ağır vəziyyətində Ulu Öndərə pənah gətirmişdi. Sonrakl proseslər xalqın öz seçimində yanılmadığını bir daha göstərdi .

“Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir” deyən professor Ş.Əsgərov bildirdi ki, dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən illlərlə danışmaq olar.

Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tədbirdə çıxış edərək bildirdi ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusudur: “Dünyanın liderlik zirvəsində olanlar arasında Azərbaycana 30 ildən artıq rəhbərlik etmiş, onu yüksək inkişaf səviyyəsinə qaldırmış ümummilli liderimiz Heydər Əliyevin xüsusi yeri var. Onun lider kimi cəmiyyətə və dünyaya təsiri olduqca güclü idi. Heydər Əliyev xalqının, ölkəsinin, dünyanın tarixini çox gözəl bilirdi. O bilirdi ki, hər bir xalq kimi, Azərbaycan xalqı da öz tarixi keçmişini, mədəniyyətini çox sevir. Lakin artıq XX əsrin 60-cı illərində bu sahədə ciddi unutqanlıq, yaddaşdan silinmə var idi. Məhz bunu nəzərə alan Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərliyə gələn kimi zəngin milli dəyərlərimizi, mədəniyyətimizi, incəsənətimizi, qədim tariximizi özümüzə qaytarmaq istiqamətində ciddi addımlar atdı. Ulu öndər Heydər Əliyev böyük sənaye kompleksləri yaratmaqla, kənd təsərrüfatını aqrar-sənaye kompleksinə çevirməklə bütün ölkənin sinxron inkişafını istiqamətləndirdi”.

Vaqif Abbasov vurğuladı ki, ulu öndər Heydər Əliyev ölkədə düzgün gənclər siyasətinin aparılmasını çox vacib və önəmli hesab edirdi: “Ümummilli Lider ötən əsrin 70-ci illərində rüşvətxorluğa qarşı amansız mübarizə elan etməklə gəncliyin əqidəsinə müsbət təsir etdi, onları ədalətli olmaq ruhunda tərbiyələndirdi. Minlərlə istedadlı gənci keçmiş Sovet İttifaqının ən qabaqcıl təhsil ocaqlarına oxumağa göndərməklə gələcəkdə Vətənimizi ixtisaslı kadrlarla təmin etmək işini uğurla təşkil etdi.

Heydər Əliyevin dünyanın ən fövqəldövlətlərindən biri olan SSRİ-nin rəhbərliyinə irəli çəkilməsi də onun lider kimi güclü təsir qabiliyyətinə malik olması ilə bağlı idi.”

Daha sonra ulu öndər Heydər Əliyevin fotoqrafı kimi çalışmış Rafiq Bağırov çıxış edərək dahi şəxsiyyətlə bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşdü. R.Bağırov vurğuladı ki, uzaqgörən, dahi şəxsiyyəti dövrünün digər rəhbərlərindən çox yüksək keyfiyyətləri fərqləndirirdi. R.Bağırov sonda öz şəxsi arxivindən şəkillər də nümayiş etdirdi.

Tədbirdə digər çıxış edənlər - YAP Xətai rayon təşkilatının fəallarından Turan Əliyev, 6 saylı “ASAN xidmət”in baş mütəxəssisi, Vətən müharibəsi şəhidi Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə